- 20 May 19:33
“İşin obyektiv həllinə xidmət edən vəsatətlər hakimlər tərəfindən təmin edilir. Lakin təəssüf ki, bəzi vəkillər kortəbii şəkildə vəsatətlər verirlər və onun təmin edilməsini istəyirlər”.
Bunu e-huquq.az-a açıqlamasında Bakı Ağır Cinayətlər Məhkəməsinin sədr müavini, hakim Əfqan Hacıyev məhkəmələr tərəfindən vəsatətlərinin baxılmamış saxlanması, heç bir əsaslandırma olmadan rədd edilməsi barədə vəkillərin şikayətinə münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, bəzi vəkillər vəsatət qaldırarkən konkret hallara istinad etmir: "Məsələn, vəkil əlavə şahid qismində kiminsə məhkəmədə dindirilməsini istəyir. Qanunvericiliyin tələbinə görə, şəxsin əlavə şahid qismində dindirilməsi üçün onun adı, soyadı, ünvanı, hansı halların müəyyən olunması üçün ifadə verməsi vəsatətdə əsaslandırılmalıdır. Lakin bəzi vəkillər bu tələbləri yerinə yetirmirlər. Hakim də həmin vəsatətin rədd edilməsini qanunvericiliyin tələbinin yerinə yetirilməməsi ilə əsaslandırır.
Yaxud xüsusi ağır cinayət törətmiş şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı və ya həbslə əlaqədar olmayan qətimkan tədbiri ilə əvəz olunması barədə vəsatət qaldırılır. Hakim təbii ki, bunu təmin edə bilməz. Bu, həmin şəxsin ağır cinayət törətməkdə təqsirləndirilməsi ilə əsaslandırılır. Məlumdur ki, həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsaslar olmalıdır. Təqsirləndirilən şəxsin verdiyi ifadə, digər iş materialları araşıdırılıb sona çatmalıdır. Doğrudan da şəxsin cinayət törətməsi sübut olunmasa, məhkəmə təbii ki, ona bəraət verəcək. Buna görə də qaldırılan vəsatət ümumi yox, konkret fakta söykənməlidir".
O, vəsatətlərin baxılmamış saxlanması hallarına da toxunub. Əfqan Hacıyev deyib ki, bu tip vəsatətlərin məhkəmə baxışında həlli mümkün deyil: "Bəzən məhkəmə vəsatətdə qoyulan məsələlərin həlli üçün lazım olan hallar ortaya çıxana kimi onu baxılmamış saxlayır. Bu o demək deyil ki, həmişəlik baxılmamış qalır. Qanunvericilikdə nəzərdə tutulmuş hallarda vəsatət baxılmamış saxlanıla bilər. Ola bilər ki, vəsatət vaxtında verilməyib. Məhkəmənin hazırlıq iclasında hansı məsələlərə baxılması qanunvericiliklə müəyyən olunub. Cinayət Prosessual Məcəlləsinin 303.3 maddəsində nəzərdə tutulan hallar varsa, cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verilir və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılır. Qanunvericilikdə nəzərdə tutulmuş hallar yoxdursa, iş məhkəmə baxışına gəlir. Müdafiəçi hazırlıq mərhələsində vəsatət verə bilərdi ki, bu işdə filan hallar var ki, 303-cü maddənin təsiri altına düşür və ona görə də qaytarılmalıdır. Ancaq bunu etmir, hazırlıq dövründə vəsatət vermir. Məhkəmə baxışı başlayanda deyir ki, xitam verilsin, ibtidai istintaqa qaytarılsın. Bu vəsatət artıq məhkəmə baxşında həlli mümkün olmayan vəsatətdir. Onun həlli ancaq hazırlıq mərhələsində mümkün idi. Ona görə də məhkəmə vəsatətin baxılmamış saxlanılması barədə qərar qəbul edir və həmin qərar protokola əlavə edilir. Bu zaman müdafiəçi dərhal qərarın surətini tələb edir. Halbuki, protokolla tanış olduqda vəsatətin baxılmamış saxlanılması ilə əlaqədar halları da orada görəcək".
Ə.Hacıyev bəzi hallarda müşavirə otağına getmədən vəsatətlərin təmin edilməməsi ilə bağlı ittihamlara da münasibət bildirib: "Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinə əsasən, qərarların müşavirə otağında çıxarılması üçün 4 hal nəzərdə tutulub. Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi və ya onun dayandırılması, qətimkan tədbirinin seçilməsi, dəyişdirilməsi və ya ləğv edilməsi, etirazlar və ekspertizanın təyin edilməsi barədə qərar müşavirə otağında çıxarılır. Məhkəmə baxışı zamanı qəbul edilən bütün digər qərarlar məhkəmənin mülahizəsinə görə hakimlərin müşavirəsindən sonra məhkəmə iclasının protokoluna daxil edilməklə, yerində çıxarıla bilər. Yəni, müşavirə otağına getmədən də hakimlərlə müzakirə edilə və yerində qərar elan edilə bilər".
Xəyalə Bünyatova