- 28 İyun 15:34
Cəmiyyətdə bəzən belə fikir formalaşır ki, məhkəməyə göndərilən hər bir cinayət işi mütləq məhkumluqla nəticələnir. Əslində isə məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticəni sadəcə təsdiqləmək deyil, iş üzrə həqiqəti müəyyən etməkdir. Məhkəmə hökmü yekun məhkəmə qərarlarından biridir. Bununla belə, hər məhkəmə araşdırması hökm çıxarılması ilə bitmir. Məsələn, müəyyən edilərsə ki, şəxs cinayəti anlaqsız vəziyyətdə törədib və ya sonradan anlaqsız olub, həmin şəxs barəsində məcburi tibbi xarakterli tədbirlərin tətbiqinə dair qərar qəbul edilə bilər. Azərbaycan qanunvericiliyinə əsasən iki növ məhkəmə hökmü mövcuddur: ittiham hökmü və bəraət hökmü.
E-huquq.az xəbər verir ki, bunu Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov müsahibəsində deyib.
Həmin müsahibəni təqdim edirik:
- Hansı hallarda ittiham hökmü çıxarılır?
- İttiham hökmü o zaman çıxarılır ki, məhkəmə araşdırması zamanı şəxsin təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilsin. Burada vacib bir məqamı qeyd etmək lazımdır. Məhkəmə işlərə tərəflərin bərabərliyi prinsipi əsasında baxır. Yəni ittiham tərəfi hansı hüquqlara malikdirsə, müdafiə tərəfi də eyni hüquqlara malikdir. Hər iki tərəf sübut təqdim edə, vəsatətlər qaldıra və öz mövqeyini müdafiə edə bilər. Bəzən belə düşünülür ki, təqsirləndirilən şəxs özünü təqsirli bildikdə iş artıq həll olunmuş sayılır. Lakin qanunvericilik fərqli yanaşma müəyyən edir. Şəxsin etirafı yalnız digər sübutlarla təsdiq olunduğu halda ittihamın əsası kimi qəbul edilə bilər. Başqa sözlə, təkcə etiraf ittiham hökmü çıxarılması üçün kifayət etmir. Məhkəmə araşdırmasının əsas məqsədlərindən biri də irəli sürülmüş ittihamın qanuna uyğun olub-olmadığını yoxlamaqdır. Bəzən istintaq orqanı şəxsin əməlini daha ağır cinayət kimi qiymətləndirə bilər. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilir ki, həmin əməl əslində daha yüngül cinayət tərkibi yaradır. Məsələn, şəxsə narkotik vasitələrin satış məqsədilə əldə edilməsi ilə bağlı ağır ittiham verilə bilər. Lakin məhkəmə araşdırması zamanı satış məqsədinin və ya digər şəxslərlə əlbirliyin sübut olunmadığı müəyyən edilərsə, əməl daha yüngül maddə ilə tövsif edilə bilər. Eyni vəziyyət dələduzluq cinayətləri üzrə də yarana bilər. İstintaq zamanı müəyyən edilmiş zərərin məbləği məhkəmə araşdırması zamanı fərqli qiymətləndirilə və nəticədə daha yüngül məsuliyyət nəzərdə tutan maddə tətbiq edilə bilər. Bu nümunələr göstərir ki, məhkəmə araşdırması formal prosedur deyil. Məhkəmə təqdim edilmiş bütün sübutları müstəqil şəkildə qiymətləndirir və obyektiv həqiqətin müəyyən edilməsinə çalışır.
- Məhkəmə şəxsi daha ağır cinayətdə təqsirli hesab edə bilərmi?
- Bu sual tez-tez verilən suallardan biridir. Qanunvericiliyə görə, məhkəmə öz təşəbbüsü ilə şəxsə qarşı irəli sürülmüş ittihamı ağırlaşdıra bilməz. Məsələn, şəxsə qəsdən adam öldürmə cinayəti üzrə ittiham irəli sürülüb. Məhkəmə araşdırması zamanı müəyyən edilir ki, əməldə daha ağır cinayət tərkibinin əlamətləri mövcuddur. Buna baxmayaraq, məhkəmə özü həmin şəxsi daha ağır cinayətdə təqsirli hesab edə bilməz. Belə bir məsələ yalnız dövlət ittihamçısının və ya qanunla nəzərdə tutulmuş hallarda zərərçəkmiş şəxsin müvafiq vəsatəti əsasında müzakirə oluna bilər. Bu yanaşmanın məqsədi müdafiə hüququnun təmin edilməsi və məhkəmənin tərəfsizliyinin qorunmasıdır.
- Hansı hallarda bəraət hökmü çıxarılır?
- Bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləyə əsasən bəraət hökmü aşağıdakı hallarda verilə bilər:
- cinayət hadisəsi olmadıqda;
- şəxsin əməlində cinayət tərkibi olmadıqda;
- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.
Bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab olunur. Məsələn, şəxs oğurluq cinayətində ittiham oluna bilər. Lakin məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır. Burada vacib bir məqamı da qeyd etmək lazımdır. Məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik şəkildə təsdiqləmək deyil. Məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun nəticəyə gəlir.
Bəzi hallarda məhkəmə araşdırması zamanı müəyyən edilir ki, məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verilib, şəxslərin hüquqları pozulub və ya prosessual tələblərə lazımi qaydada əməl olunmayıb. Belə hallarda məhkəmə təkcə iş üzrə qərar verməklə kifayətlənmir. Zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması üçün məsul şəxslər barəsində tədbir görülməsi məqsədilə xüsusi qərar da çıxara bilər.
Eyni zamanda qeyd etnık lazımdır ki, bəzən şərti məhkumetmə ilə bəraət hökmü qarışdırılır. Əslində isə bunlar tamamilə fərqli anlayışlardır. Şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi nəticəsinə gəlir. Yəni şəxs tam şəkildə təqsirsiz hesab edilir. Qanunvericilik həmçinin tələb edir ki, bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına alan hər hansı ifadədən istifadə olunmasın.
- Məhkəmə hökmünün hüquqların bərpasında əhəmiyyəti barədə nə deyə bilərsiniz?
Məhkəmə hökmü qanuni qüvvəyə mindikdən sonra onun nəticələri dərhal tətbiq olunmalıdır. Əgər şəxs bəraət alıbsa və ya azad edilməlidirsə, bu qərar dərhal icra olunmalıdır.
Hökmün nəticəsində:
- şəxs həbsdən azad edilə bilər;
- əmlak üzərinə qoyulmuş həbs ləğv oluna bilər;
- xüsusi müsadirə tədbirləri aradan qaldırıla bilər;
- mülki iddia rədd edilə bilər;
- qanunsuz cinayət təqibi nəticəsində vurulmuş zərərə görə kompensasiya almaq hüququ yarana bilər.
Bu gün artıq həmin kompensasiyaların ödənilməsi ilə bağlı formalaşmış məhkəmə təcrübəsi də mövcuddur.