"Mediasiya Şurası mürəkkəb işlərdə mediatorlara həmişə dəstək göstərir" - MÜSAHİBƏ


  • 6 May 2022 14:28

Bakı 2 saylı Mediasiya Təşkilatının mediatoru Seymur Qasımovun e-huquq.az-a müsahibəsi

Seymur müəllim, ailə mediasiyası mediasiyanın digər formalarından nə ilə fərqlənir?

- Ailə mediasiyası xüsusi diqqət tələb edən mediasiya formasıdır. Bu mediasiya növü bir çox incəliklərə malikdir. Nəzərə alsaq ki, əksər ailə mediasiya işlərində azyaşlı uşaqlar var və həmin uşaqların mənafeyini qorumaq, onların xoşbəxt uşaqlığını və gələcək həyatda maneəsiz inkişafını təmin etmək bizim hər birimizin borcudur. Mediasiyaya ailə mübahisəsi ilə bağlı müraciət edən şəxslərin azyaşlı uşaqları varsa, bu zaman, mediatorun vəzifə borcudur ki, ilk növbədə həmin uşağın gələcək inkişafı üçün çalışsın və tərəflər arasında hər hansı bir razılaşma əldə etsin. Mediasiya təşkilatına müraciət olunan məsələlərlə bağlı barışıq əldə olunmasa, tərəflər həmin məsələləri məhkəmə yolu ilə həll etməli olacaqlar və bu da onlar arasında mövcüd olan gərginliyi artıracaq və bundan da əziyyət çəkən ilk növbədə onların övladları olacaq. Eyni zamanda mediasiya işi üzrə təyin olunmuş mediator müzakirə olunan bütün məsələləri konfidensial saxlamaqla qərəzsizliyi təmin etməli olduğundan müzakirə olunan məsələlərdən kənar adamların və qohumların məlumatı olmamalıdır. Lakin onu da qeyd edim ki, yalnız ağır və xüsusi ilə ağır cinayətin üstü açılarsa, o zaman mediator bu barədə hüquq-mühafizə orqanlarına məlumat verməyə borcludur. Burada əsas məqam və mediatorun rəhbər tutmalı olduğu əsas prinsiplərdən biri tərəflər arasında olan mübahisəni daha da gərginləşdirməmək və onların barışmasına yol açan ortaq maraqları müəyyən etməkdən ibarətdir.

Mediasiyanın tərəflər üçün üstünlüyü və uğurlu nəticə əldə etmənin sirri nədir?

- Hesab edirəm ki, hər bir mediasiya işinin bir həlli variantı mövcuddur, yalnız mediator iş üzrə bu həllə nail olma yollarını müəyyən etməlidir. Həmin yollar müəyyən edildikdən sonra isə işin uğurlu nəticəsi düzgün danışıq strategiyasının qurulmasından asılıdır.

Bildiyiniz kimi, mediasiyada vaxt itkisi çox az olur, udub və ya uduzan tərəf olmur. Tərəflər mövcud problemləri barədə ortaq qərara gəlirlər, həmçinin qərarı yalnız özləri verirlər. Mənim praktikamda barışıq sazişi ilə yekunlaşmış ailə mübahisələri olub və belə sazişlərin bağlanması tərəflərin bir-birinə qarşı aqressiyası və gərginliyinin kifayət qədər azalması ilə müşayiət olunur. Hətta təcrübəmdə ailədəki münasibətlərin tamamilə həll olunması və ya ailənin yenidən bərpası yönündə irəliləyişlərə rast gəlinib.

Ailə mediasiyası zamanı qarşı tərəfin bu proses barədə məlumatlandırılması necə həyata keçirilir, xüsusilə əgər tərəflərdən biri xaricdə müvəqqəti və ya daimi yaşayırsa?

“Mediasiya haqqında” Qanuna əsasən, Mediasiya Şurasına və ya təşkilata müraciət edən şəxs qarşı tərəfin faktiki yaşayış ünvanını, mobil nömrəsini qeyd etməli və həmin iş üzrə təyin olunmuş mediator tərəflərə ilkin mediasiya sessiyasının keçirilməsi barədə bildiriş göndərməlidir. Həmin bildirişdə ilkin mediasiya sessiyasının keçirilmə vaxtı, saatı, ünvanı və mediator barədə məlumatlar, yəni əlaqə nömrəsi və mediatorun ünvanı qeyd olunmalıdır. Bildiriş tərəflərə ilkin mediasiya sessiyasının keçirilməsindən ən azı beş gün qabaqcadan çatdırılmalıdır. İlkin mediasiya sessiyası barədə bildiriş təqdim edildikdən sonra tərəflər və ya onlardan biri ilkin mediasiya sessiyasında iştirak etmədikdə və ya iştirak etməkdən yazılı şəkildə imtina etdikdə, mediator sessiyada iştirak edən və etməyən tərəfləri qeyd etməklə “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” ilə bağlı arayışı həmin şəxslərə təqdim edir və xitam protokolu tərtib edir. Əgər bildiriş göndəriləcək şəxs ölkə xaricində yaşayırsa, onun xaricdə yaşadığı ünvan üzrə bildiriş göndərilir və vaxt nəzərə alınır. Bəzi hallarda müraciət edən şəxs qarşı tərəfin ölkə xaricində olduğu barədə məlumatsız olur. Belə hallarda isə yuxarıda qeyd olunan arayış təqdim olunur, o arayışa əsasən tərəf məhkəməyə müraciət edir və mübahisəyə məhkəmədə baxılır.

Seymur müəllim, mediasiyada barışığın əldə olunmasına nə dərəcədə nail olursunuz?

Mediator olaraq 2021-ci ilin sentyabr ayında fəaliyyətə başlamışam. Fəaliyyətə başladığım ilk vaxtlarda iş prosesi və ailə mübahisələri mənə çox çətin gəlirdi. Zaman keçdikcə işimə olan marağım artdı və işlərimdə barışıqların sayı çoxalmağa başladı. Bəzən müraciət edən şəxslərlə danışıqlar aparıb onlardan ayrıldıqdan sonra həmin şəxslər öz aralarında barışığa gəliblər. Düzdür, həmin işlərdə barışıq sazişi imzalamasaq da, onların sonradan barışması mənə stimul verib. Bu günədək ailə mübahisələri ilə bağlı 7 iş üzrə tərəflərə ilkin mediasiya sessiyasından sonra zəng vurduğum zaman artıq barışdıqlarını bildirib və işə xitam verilməsini istəyiblər. Əlbəttə ki, bu sevindirici və qürurverici bir haldır. Mediasiya işini sevirəm və bilirəm ki, mən bu işdə faydalı ola bilərəm. Mediasiya Şurası və mediasiya təşkilatı konfidensiallığı təmin etməklə, yəni tərəflərin adlarının sirr olaraq saxlanılması və işin mahiyyətinin izah edilməməsi şərtilə mürəkkəb işlərdə mediatorlara həmişə dəstək göstərir, bu sahədə daha böyük təcrübəyə malik insanlar tərəfindən bizə məsləhətlər verilir.

Bəs ailə mediasiyasında insanları hansı xərclər gözləyir?

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli, 308 nömrəli Qərarı ilə təsdiq edilmiş qaydalara əsasən ailə münasibətləri üzrə ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilməli rüsumun məbləği 50 manatdır. Əlavə olaraq qeyd edim ki, razılıq əldə edilmədiyi halda tərəf məhkəməyə müraciət edərkən həmin qəbzi təqdim edir və ödənilmiş rüsum məbləğində məhkəmə rüsumundan azad olunur. Tam mediasiya sessiyasına keçdiyimiz zaman əlavə xidmət haqqı mediatorun və tərəflərin qarşılıqlı razılığına əsasən müəyyən edilir. Həmçinin qarşılıqlı razılıqla ödənilən məbləğ tərəflərin razılığına əsasən onlar arasında bölünə bilər.

Xəyalə Bünyatova

Oxşar xəbərlər