- 11:17
"Bu gün Azərbaycan Respublikasında süni intellekt sahəsində həyata keçirilən siyasət dövlətin rəqəmsal inkişaf strategiyasının mühüm tərkib hissəsini təşkil edir".
E-huquq.az xəbər verir ki, bu fikirləri Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev “Süni İntellekt Dövründə İnsan Hüquqları: İmkanlar, Risklər və Məsuliyyətlər” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Sammitində səsləndirib.
Sədr bildirib ki, süni intellekt texnologiyalarının tətbiqində başlıca meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir:
"Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası” ölkəmizdə bu sahənin inkişafına dair vahid strateji baxışı müəyyən edib. Strategiyada süni intellekt ekosisteminin formalaşdırılması, innovasiyaların təşviqi, yüksəkixtisaslı kadr potensialının gücləndirilməsi, müasir infrastrukturun yaradılması, məlumat təhlükəsizliyinin təmin edilməsi və etik-hüquqi çərçivənin təkmilləşdirilməsi əsas prioritetlər kimi müəyyən edilib. Bu sənəd yalnız texnoloji tərəqqiyə yönəlmiş proqram xarakterli sənəd deyil, eyni zamanda insan hüquqlarının, şəffaflığın, hesabatlılığın və insan nəzarəti prinsipinin qorunmasını əsas götürən müasir idarəetmə fəlsəfəsinin təzahürüdür. Bu baxımdan Strategiya Azərbaycanın qlobal rəqəmsal transformasiya proseslərinə inteqrasiyasını təmin etməklə yanaşı, süni intellektin insan mərkəzli, təhlükəsiz və məsuliyyətli inkişafı üçün möhkəm hüquqi və institusional zəmin yaradır. Bu baxımdan, süni intellekt texnologiyalarının tətbiqində başlıca meyar insan hüquqlarının prioritetliyinin təmin edilməsidir. İnsan hüquqlarına təsir edən hər bir texnoloji mexanizm qanunçuluq, legitim məqsəd, proporsionallıq və hüquqi müəyyənlik prinsiplərinə uyğun fəaliyyət göstərməlidir" - deyə F.Abdullayev əlavə edib.
Onun sözlərinə görə, bu gün beynəlxalq hüquqi praktikada “alqoritmik ədalət”, “rəqəmsal hüquqlar” və “məlumatların konstitusion müdafiəsi” kimi anlayışların formalaşması heç də təsadüfi deyil:
"Bu, klassik insan hüquqları institutunun rəqəmsal dövrün tələblərinə uyğun yeni hüquqi məzmun qazandığını göstərir. Müasir hüquq sistemləri qarşısında duran əsas vəzifələrdən biri texnoloji inkişaf ilə fundamental hüquqlar arasında balansın təmin edilməsidir. Süni intellekt məhkəmə sistemində də böyük imkanlar yaradır. Məhkəmə praktikasının sistemləşdirilməsi, hüquqi məlumat bazalarının təhlili və məhkəmə xidmətlərinin əlçatanlığının artırılması baxımından bu texnologiyalar faydalı vasitə ola bilər. Bununla yanaşı, nəzərə alınmalıdır ki, ədalət mühakiməsinin mahiyyəti yalnız texniki prosedurlarla məhdudlaşmır. Onun əsasında hüquqi təfəkkür, vicdan, daxili inam və insan hüquqlarının mahiyyətinin düzgün qiymətləndirilməsi dayanır. Buna görə də süni intellekt hakim mülahizəsini və insan faktorunu tam əvəz edə bilməz".