Mediatora ödənilən məbləğ geri qaytarıla bilərmi?


  • 17 Avqust 2021 14:02

Mediasiya Şurasının üzvü, mediator Natiq Məmmədov Musavat.com-a müsahibə verib. N. Məmmədov müsahibədə “Mediasiya haqqında” Qanun və tətbiq edilən yeniliklər barədə danışıb.

Müsahibəni təqdim edirik:

-Tətbiq edilən yeniliklərdən sonra hansı dəyişikliklər var? Misal üçün, artıq hər hansı bir şəxs ailə, əmək və kommersiya mübahisəsi ilə bağlı məhkəməyə gedə bilməyəcək ?

-Öncə bildirim ki, şəxs qeyd etdiyiniz işlər üzrə ilkin mediasiya sessiyasından keçməlidir. Bu zaman o, tam mediasiya sessiyasına keçərək mübahisəsini mediasiyada həll edə, ya da medisiyadan imtina edərək məhkəməyə müraciət edə bilər. Bu zaman mediator ona “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi” barədə arayış təqdim edəcəkdir. Əgər qarşı tərəf ümumiyyətlə, mediasiyaya gəlməzsə bu zaman mediator müraciət edən şəxsə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı təqdim edir. Qeyd olunan arayış olmasa məhkəmə işi icraata götürməyəcək.

-Bəs şəxs mediasiyaya getmək üçün nə etməlidir?

-Qeyd olunan sahələr üzrə ilkin medasiya sessiyasında iştirak etmək üçün şəxs qarşı tərəfə mediasiya təklifi adlanan sənədi göndərməlidir. Qeyd olunan sənədin tərtib olunma qaydası “Mediasiya haqqında” Qanunun (bundan sonra Qanunun) 21.6-cı maddəsinə göstərilib. Eyni zamanda ona daha rahat olsun deyə https://mediasiya.org/qanunvericilik/mediasiya-surasinin-senedleri keçidindən də formanı yükləyərək təklifi tərtib edə bilər. Təklifi göndərdikdən sonra onu qarşı tərəfin aldığı tarixi nəzərə alaraq 10 iş günü təklifə cavab gözlənilməlidir. Əgər təklifə cavab verilməzsə və ya imtina cavabı alınarsa, bu zaman mübahisənin aid olduğu rayonda (şəhərdə) yerləşən mediasya təşkilatına müraciət oluna bilər.

-Mediasiya təklifini şəxs istədiyi kimi tərtib edə bilərmi ?

-Əslində, yuxarıda qeyd olunan keçiddəki forma məcburi deyil. Lakin onu nəzərə alın ki, həmin forma Qanunun 21.6-cı və 22-ci maddəsindəki tələblərə tam cavab verir. Həmin tələblərə riayət edildiyi müddətə formada dəyişiklik etmək olar.

Ümumiyyətlə, təklifdə tərəflərin adları və rekvizitləri; mübahisənin predmeti; mediasiya prosesi ilə əlaqədar xərclərin ödənilməsi şərtləri və qaydası; əgər tərəflər arasında digər razılaşma yoxdursa, mediasiyanın keçirilməsinin məxfiliyi haqqında tərəflərin öhdəlikləri və həmin öhdəliyə əməl etməməyə görə məsuliyyət; Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, bu Qanuna və digər normativ hüquqi aktlara uyğun olaraq başqa şərtlər, həmçinin tərəflərin qarşılıqlı razılaşdığı mediator (mediatorlar) və ya mediasiya təşkilatı varsa, bu barədə məlumatı, olmadıqda isə bu barədə təklifləri əks etdirən məlumatı göstərilməlidir.

-Tutaq ki, mən mediasiya təklifini göndərmədən mediatora müraciət etsəm necə, işim mediasiyadan keçməyəcək?

-Belə ki, Qanunun 21.5-ci maddəsinə görə mediasiya prosesi bu Qanunun 21.6-cı maddəsində nəzərdə tutulmuş təklifin göndərildiyi andan, belə təklif olmadıqda isə bu Qanunun 28-ci və 29-cu maddələrinə nəzərdə tutulmuş hallarda tərəflərin ilkin mediasiya sessiyasında iştirak etdiyi, digər hallarda isə bu Qanunun 22-ci maddəsində nəzərdə tutulmuş “mediasiya prosesinin tətbiqi barədə müqavilə” bağlandığı andan başlanmış sayılır. Göründüyü kimi, mediasiya prosesinin başlanmasının 3 halı müəyyən edilib. Siz birbaşa mediasiya təşkilatına müraciət etdiyiniz halda mediasiya prosesi başlamış olmayacaq. Yalnız iki halda qarşı tərəflə mediasiya prosesinin tətbiqi barədə müqavilə bağlayaraq və ya birlikdə şifahi razılaşaraq, mediatora müraciət edərək ilkin sessiyada iştirak etsəniz, bu halda təklif göndərilməyə bilər.

