Şəki faciəsinin ortaya çıxardığı sual: “zipline” qurğularına kim nəzarət etməlidir?


  • 11:10

Şəkidə “zipline” əyləncə qurğusundan istifadə edən iki şəxsin hündürlükdən yıxılaraq həyatını itirməsi yalnız faciəvi hadisə deyil, eyni zamanda belə əyləncə qurğularının texniki təhlükəsizliyinə dövlət nəzarətinin hüquqi mexanizmləri ilə bağlı ciddi suallar doğuran hadisədir.

Baş Prokurorluğun 10 sentyabr 2026-cı il tarixli rəsmi məlumatına görə, sentyabrın 8-də Şəki rayonunun Baş Küngüt kəndində yerləşən “Şəki yaylası” istirahət mərkəzində iki şəxs “Zipline” əyləncəsindən istifadə edərkən kanat sisteminin bərkidildiyi metal konstruksiya deformasiyaya uğrayıb. Nəticədə əsas mexaniki qurğu kanatdan çıxıb, əlavə təhlükəsizlik avadanlığı zədələnib və hər iki şəxs hündürlükdən yerə düşərək həyatını itirib.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü maddəsi - iki şəxsin ölümünə səbəb olan səhlənkarlıq üzrə cinayət işi başlanıb. Məhkəmə-tibbi və texniki-təhlükəsizlik ekspertizaları təyin edilib. Buna görə hadisənin konkret səbəbləri və ayrı-ayrı şəxslərin məsuliyyəti barədə yekun fikir söyləmək hazırkı mərhələdə düzgün olmazdı.

Lakin hadisə başqa, daha ümumi hüquqi problemi artıq gündəmə gətirib: insan həyatı üçün yüksək risk yaradan belə qurğuların istismarına kim və hansı qaydada nəzarət etməlidir?

FHN-in açıqlaması və ortaya çıxan hüquqi problem

Hadisədən sonra Fövqəladə Hallar Nazirliyi mediaya verdiyi açıqlamada mühüm hüquqi mövqe ifadə edib. Nazirliyin açıqlamasına görə, hadisənin baş verdiyi “zipline” iki stasionar dirək arasında bağlanmış buraz üzərində qurulub və istifadəçi elektrik mühərrikinin köməyi ilə deyil, öz ağırlığı, sərbəstdüşmə təcili və ətalət hesabına hərəkət edir.Məhz bu səbəbdən FHN həmin qurğunu “mexanikləşdirilmiş attraksion” hesab etmədiyini və onun təhlükə potensiallı obyektlərin siyahısına daxil olmadığını bildirib. Nəticədə belə qurğulara nəzarət FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin nəzarət sahəsinə aid edilmir.

Burada mühüm hüquqi sual meydana çıxır: Qurğunun insan həyatı üçün təhlükəlilik dərəcəsi onun mühərrikinin olub-olmaması ilə müəyyən edilməlidirmi?

Qanun nə deyir?

“Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu təhlükə potensiallı obyektlərin təhlükəsiz istismarının hüquqi, iqtisadi və sosial əsaslarını müəyyən edir.Bu rejimə daxil olan obyektlər üçün qanun kifayət qədər ciddi təhlükəsizlik mexanizmləri nəzərdə tutur.

Belə obyektlərdə istifadə edilən texniki qurğu və avadanlıqların müəyyən edilmiş tələblərə uyğunluğu qiymətləndirilməli, istismar prosesində texniki təhlükəsizlik ekspertizası keçirilməli, obyektin istismara qəbul edilməsi zamanı onun layihə sənədlərinə uyğunluğu yoxlanılmalı, istismarçı tərəfindən texniki təhlükəsizliyə daxili nəzarət təşkil edilməli və dövlət nəzarəti həyata keçirilməlidir.

Qanunun 17-ci maddəsi təhlükə potensiallı obyektlər üzərində dövlət nəzarətinin məqsədini onların istismarının texniki təhlükəsizlik tələblərinə uyğunluğunun yoxlanılması kimi müəyyən edir. Təhlükə potensiallı obyektlərin siyahısında isə “kanat yolları” və “mexanikləşdirilmiş attraksionlar” kimi obyektlər nəzərdə tutulub.

Problem məhz burada yaranır. Əgər konkret “zipline” mexanikləşdirilmiş attraksion sayılmırsa və digər kateqoriyalar üzrə də təhlükə potensiallı obyekt hesab edilmirsə, “Texniki təhlükəsizlik haqqında” Qanunun xüsusi nəzarət mexanizmləri ona şamil olunmaya bilər.

Təhlükənin mənbəyi mühərrikdirmi, yoxsa risk?

Məsələyə təhlükəsizliyin məqsədi baxımından yanaşdıqda maraqlı vəziyyət yaranır. Bir attraksion elektrik mühərriki ilə hərəkət etdikdə xüsusi texniki nəzarət predmetinə çevrilə bilər. Digər tərəfdən, insanın onlarla metr hündürlükdə polad kanatdan asılı vəziyyətdə hərəkət etdiyi qurğu yalnız cazibə qüvvəsi hesabına işlədiyi üçün həmin nəzarət mexanizmindən kənarda qala bilər.

Halbuki hər iki halda əsas hüquqi dəyər eynidir — insanın həyatı və sağlamlığı.

