- 11:48
Almaniyada 16 yaşlı qıza qarşı nalayiq hərəkətlər etdiyi iddia edilən robotla bağlı iki nəfər barəsində araşdırma başlanıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Köln polisi qızın arxasınca yaxınlaşaraq onun ombasından tutduğu və ona doğru itələmə hərəkətləri etdiyi bildirilən qırmızı-qızılı rəngli robotu müsadirə edib.
Şimali Reyn-Vestfaliya polisi robotun 16 yaşlı sahibinin və onun 19 yaşlı dostunun hadisəni sosial şəbəkədə canlı yayımladığı və şərh etdiyi ehtimalının araşdırıldığını açıqlayıb.
Polisin məlumatına görə, hadisə şənbə günü gecə saatlarında şəhər mərkəzinə yaxın restoranın qarşısında baş verib. Təxminən 120 santimetr hündürlüyündə olan robot dostları ilə birlikdə dayanan qıza arxadan yaxınlaşıb. Qızın qışqıraraq uzaqlaşdığı bildirilir.
Hadisədən sonra polisə məlumat verilib. Şübhəlilər qısa müddət sonra yaxınlıqdakı küçədə aşkarlanıb. Robot isə onun sahibi tərəfindən avtomobilin arxa hissəsinə yerləşdirilmiş vəziyyətdə tapılıb.
Polis robotla yanaşı, şübhəlilərə məxsus iki mobil telefonu da müsadirə edib. Hazırda robotun hərəkətlərinin qəsdən idarə olunub-olunmadığı araşdırılır.
Polis, həmçinin hadisə ilə bağlı sosial şəbəkələrdə yayılan bəzi şərhlərin hüquqazidd xarakter daşıya biləcəyi barədə xəbərdarlıq edib.
Şəbnəm Mehdizadə