-Hazırda heç bir mediasiya təşkilatı qeydiyyatdan keçməyib. Bu halda müraciət etmək istəyən şəxs nə etməlidir?

-Ümumiyyətlə, tərəflər fərdi qaydada fəaliyyət göstərən mediatoru yalnız qarşılıqlı razılıqla seçə bilərlər. Belə razılıq olmadıqda tərəf yalnız mediasiya təşkilatına müraciət etməli, mediatoru da mediasiya təşkilatı orada fəaliyyət göstərən mediatorların arasından təyin etməlidir. Qeyd etdiyiniz kimi hazırda qeydiyyatdan keçmiş mediasiya təşkilatı yoxdur. Ona görə Qanunun 28.4-cü maddəsinə görə bu səlahiyyəti Mediasiya Şurası icra edir. Belə ki, normada qeyd olunur ki, məhkəmə ilə eyni şəhər və ya rayonda yerləşən mediasiya təşkilatı mövcud olmadıqda və ya həmin mediasiya təşkilatında işə baxılması mümkün deyilsə, tərəflərdən hər hansı birinin müraciəti əsasında Mediasiya Şurası ilkin mediasiya sessiyasının aparılması üçün mediator müəyyən edə bilər.

-Əgər mediasiya təşkilatı və ya Mediasiya Şurası tərəfindən müəyyən edilmiş mediator şəxsi qane etməzsə bu halda nə etmək olar ?

-Qanunun 5-ci maddəsinə görə mediasiya könüllü (bu Qanunun 28-ci və 29-cu maddələri nəzərə alınmaqla) xarakter daşıyır və tərəflər mediatorun seçilməsində sərbəstdirlər. Həmin Qanunun 13-cü maddəsinə görə mediasiya zamanı tərəflər qarşılıqlı razılıq əsasında mediatoru başqa mediator ilə əvəz etmək hüququna malikdirlər. Mediator bu Qanunla müəyyən olunan mediasiya prinsipləri əsasında mediasiyanı həyata keçirə bilmədikdə dərhal özü-özünə etiraz etməlidir.

-Mediasiyada şəxsdən xərclər üçün Nazirlər Kabineti tərəfindən müəyyən edildiyi məbləğdən artıq məbləğ tələb edilə bilərmi ?

- Öncə onu qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən xərclər ilkin mediasiya sessiyası üçün müəyyən edilib. Əgər tərəflər tam mediasiya sessiyasına keçmək barədə qərar verərlərsə, bu zaman mediatorun xidmət haqqı və digər xərclər qarşılıqlı razılıq əsasında müəyyən edilir. Lakin bu zaman da nəzərə alınmalıdır ki, xidmət haqqı mediatorun müəyyən etdiyi mediasiya xərcləri, hesablanma meyarları və tərəflər arasında bölüşdürülməsi qaydası barədə məlumatdakından çox olmasın.

-Əgər şəxs qarşı tərəflə razılaşaraq tam mediasiya sessiyasına keçərsə, sonradan fikrindən daşınsa və ya tərəflə barışmasa mediator onların ödədiyi məbləği geri qaytaracaqmı ?

-Mediatora ödənilən məbləğ işin nəticəsindən asılı olmayaraq onun gördüyü işin xidmət haqqıdır. Ona görə də heç bir halda geri qaytarılmır. Yalnız mediator özü prosesi aparmaqdan imtina edərsə, bu zaman məbləğin geri qaytarılmasını müzakirə etmək olar.

-Tam mediasiya sessiyasında barışıq əldə olunmasa bu halda mediator tərəflərə məhkəməyə müraciət etmək üçün arayış verəcəkmi ?

-Tam mediasiya sessiyasında barışıq əldə olunmasa, eyni zamanda Qanunun 32-ci maddəsində qeyd olunan digər hallarda mediator səbəbini qeyd etməklə tərəflərə protokol təqdim edir. Arayış kimi protokol da tərəflərə məhkəməyə müraciət etmək üçün əsas verir.

-Yekunda tərəflə razılaşaraq barışıq sazişi bağlanarsa bu zaman onun icrası necə olacaq ?