Texniki təhlükəsizlik qanunvericiliyinin məqsədi yalnız müəyyən mexanizmlərin fəaliyyətinə nəzarət etmək deyil, həmin mexanizmlərin yaratdığı risklərdən insanları qorumaqdır. Bu səbəbdən təhlükəli əyləncə qurğularının təsnifatında yalnız onların hərəkət üsulunun deyil, yaratdığı real riskin də əsas meyarlardan biri olması müzakirə edilməlidir.

Əsas sual: belə zipline-ı kim yoxlamalıdır?

Hadisənin ortaya çıxardığı ən mühüm məsələ budur. Əgər bu kateqoriyadan olan “zipline” FHN-in xüsusi texniki təhlükəsizlik nəzarətinə daxil deyilsə, onda aşağıdakı sualların qanunvericilikdə aydın cavabı olmalıdır: Qurğu insanların istifadəsinə verilməzdən əvvəl onun təhlükəsizliyini hansı səlahiyyətli qurum yoxlayır? Daşıyıcı kanatların, metal konstruksiyaların, bərkidici elementlərin və təhlükəsizlik avadanlığının texniki vəziyyətini kim və hansı dövriliklə yoxlamalıdır?

Məcburi yük sınaqları nəzərdə tutulurmu?

Texniki baxışın nəticələrinin sənədləşdirilməsi və xüsusi jurnalların aparılması məcburidirmi?

Əsas daşıyıcı sistem sıradan çıxdıqda insanın yerə düşməsinə imkan verməyən müstəqil ehtiyat təhlükəsizlik sistemi məcburidirmi?

Qurğunun istismarına cavabdeh şəxslər hansı peşə və hazırlıq tələblərinə cavab verməlidirlər?

Və ən əsası - bu tələblərə əməl olunmasına hansı dövlət orqanı nəzarət edir?

Əgər bu sualların cavabları müxtəlif normativ aktlara səpələnibsə, qeyri-müəyyəndirsə və ya konkret olaraq mühərriksiz “zipline” qurğuları üçün müəyyən edilməyibsə, burada normativ tənzimləmənin təkmilləşdirilməsinə real ehtiyac var.

Cinayət məsuliyyəti ilə preventiv nəzarəti qarışdırmamalıyıq

Şəki hadisəsi ilə bağlı artıq cinayət işi başlanıb. İstintaqın vəzifəsi konkret hadisənin səbəbini, qurğunun texniki vəziyyətini, istismar zamanı təhlükəsizlik tələblərinin pozulub-pozulmadığını, məsul şəxslərin dairəsini və onların hərəkət və ya hərəkətsizliyi ilə baş vermiş nəticə arasındakı səbəbli əlaqəni müəyyən etməkdir. Lakin cinayət məsuliyyəti hadisədən sonra işə düşən hüquqi mexanizmdir.

Texniki təhlükəsizlik qanunvericiliyinin əsas məqsədi isə insan öldükdən sonra məsul şəxsi müəyyənləşdirməkdən daha əvvəl - insanın ölməsinə səbəb ola biləcək təhlükəni qabaqcadan aşkar etmək və aradan qaldırmaqdır. Bu iki mexanizm arasında mühüm fərq var.

Qanunvericilikdə nə dəyişə bilər?

Şəki hadisəsi mühərriksiz, lakin insan həyatı üçün yüksək risk yaradan əyləncə qurğularının hüquqi statusunun ayrıca nəzərdən keçirilməsini zəruri edə bilər. “Zipline”, yüksək kəndir parkları və oxşar qurğular üçün risk əsaslı hüquqi yanaşmanın tətbiqi məqsədəuyğun görünür. Belə qurğular üçün ən azı istismara buraxılmazdan əvvəl müstəqil texniki ekspertiza, dövri texniki baxış, müəyyən intervallarla yük sınaqları, kanat və daşıyıcı konstruksiyaların sənədləşdirilmiş yoxlanılması, əsas sistemdən müstəqil ehtiyat təhlükəsizlik mexanizmi, texniki xidmət jurnalının aparılması və təhlükəsiz istismara cavabdeh şəxsin müəyyən edilməsi kimi tələblərin normativ səviyyədə dəqiq müəyyənləşdirilməsi müzakirə edilə bilər.

Eyni zamanda ən mühüm məsələ nəzarət səlahiyyətinin ünvanıdır. Sahibkar və vətəndaş bilməlidir ki, belə qurğunun təhlükəsizliyinə dövlət adından kim nəzarət edir.

Şəkidə baş vermiş faciənin bütün hüquqi və faktiki səbəblərini istintaq müəyyən edəcək və istintaq yekunlaşmadan hər hansı şəxsin təqsiri barədə nəticə çıxarmaq olmaz.

Lakin hadisənin artıq ortaya qoyduğu bir hüquqi sual var: İnsan həyatı üçün yüksək təhlükə yaradan əyləncə qurğusunun dövlətin xüsusi texniki nəzarət sisteminə daxil olub-olmaması onun elektrik mühərrikinin mövcudluğundan asılı olmalıdırmı?

Hüquqi tənzimləmənin əsas meyarı qurğunun necə hərəkət etməsindən daha çox, onun insan həyatı və sağlamlığı üçün yaratdığı risk olmalıdır. Çünki texniki təhlükəsizliyin ən mühüm vəzifəsi faciə baş verdikdən sonra məsuliyyət müəyyən etmək deyil, faciənin baş verməsinin qarşısını almaqdır.

İlhamə Həsənova

Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü

Oxşar xəbərlər