- 17:17
Danimarkada müəllimlərə müəyyən şərtlər daxilində sinifdə nizam-intizamı qorumaq məqsədilə şagirdlərə fiziki müdaxilə etmək hüququ verilməsini nəzərdə tutan qanun layihəsi hazırlanıb.
E-huquq.az xəbər verir ki, Danimarka mətbuatının məlumatına görə, Təhsil naziri Maqnus Heunikenin gündəmə gətirdiyi layihə təhlükə yaradan, başqalarına fiziki və ya psixoloji zərər verən, əşyalara ziyan vuran və dərsin gedişini pozan şagirdlərə qarşı fiziki müdaxiləyə imkan verəcək.
Məlumata əsasən, fiziki müdaxilə yalnız son vasitə kimi tətbiq edilməlidir. Qanun layihəsinin hazırlanmasına məktəblərdə zorakılıq, aqressiv davranış və əmlaka ziyan vurma hallarının artması səbəb olub.
Nazir bildirib ki, müəllimlər insidentlər zamanı müdaxilə etməkdən çəkinməməlidirlər. Onun sözlərinə görə, təklif olunan dəyişikliklərin məqsədi məktəblərdə təhlükəsizliyi və nizam-intizamı təmin etməkdir.
Qanun layihəsinin qüvvəyə minməsi üçün Danimarka parlamentində səsverməyə çıxarılması və qəbul edilməsi tələb olunur.
Şəbnəm Mehdizadə