"Hüquq təhsili həm nəzəri, həm praktiki bilikləri əhatə etməlidir" - Ali Məhkəmənin kollegiya sədri


  • 15:26

Hüquq təhsili həm nəzəri, həm praktiki bilikləri əhatə etməlidir.

E-huquq.az xəbər verir ki, bunu Ali Məhkəmənin Mülki kollegiyasının sədri Sənan Hacıyev "LEGIS" Beynəlxalq Hüquq Forumunda deyib.

S.Hacıyev bildirib ki, hər zamankı mübahisə hüquq təhsilində nəzəriyyə, yoxsa daha çox təcrübi biliklərin aşılanmasına üstünlük verilməsi ilə bağlıdır. O qeyd edib ki, hüquq məktəbləri gələcək hüquqşünasları yetişdirməlidirsə, onlar həm də hüquq praktikasında tələb olunan bacarıqları öyrətməlidirlər. Buna görə də, hüquq təcrübəsinin etibarlı tələblərinə cavab vermək üçün hüquq təhsili zəruri praktik bacarıqlardan ayrı qala bilməz.

O vurğulayıb ki, hüquq məktəbləri müvafiq akademik təhsil olmadan yalnız peşəkar təlim təklif edən hüquq peşə məktəblərinə çevrilməməlidir: "Bu, akademik təhsil ideyasına zidd olardı. Odur ki, bu məsələdə balansın təmin olunmasına nail olunmalıdır. Hesab edirəm ki, onların kombinasiyasının uğuru ilk növbədə tədrisin mövzusunda deyil, üsulunda dəyişikliklə bağlıdır".

Kollegiya sədrinin fikrincə, müasir hüquq təhsili yaddaş əsaslı tədris modelindən istifadəni minimuma endirməlidir, yəni əzbərçiliyə əsaslanan təhsil sistemindən uzaqlaşmalıdır: "Bu model əsasən normativ aktların, maddələrin və doktrinal mövqelərin əzbərlənməsinə söykənir. Onun sözlərinə görə, bu modelin müsbət tərəfi ondadır ki, hüquq sisteminin strukturunu, terminologiyanı və normativ çərçivəni formalaşdırır. Xüsusilə məhkəmə zalında operativ qərar tələb olunan hallarda normanın dərhal xatırlanması üstünlük yarada bilər".

S.Hacıyev bildirib ki, lakin bu modelin mənfi cəhətləri çoxdur: "Müasir dövrdə hüquqi informasiya bazaları hər kəs üçün əlçatandır və hüquqşünasın dəyəri maddəni əzbər bilməsində deyil, onu düzgün tapmaq, şərh etmək və tətbiq etmək bacarığındadır. Bundan əlavə, yaddaşa əsaslanan təhsil hüquqi düşünmə, arqument qurma və interpretasiya bacarıqlarını inkişaf etdirmir".

Buna alternativ olaraq, kazuistik metodun daha praqmatik olduğunu və hüquqi problem həll etmə bacarığını formalaşdırdığını deyən S.Hacıyev bildirib: "Bu yanaşmada hüquqşünas faktları təhlil edir, strategiya seçir, sübutları qiymətləndirir və məqsədinə uyğun hüquqi vasitələri formalaşdırır. Əlbəttə ki, nəzəri bilikləri olmayan hüquqşünasın bu işin öhdəsindən gəlmə bacarığı da real olmayacaqdır".

Oxşar xəbərlər