Mediator hansı hallarda Mediasiya Şurasının üzvlüyündən çıxarıla bilər?


  • 28 Sentyabr 2021 15:12

Məlum olduğu kimi, iyulun 1-dən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib. Bununla da artıq vətəndaşlar kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında məcburi şəkildə iştirak etməlidirlər. Mediasiya prosesi tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş mediatorlar tərəfindən həyata keçirilir. Bəs hansı hallarda mediatorun fəaliyyətini həyata keçirmək hüququ dayandırılır və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılır?

E-huquq.az xəbər verir ki, mediator fəaliyyətini həyata keçirmək hüququ aşağıdakı hallarda dayandırılır:

- öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;

- bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasına dair Mediasiya Şurasının qərarını yerinə yetirmədikdə (pozuntunun aradan qaldırılması üçün zəruri olan müddət nəzərə alınmaqla 1 aydan 6 ayadək müddətə);

- bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş halda.

Mediator Mediasiya Şurasının üzvlüyündən aşağıdakı hallarda çıxarılır:

- öz arzusu ilə müvafiq ərizə təqdim etdikdə;

- barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

- qanunla müəyyən edilmiş qaydada fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab olunması məhkəmə tərəfindən müəyyən edildikdə;

- vəfat etdikdə;

- məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə;

- bu Qanunun 12.2.2-ci maddəsinə uyğun olaraq ixtisasartırma kursunu müvafiq qaydada keçmədikdə;

- bir il ərzində bu Qanunun 16.2-ci maddəsində nəzərdə tutulan intizam məsuliyyəti tədbirləri azı 3 dəfə tətbiq edildikdə;

- Mediasiya Şurasının üzvlüyünə daxil olmaq məqsədi ilə təqdim etdiyi sənədlərdə və məlumatlarda sonradan düzgün olmayan məlumatlar aşkar edildikdə;

- mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırıldığı müddətin bitməsinə ən azı 1 iş günü qalmış bu Qanunla müəyyən olunan vəzifələrin pozulması hallarının aradan qaldırılmasının nəticəsi barədə Mediasiya Şurasına yazılı məlumat vermədikdə;

- üzvlük haqqını altı aydan artıq müddətdə üzrsüz səbəbdən ödəmədikdə.

Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılması və ya Mediasiya Şurasının üzvlüyündən çıxarılma Mediasiya Şurasının qərarı (bu Qanunun 17.2.7-ci, 17.2.9-cu və 17.2.10-cu maddələrinə əsasən çıxarılma isə yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qərarı) ilə həyata keçirilir və belə qərarlar qüvvəyə mindiyi tarixdən həmin mediator barəsində mediasiya reyestrində müvafiq qeydlər aparılır.

Mediator fəaliyyətini həyata keçirmək hüququnun dayandırılmasına əsas olmuş bu Qanunun 17.1.2-ci maddəsində göstərilmiş hallar aradan qalxdıqda mediatorun bu Qanunun 17.2.9-cu maddəsində müəyyən edilmiş müddət ərzində etdiyi yazılı müraciət əsasında, həmçinin bu Qanunun 16.2.3-cü maddəsində nəzərdə tutulmuş müddət bitdikdə Mediasiya Şurası tərəfindən mediatorun fəaliyyətinin bərpa olunması haqqında 5 gün müddətində qərar qəbul olunur.

Mediasiya Şurasının üzvlüyündən bu Qanunun 17.2.2-ci, 17.2.7-ci, 17.2.8-ci və 17.2.10-cu maddələrinə əsasən çıxarılmış fiziki şəxs bu qərar qüvvəyə mindiyi tarixdən 1 il keçdikdən sonra (bu Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş halda isə həmçinin məhkumluğun ödənilməsi və ya götürülməsi şərti ilə) Mediasiya Şurasının üzvlüyünə qəbul olunmaq üçün bu Qanunla müəyyən edilmiş qaydada Mediasiya Şurasına müraciət edə bilər.

Oxşar xəbərlər