NASA-nın "Perseverance" aparatı Marsda məsafə rekorduna imza atıb


  • 10:53

ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) "Perseverance" adlı robotik tədqiqat aparatı Marsın səthində qət etdiyi məsafəyə görə rekord müəyyənləşdirib. 2021-ci ildə Qırmızı planetə çatan aparat indiyədək 45,22 kilometr məsafə qət edərək başqa bir planetin səthində hərəkət edən aparatların məsafə rekordunu yeniləyib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA "Perseverance" aparatının Marsdakı missiyası ilə bağlı yeni məlumat yayıb.

Bildirilib ki, avtomobil ölçüsündə olan, altı təkərli robotik aparat 2021-ci ildən bəri Marsın səthində 45,22 kilometr yol gedib. Bununla da o, başqa bir planetin səthində indiyədək qət edilmiş ən uzun məsafə rekordunun yeni sahibi olub.

Qeyd edək ki, "Perseverance" 2004-2018-ci illərdə Marsda fəaliyyət göstərmiş "Opportunity" aparatının rekordunu geridə qoyub."Opportunity" həmin müddətdə 45,16 kilometr məsafə qət etmişdi.

"Perseverance" missiyasının 2006-cı günündə yeni rekorda imza atıb. Beləliklə, aparat "Opportunity"nin təxminən 15 ilə qət etdiyi məsafəni cəmi 5,5 ilə geridə qoyub.

"Perseverance" layihəsinin rəhbəri Stiven Li bildirib ki, missiyanın ilkin planında aparatın ümumilikdə 19,96 kilometr məsafə qət etməsi nəzərdə tutulmuşdu. Lakin əldə olunan nəticə ilkin hədəfi xeyli üstələyib.

"Bütün hərəkət sistemlərinin tam işlək vəziyyətdə olması və uzunmüddətli yer sınaqlarının müsbət nəticələri"Perseverance"nin qarşıdakı illərdə bu rekordu daha da yaxşılaşdıracağına ümid yaradır", - deyə Stiven Li vurğulayıb.

NASA-nın məlumatına görə, "Perseverance"nin Marsın "Jezero" kraterinin kənarındakı tədqiqat işləri 2028-ci ilin sonunadək davam edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər