İnzibati məhkəmə icraatının aktual problemləri


  • 20 May 2022 11:00

Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsə hüquq və azadlıqlarının inzibati qaydada, eləcə də məhkəmədə müdafiəsinə təminat verilir (maddə 60).

«Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 03.04.2019-cu il tarixli Fərmanı ədalət mühakiməsinin təkmilləşdirilməsi işinin müasir çağırışlara uyğun yeni mərhələdə təşkilini, hüquqların məhkəmə müdafiəsinin güclənməsini şərtləndirib.

Azərbaycanın dinamik inkişaf mərhələsi insan hüquqlarının müdafiəsi sahəsində həyata keçirilməkdə olan islahatların davam etdirilməsini diqtə edir. Perspektivdə Azərbaycan Respublikasının normativ hüquqi aktlarının insan hüquqlarına dair mövcud beynəlxalq standartlara uyğunlaşdırılması, beynəlxalq səviyyədə hüquq müdafiə təşkilatları ilə əməkdaşlığın davam etdirilməsi və genişləndirilməsi, dövlət orqanlarının fəaliyyətinin vətəndaş məmnunluğu baxımından təkmilləşdirilməsi, elmi-analitik fəaliyyətə dövlət dəstəyinin təmin edilməsi, hüquqi maarifləndirmə işinin daim diqqət mərkəzində saxlanılması, dövlətlə vətəndaş cəmiyyəti arasında etibarlı mühitin yaradılması kimi vəzifələr müəyyən edilir.

İnsan hüquqlarının məhkəmə müdafiəsi beynəlxalq hüquqda müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi kimi qəbul olunur. Azərbaycan Respublikasının Konstitusiyası və “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası təcrübədə həyata keçirilən hüququn səmərəliliyinə təminat verməyə istiqamətlənmişdir. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci hissəsinə əsasən “hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir”.

Hər kəs məhkəməyə iddia ərizəsi ilə müraciət etdikdə, ona məxsus qanunla qorunan maddi hüquqlarının cavabdeh tərəfindən pozulmasının məhkəmələr tərəfindən prosessual hüquq normalarının tətbiq edilməsi yolu ilə qarşısının alınacağına ümid edir. Bəzi hallarda, hər hansı səbəbdən məhkəmələrdə iddia tələblərinin əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa zərurət yaranır.

Mülki hüquq nəzəriyyəsində, cinayət hüququndan fərqli olaraq, “təqsirlilik prezumpsiyası” mülki məsuliyyətin əsas prinsiplərindən biri kimi qəbul edilir. Mülki məsuliyyətin əsas prinsipi kimi təqsirlilik prezumpsiyasına, subyektiv hüquqların həyata keçirilməsində və qanuni mənafeləri pozulmuş mülki hüquq münasibətləri iştirakçılarının müdafiəsi ilə bağlı sosial-hüquqi problemlərin həllində əsas kimi istinad olunur. Ölkəmizin əmək qanunvericiliyində Qanunverici təqsiri maddi məsuliyyətin yaranmasının vacib şərti kimi göstərməklə, təqsirin sübuta yetirilmə vəzifəsinin kimin üzərinə qoyulması məsələsini müəyyən etmişdir. Tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar (AR Əmək Məcəlləsinin 192-ci maddəsinin II hissəsi). Beləliklə, işəgötürənin və işçinin birinin digərinə vurduğu ziyana görə maddi məsuliyyəti ilə bağlı məsələlərdə qanunvericilikdə təqsirlilik prezumpsiyası prinsipi nəzərdə tutulmuşdur. Həmin prinsipə əsasən işəgötürən öz təqsirsizliyini sübuta yetirə bilmədiyi hallarda təqsirli sayılır (Azərbaycan Respublikası Əmək Məcəlləsinin 239-cu maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15.07.2011-ci il tarixli Qərarı).

