- 12:24
Yer kürəsinin fırlanma sürəti ilə müasir saatların göstəricilərini uyğunlaşdırmaq məqsədilə 1972-ci ildən tətbiq edilən “artıq saniyə” sisteminin ləğvi planlaşdırılır. Qlobal texnologiya və naviqasiya sistemlərində fasilələrə səbəb olan bu tətbiqin dayandırılması zaman ölçməsinin Yerin hərəkəti ilə tarixi əlaqəsini aradan qaldıra bilər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, beynəlxalq zaman ölçmə qurumları “artıq saniyə” tətbiqinin ləğvini nəzərdə tutan təklifi səsverməyə çıxarmağa hazırlaşır.
“Artıq saniyə” Yerin fırlanması ilə telekommunikasiya, elektrik şəbəkələri və kompüterlər kimi kritik infrastrukturlarda istifadə olunan qlobal zaman standartı arasında əlaqəni qoruyur. 1972-ci ildən bəri dünya üzrə saatlara 27 dəfə əlavə edilən bu saniyə iki fərqli zaman sisteminin uyğunlaşdırılmasına xidmət edib.
Bu sistemlərdən biri rəsədxanaların müşahidələri əsasında müəyyənləşdirilən astronomik zaman, digəri isə yüksək dəqiqlikli atom saatları ilə hesablanan Koordinasiyalı Ümumdünya Zamanıdır (UTC).
İki zaman sistemi arasında fərq yaranmasının əsas səbəbi Yerin sabit sürətlə fırlanmaması və fırlanma oxunun dəyişməsidir. Bu prosesə Ayın cazibə qüvvəsi, planetin nüvəsində baş verən dəyişikliklər, eləcə də iqlim dəyişikliyi nəticəsində qütb buzlaqlarının əriməsi və su kütlələrinin yerdəyişməsi təsir göstərir.
“Artıq saniyə” bu iki sistem arasında tarazlığı qorumaq üçün tətbiq edilirdi. İnsanlar uzun illər ərzində təqvimə əlavə olunan uzun il günlərinə öyrəşsələr də, saatlara əlavə edilən saniyələri əksər hallarda hiss etmirdilər.
Lakin qeyri-müntəzəm intervallarla əlavə olunan və cəmi altı ay əvvəl elan edilən bu saniyələr məlumat serverlərinin, yüksək tezlikli maliyyə əməliyyat sistemlərinin və dəqiq zaman ölçməsindən asılı olan digər infrastrukturların idarə edilməsində ciddi çətinliklər yaradırdı.
2012-ci ildə əlavə saniyənin tətbiqi bir sıra böyük sosial media platformalarının və aviabilet rezervasiya sistemlərinin fəaliyyətində nasazlıqlara səbəb olmuşdu. Sonuncu dəfə 2016-cı ilin sonunda əlavə saniyə tətbiq edilərkən isə bulud xidmətləri göstərən şirkətlərin müştəriləri qısamüddətli fasilələrlə üzləşmişdilər. Bu problemlər texnologiya şirkətlərinin sistemin ləğvinə çağırışlarını gücləndirmişdi.
Ölçmə standartlarını müəyyənləşdirən hökumətlərarası qurum - Beynəlxalq Çəkilər və Ölçülər Bürosuna üzv olan 69 ölkə “artıq saniyə” tətbiqinin ləğvi ilə bağlı təklifə səs verəcək. Təklif qəbul edilərsə, qərar 2027-ci ilin mayında qüvvəyə minəcək.
Atom saatları ilk dəfə təqdim ediləndə naviqasiya vasitələrinin ənənəvi üsullara əsaslanması səbəbindən astronomik zamana bağlılığın qorunması vacib hesab olunurdu. Lakin GPS texnologiyasının meydana çıxması ilə vəziyyət dəyişdi.
Beynəlxalq Çəkilər və Ölçülər Bürosunun üzvləri Koordinasiyalı Ümumdünya Zamanına keçidlə bağlı müzakirələri 20 ildən artıqdır davam etdirirlər. 2022-ci ildə keçirilən son iclasda üzv ölkələr “artıq saniyə” tətbiqinin 2035-ci ilədək mərhələli şəkildə dayandırılmasını nəzərdə tutan qərarı qəbul etmişdilər.
Son dövrlərdə isə indiyədək qarşılaşılmamış bir ehtimal müzakirələri daha da aktuallaşdırıb. Mütəxəssislərin fikrincə, yaxın gələcəkdə zamana əlavə bir saniyə artırmaq əvəzinə, əksinə, bir saniyənin çıxarılmasına ehtiyac yarana bilər.
Yerin fırlanma sürəti uzunmüddətli perspektivdə azalma meyli göstərsə də, qısamüddətli dövrdə sürətlənmə müşahidə olunur. Bu tendensiya davam edərsə, astronomik zamanla atom zamanını uyğunlaşdırmaq üçün Koordinasiyalı Ümumdünya Zamanından bir saniyənin çıxarılması tələb oluna bilər.
Belə bir addım - “mənfi artıq saniyə” tətbiqi indiyədək heç vaxt sınaqdan keçirilməyib. Buna görə də onun rəqəmsal sistemlərdə ciddi problemlər yarada biləcəyi ehtimal olunur. Bürodan bildirilib ki, kritik infrastruktur operatorları bu cür dəyişikliyə hazır deyillər.
Təklifə əsasən, atom zamanının astronomik zamandan tədricən uzaqlaşmasına icazə veriləcək. Nəticədə rəsmi zaman ölçmə sistemi Yerin fırlanma sürətindən asılı olmayacaq və saatlara əlavə saniyə daxil edilməsinə ehtiyac qalmayacaq.
Bununla belə, təklifdə atom zamanı ilə astronomik zaman arasındakı fərqin maksimum bir saatı keçməməsi tövsiyə olunur. Belə bir fərqin yaranmasının isə 3 000 ildən çox vaxt aparacağı gözlənilir.
Həmin dövrə qədər gələcək nəsillər zaman sistemləri arasındakı fərqi tənzimləmək üçün “artıq saat” tətbiqinə ehtiyac olub-olmadığına özləri qərar verə bilərlər.
Şəbnəm Mehdizadə