-Ümumiyyətlə, dünya təcrübəsi onun göstərir ki, tərəflər əksər hallarda barışıq sazişini özləri könüllü icra edirlər. Amma hər bir halda əgər barışıq sazişi könüllü icra edilməzsə, bu zaman onun icrasında maraqlı olan tərəf ərizə ilə məhkəməyə müraciət edəcək, məhkəmə də 10 gün müddətində ərizəyə baxaraq, qətnamə qəbul edəcəkdir.

-Mediasiyada bəzi şəxsləri narahat edən bir neçə məqam. Onlarla bağlı sual verim. Tutaq ki, şəxs ümumiyyətlə, qarşı tərəflə müzakirəsinin gizli qalmasını istəyir. Bu, mediasiyada mümkündürmü ?

-Qanunun 8-ci maddəsinə görə tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, mediasiya qapalı keçirilir. (8.1) Tərəflər arasında ayrı şərt müəyyən edilməyibsə, həmçinin barışıq sazişinin təsdiqi və icrası məqsədilə tələb olunan hallar istisna olmaqla, mediasiya zamanı əldə olunan bütün məlumatların (o cümlədən, tərəflərdən birinin mediasiyanın həyata keçirilməsi barədə təşəbbüsü, mediasiyaya və mübahisənin mümkün həll variantına razılıq verməsi, tərəflərdən birinin və ya mediatorun mübahisənin mümkün həllinə dair rəy və ya təklifləri, mediasiya zamanı tərəflərdən birinin verdiyi bəyanatları və ya etdiyi etirafları, mediasiyanın həyata keçirilməsi məqsədi ilə tərtib olunmuş sənədlər və s.) konfidensiallığı mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən qorunur. (8.2)

-Əgər qeyd olunan məlumatların konfidensiallığı qorunmasa nə olacaq ?

-Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Mediasiya haqqında qanunvericiliyin pozulması adlı 602-2-ci maddəsinə görə mediasiya iştirakçıları və mediasiyada iştirak edən digər şəxslər tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş konfidensiallıqla bağlı qaydaların pozulmasına görə ‒ fiziki şəxslər səkkiz yüz manat məbləğində, vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər üç min manat məbləğində cərimə edilir.

-Bəs əgər digər tərəf mediatora onun xeyrinə qərar qəbul etmək üçün təsir və təzyiq etsə necə olacaq ?

-Öncə onu yadda saxlayaq ki, mediasiya məhkəmə, mediator da hakim deyil, yəni mediator mübahisə ilə bağlı heç bir qərar qəbul etmir. Bütün qərarları tərəflər özləri mediatorun köməkliyi ilə apardıqları müzakirə ilə qəbul edirlər. Əlbəttə mediator müstəqildir, qərərsizdir, mediasiya prosesinə müdaxilə yolverilməzdir.

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin Mediasiya haqqında qanunvericiliyin pozulması adlı 602-2-ci maddəsinə görə mediasiya zamanı mediatorun fəaliyyətinə müdaxilə edilməsinə görə ‒ fiziki şəxslər iki yüz manat məbləğində, vəzifəli şəxslər dörd yüz manat məbləğində, hüquqi şəxslər səkkiz yüz manat məbləğində cərimə edilir.

-Əgər mediator bu və ya digər hərəkəti ilə tərəflərə ziyan vurarsa bu zaman onun məsuliyyət məsələsi necə həll olunur?

-Qanunun 16.1 və 16.2-ci maddəsinə görə yol verilmiş pozuntunun ağırlıq dərəcəsindən asılı olaraq mediatora qarşı xəbərdarlıq; töhmət; 1 aydan 6 ayadək müddətə mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması intizam məsuliyyəti tədbirləri tətbiq edilir. İntizam məsuliyyəti mediatoru bu Qanunla müəyyən olunan vəzifələri pozması nəticəsində vurduğu zərərə görə mülki, inzibati və cinayət məsuliyyətindən, həmçinin işlədiyi mediasiya təşkilatı tərəfindən tətbiq edilən intizam məsuliyyətindən azad etmir.

-Əgər qarşı tərəf imzaladığı barışıq sazişini icra etməzsə və ya ümumiyyətlə, barışıq sazişinin icrası mümkün olmazsa bu zaman mediator hansı məsuliyyəti daşıyır ?

-Qanunun 16.4-cü maddəsinə görə mediator tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həll olunmamasına və ya barışıq sazişinin icra edilməməsinə görə məsuliyyət daşımır.

Oxşar xəbərlər