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin I Fəslində təsbit olunmuş əsas qaydalara əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. (mad. 9). Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (mad.77.1). Qanunverici iddiaçının işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlı olduğunu imperativ norma ilə müəyyən etmiş, eyni zamanda məhkəmə baxışı zamanı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırılmasını tələb kimi qoymuşdur (MPM-i mad.53). Göründüyü kimi, mülki prosessual qanunvericilkdə iddiaçı üçün tanınan hüquqlar bu məqsəd üçün kifayət qədər əsaslı olduğu halda, belə hərəkətlərin edilməsi cavabdehin iradəsinə tabe edilməmişdir.

İnzibati məhkəmə icraatında iddianın əsasının və ya predmetinin dəyişdirilməsi, iddia tələbinin həcminin artırılması və ya azaldılması mülki iddia icraatından fərqlənir.
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ölkə ərazisində 01.01.2011-ci il tarixdən hüquqi tənzimləmə vasitəsi kimi qanunvericilik aktlarına əlavə edilmişdir .

“İnzibati icraat haqqında” Qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Qanunun müəyyən etdiyi qaydalara inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsasları, prinsipləri və prosedur qaydaları daxildir. İnzibati icraat müddətində inzibati aktın qəbul edilməməsinin nəticəsi olaraq maraqlı şəxs məhkəməyə müraciət edə bilər (maddə 66).

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsində inzibati məhkəmə icraatı zamanı çəkişmə (kontradiktor icraat) prinsipi (maddə 15.1) iddiaçıya öz iddiasını dəyişdirmək hüququnu müəyyən edir.

İPM-nin 54.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır.

Göründüyü kimi, Qanunverici iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa müəyyən şərtlər əsasında iddiaçıya haqq verir.

Misal: İddiaçı xüsusi icazənin (lisenziyanın) alınması ilə bağlı müvafiq səlahiyyətli qurumuna müraciət etmiş və ona müəyyən səbəbləri əsas gətirərək imtina edilmişdir. Sonradan imtina məktubunda göstərilən hallar müraciət edən şəxs tərəfindən aradan qaldırılsa da xüsusi icazənin verilməsini səlahiyyətli orqan məqsədəuyğun hesab etməmişdir. İddiaçı ona imtina məktubunda qeyd olunan halları əsas tutaraq cavabdehin üzərinə müəyyən öhdəlik qoyulması (məcburetmə) tələbinə dair iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edir. Bu dəfə cavabdeh iddiaçıya imtina məktubunda göstərdiyi əsasları deyil, tamamilə başqa faktiki halları təsvir edərək məhkəməyə iddia ərizəsinə etiraz təqdim edir. İcraat mərhələsində cavabdeh iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa, İPM-nin 54.1-ci maddəsinə əsaslanaraq razılıq vermir. İddianın dəyişdirilməsi üçün İPM-in 54-cü maddəsində təsbit edilmiş mümkünlük şərtlərinin mövcudluğu da onunla nəticələnir ki, hüquqi mübahisənin predmeti yalnız yeni tələbdən ibarət olur və bu zaman iddianın dəyişdirilməsi məsələsindən başqa, onun mümkünlüyü və əsaslı olub-olmaması məsələsini yoxlamaq lazım gəldiyindən məhkəmə çox vaxt mümkünlük şərtlərini (mad. 35.3) əsas tutaraq cavabdehin əks mövqeyinə uyğun qərardad qəbul edir. Mübahisə edilən hüquq münasibətində üçüncü şəxsin iştirakının xarakteri inzibati məhkəmə icraatının tərəfləri və həmin üçüncü şəxs barəsində vahid qərarın qəbul olunmasını şərtləndirdiyi hallarda, həmin şəxs iştirakçı kimi inzibati məhkəmə icraatına mütləq cəlb edilməlidir (zəruri cəlbetmə) (İPM-i mad. 28.2). Bu zaman, mübahisə edilən hüquq münasibətində prosesə zəruri cəlb edilmiş üçüncü şəxsin mövqeyi ilə iddiaçının məhkəmə araşdırmasında meydana çıxmış yeni tələbinin də üst üstə düşməsi səmərə vermir. Baxmayaraq ki, iddianın dəyişdirilməsinə zərurət bilavasitə subyektə görə (üçüncü tərəfin prosesə daxil olmasına görə) təzahür etmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair” 01/2022 saylı 17.02.2022-ci il tarixli Qərardadında inzibati məhkəmə icraatında üçüncü şəxslərin iştirakının məqsədi ilə əlaqədar Məhkəmənin mövqeyində həmçinin qeyd olunmuşdur ki, İPM-in 46.2-ci maddəsində təsbit edilmiş prosesin tezləşdirilməsi ilə bağlı prinsipə və İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinə, eləcə də onunla bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququna əsasən, məhkəmələr icraatlarında olan işləri ağlabatan müddətlərdə (İPM-də nəzərdə tutulmuş konkret müddətlərdə baxılmalı olan işlər istina olmaqla) yekunlaşdırmaq vəzifəsi daşıyırlar. Bu mənada, üçüncü şəxslərin prosesdə iştiraka qoşulması işin hallarını daha tez müəyyənləşdirməyə imkan verərək, həm də məhkəmə mübahisələrinin ağlabatan müddətlər çərçivəsində mümkün qədər sürətli yekunlaşdırılmasına səbəb olur.

