Ali Məhkəmənin hakimi təqaüdə çıxdı


  • 15 Sentyabr 2021 14:22

2021-ci il sentyabrın 14-də Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Gündüz Quliyevin təqaüdə yola salınması münasibətilə tədbir keçirilib.

E-huquq.az xəbər verir ki, tədbiri giriş sözü ilə açan Ali Məhkəmənin sədri Ramiz Rzayev qeyd edib ki, təqaüdə yola salınan hakim Gündüz Quliyev 2000-ci ildən məhkəmə sistemində hakim kimi fəaliyyət göstərib. O, 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə Ali Məhkəmənin hakimi təyin olunub.

Gündüz Quliyev şərəfli ömür yolu keçib, hakim adını həmişə uca tutub.

Ali Məhkəmənin sədri bildirib ki, hakim müstəqil və ədalətli olmalıdır, şəffaf fəaliyyət göstərməlidir. Elə fəaliyyət göstərməlidir ki, cəmiyyətin məhkəmələrə olan inamı daim artsın.

Tədbirdə çıxış edənlər təqaüdə yola salınan hakim Gündüz Quliyevə uzun müddət ədalət mühakiməsini yüksək səviyyədə həyata keçirdiyinə görə təşəkkür edərək, ona mənalı istirahət arzulayıblar.

Təqaüdə yola salınan hakim Gündüz Quliyev hakim adını iyirmi ildən artıq qürurla daşıdığına, qanunun aliliyinin təmin olunmasında iştirakına görə özünü rahat və xoşbəxt hiss etdiyini ifadə edib. Ali Məhkəmədə işlədiyi dövrün onun həyatında xüsusi bir səhifə olduğunu vurğulayan Gündüz Quliyev burada yaradılan səmimi və işgüzar şəraitə, ona göstərilən diqqət və qayğıya görə dövlətə, Azərbaycan Respublikasının Prezidentinə və Ali Məhkəmənin rəhbərliyinə təşəkkür edib.

***

Ali Məhkəmənin hakimi Quliyev Gündüz Ağababa oğlu 65 yaşının tamam olması ilə əlaqədar təqaüdə çıxıb.

E-huquq.az-ın məlumatına görə, G. Quliyev 1992-ci ildən məhkəmə sistemində çalışıb. 2013-cü ilin avqustunda isə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunub.

Oxşar xəbərlər