"Konstitusiya Məhkəməsi cinayətin subyektinə qanunda nəzərdə tutulmamış əlamətlər əlavə edir"


  • 25 İyun 2022 16:20

Cinayət subyektinin əlamətləri cinayət qanununda dəqiq, aydın, birmənalı ifadə edilmiş əlamətlərə malik olmalıdır.

1) "Hüququ olmayan şəxs" və "hüququ müvəqqəti məhdudlaşdırılmış şəxs" anlayışlarının arasına "eyniyyət" işarəsi qoyula bilərmi?

Yarımbaşlığa çıxarılmış sual anlayışların həcm və məzmun baxımından münasibətlərini aydınlaşdırmağa, yəni bu münasibətlərin “eyniyyət” (formal məntiqin “eyniyyət” qanunu baxımından) təşkil edib-etməməsinin müəyyənləşdirilməsinə yönəlib. Sadə sualdır və cavabı da bir o qədər sadədir. Mətndən (adlardan) açıq-aydın görünür ki, anlayışların məzmunu eyni deyil. Həcmə gəldikdə də, bu anlayışların tamamilə fərqli subyektləri əhatə etməsi aşkar görünür. Sadə bölünmə sxeminə nəzər salaq. "Şəxslər" anlayışı iki növə bölünür: "hüququ olan şəxslər", "hüququ olmayan şəxslər". Bu birinci səviyyəli bölünmədir. Burada "hüququ müvəqqəti məşdudlaşdırılmış şəxslər"ə yer yoxdur. O, bölünmənin ikinci səviyyəsində yer alacaq. Çünki, mənaca "hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər" yalnız "hüququ olan şəxslər" anlayışının bölünməsindən hasil ola bilər. Deməli, o, heç bir halda "hüququ olmayan şəxslər" anlayışının bölünməsi məhsulu ola bilməz.

Beləliklə, "hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər" anlayışı ilə "hüququ olmayan şəxslər" anlayışı

A) daha iri həcmli anlayışların bölünməsinin nəticəsində əldə edilən anlayışlardır;
B) bu anlayışlar müxtəlif səviyyəli bölünmənin məhsullarıdır (1-ci və 2-ci səviyyəli bölünmə);
C) 1-ci anlayış 2-ci anlayışla "kontradikt" (bir-birini istisna edən ziddiyyət) münasibətdə olan anlayışın (hüququ olan şəxslər) bölünməsi məhsuludur;
D) "kontradikt" münasibət həm də "hüququ olmayan şəxslər" və "hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslər" anlayışlarının qarşılıqlı münasibətlərini xarakterizə edir.

2) Konstitusiya Məhkəməsi cinayətin subyektinə əlavə, cinayət qanununda nəzərdə tutulmamış əlamətlər əlavə edir.

Bu girişi təqdim etməyə zərurət Konstitusiya Məhkəməsi Plenumunun "“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair" 19 may 2022-ci il tarixli qərarının mahiyyətini düzgün dərk etmək istəyindən qaynaqlanır. KM hüquqşünasları (həm də məntiq sevənləri) növbəti dəfə "heyran" edib. Qərardan oxuyuruq: "hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir". Nəticə hissəsinin 1-ci bəndi məhz belə sonuclanır.

Hüquqşünasları kənara qoyaq və yoldan keçən istənilən bir şəxsdən soruşaq: olmayan şeyi məhdudlaşdırmaq olarmı? Təbii ki, cavab birmənalı və aydın olacaq: yox, olmaz. KM isə deyir ki, nəinki "olar", hətta "olmalıdır". Özü də bu, şəxslərin cinayət məsuliyyətinin ağırlaşdırılmasına səbəb olmalıdır.
Belə şərhə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələbləri" ilə haqq qazandırmaq, fikrimcə, KM-nin nüfuzuna yaraşmır. Qərar sıradan bir qərar deyil. KM-nin qəbul etdiyi qərarların hər biri özlüyündə əhəmiyyətlidir. Lakin dialektika deyir ki, onlar də təsnifatlaşdırmaya məruz qalırlar. Bu baxımdan qeyd edilən qərarı xüsusi çəkisi olan qərarlar sırasına daxil etmək lazımdır. Çünki, bu qərara əsaslanıb təqsiri hüquqa, məntiqə, ədalətə əsaslanmayan insanlar cinayət məsuliyyətinə cəlb edələcəklər. CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli olan şəxslər daha ağır - CM-nin 263-1-ci maddəsi ilə məsuliyyətə cəlb ediləcəklər.

Sonuncu maddənin adı belədir: "Maddə 263-1. Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma". Diqqət edin: "hüququ olmayan şəxs tərəfindən". CM-nin 3-cü maddəsində (Maddə 3. Cinayət məsuliyyətinin əsasları) vurğulanır ki, "Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır".

Bu o deməkdir ki, CM-nin 263-1-ci maddəsi ilə məsuliyyəti yalnız "hüququ olmayan şəxs"lər cəlb edilə bilər; "hüququ məhdudlaşdırılan şəxslər" isə cəlb edilə bilməzlər. Dilimiz o qədər zəngindir ki, təmas zamanı söhbətin predmetinin konkretləşdirilməsində heç bir çətinlik yaratmır. Hər bir halda, Azərbaycan dilinin imkanları "hüququ olmayan şəxs"ləri "hüququ məhdudlaşdırılan şəxslər"dən fərqləndirməyə kifayət edərdi. Görünür, iradənin məzmunu belə olub. Dilin heç bir günahı yoxdur.

Nazir Bayramov,

Hüquqşünas

Oxşar xəbərlər