Göründüyü kimi, inzibati orqan cavabdeh tərəf kimi prosesə cəlb edilərkən, diskresion səlahiyyətlərdən çıxış edərək daha çox manevr etmək imkanlarına malikdir və bu hüquq ona inzibati məhkəmə icraatında üstünlük yaradır. İddianın dəyişdirilməsi ilə mübahisə doğuran məsələlər də həll olunacaqsa və bu nəticə cavabdehin qeyri qanuni mövqeyinin sübut olunması ilə nəticələnəcəksə, onda cavabdeh tələblərin dəyişdirilməsinə etiraz etməklə inzibati məhkəmə icraatının onun xeyrinə yekunlaşdırılmasına nail olacaq. Beləliklə, bir tərəfdən MPM-nin 54-cü maddəsinin təsirindən irəli gəlmiş mümkünlük şərtləri, digər tərəfdən cavabdehin iddianın dəyişdirilməsinə etiraz etmək hüququ iddiaçının, eləcə də üçüncü şəxsin ədliyyəyə əlçatımlığını məhdudlaşdırır. Məhdudiyyətin qanuniliyini qiymətləndirərkən AİHM ədalət mühakiməsinə çatımın demokratik prinsip qismində vacibliyini nəzərə alır. Qanuni məhdudiyyət: 1) qanuni məqsəd daşımalı; 2) həmin məqsədə mütənasib olmalı; 3) hüququn mahiyyətinə xələl gətirməməlidir. (AİHM, Kiyevska Polşaya qarşı, Ərizə № 73002/01, 6 sentyabr 2007-ci il, 46-cı bənd.)

Problemin həlli məqsədilə, şəffaf bürokratik aparatı olan, korrupsiyaya qarşı preventiv mübarizədə səmərəli nailiyyətlər əldə etmiş ölkələrin təcrübəsindən istifadə edilməsi fayda gətirə bilər. Beynəlxalq təcrübəyə əsaslanaraq dövlət orqanlarının fəaliyyətlərinin təqsirlilik prezumpsiyası prinsipinə keçirilməsi inzibati məhkəmə icraatına da böyük töhvə vermiş olar. Bu istiqamətdə dəyişiklik qanunvericilik aktlarında öz əksini taparsa, dövlət idarəetmə strukturlarının intizamı əhəmiyyətli dərəcədə möhkəmlənər və xarici investisiyanı daha çox cəlb etməklə ölkə iqtisadiyyatının inkişafına böyük təkan vermiş olar.

Əfqan Orucov

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər