- 00:11
ABŞ alimləri uzun müddət oturmağın beyin quruluşuna mənfi təsir göstərdiyini kəşf edib.
E-huquq.az xəbər verir ki, Vanderbilt Universiteti, Pittsburq Universiteti və Seul Milli Universitetinin alimləri tərəfindən aparılan tədqiqatda yaşı 50-dən yuxarı olan 404 könüllü bir həftə ərzində taxılan sensorlarla izlənilib. İştirakçıların 87 faizi həftəlik tövsiyə olunan ən azı 150 dəqiqəlik məşq müddətinə əməl edib. Lakin məlum olub ki, gün ərzində daha uzun müddət oturanlarda beyin həcmində kiçilmə və koqnitiv geriləmə əlamətləri müşahidə olunub.
Xüsusilə yaddaşla əlaqəli olan hipokampus bölgəsində incəlmə müşahidə olunub. Bu bölgənin Alzheimer xəstəliyinə səbəb olan beyin bölgələrindən biridir.
Nevroloq Dr. Marissa Qoqniat bildirib ki, alzheimer riskini azaltmaq təkcə məşqlə bağlı deyil. Gündəlik oturma vaxtını azaltmaq da çox vacibdir.
Araşdırmaya görə, oturma vaxtı ilə beyin sağlamlığı arasında birbaşa səbəb-nəticə əlaqəsi qurulmasa da, hərəkətsizliyin artması ilə beyində yaşlanma prosesinin daha sürətli irəlilədiyi müşahidə edilib.
Genetik olaraq Alzheimer xəstəliyinə meylli şəxslərdə bu əlaqənin daha da güclü olduğu aşkar edilib.
Mütəxəssislər fiziki fəaliyyətin həm fiziki, həm də ruhi sağlamlığa müsbət töhfə verdiyini, kiçik bir hərəkətin belə beyni daha möhkəm edə biləcəyini bir daha xatırladıb.
Tədqiqatçılar gün ərzində uzun müddət masa arxasında oturan və ya oturaq həyat sürən fərdlərin oturma vaxtlarını azaltmaq üçün addımlar atmalı olduqlarını vurğulayırlar.
Tədqiqat beynəlxalq nüfuzlu Alzheimer's & Dementia jurnalında dərc edilib.
Şəbnəm Mehdizadə