- 8 May 21:45
Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşov "Cəmiyyətdə hüquq düşüncəsinin formalaşması" adlı məqalə yazıb.
E-huquq.az-ın redaksiyasına göndərilən məqaləni təqdim edirik:
Azərbaycan Respublikasının Konstitusiyasının 7-ci maddəsinin I hissəsinə görə Azərbaycan dövləti demokratik, hüquqi, dünyəvi, unitar respublikadır. Yəni bu o deməkdir ki, cəmiyyətdə bütün məsələlər, ictimai münasibətlər, yaranmış kazus və situasiyalar hüquqla tənzimlənir və hüquqi normalarla həll edilir.
Təbii ki, gündəlik ictimai həyatımızda yaranmış və meydana çıxan ictimai münasibətlərin tənzimlənməsi üçün cəmiyyətdə savadlı hüquqşünaslara ehtiyac yaranır. Praktik hüquqşünaslar dövlət və ictimai həyatın müxtəlif sahələrində münasibətlərin tənzimlənməsi və ya hüquq normalarının yaranması və tətbiqində ya birbaşa iştirak edir, ya da həmin normaların həyata keçməsi və pozulmuş hüquqların müdafiəsində vətəndaşlarımıza yardımçı olmaqla vasitəçilik edir. Beləliklə də cəmiyyətdə meydana çıxan və baş verən hadisələr və proseslər hüquqla tənzimlənir.
Hüquq münasibətlərinin tənzimlənməsində praktik və peşəkar hüquqşünasların yardımı ilə cəmiyyətimiz, yəni əhalinin müxtəlif təbəqələri də iştirak edir. Bura paytaxt, şəhər və regionlarda yaşayan sakinləri aid etmək olar. Paytaxt və iri şəhərlərdə yaşayan əhali daha savadlı və ictimai münasibətlərin tənzimi prosesində daha praktik və təcrübəli olduğundan baş verən proseslərin hüquqla nizama salınmasında daha aktiv iştirak edir və hüquqi problemlərin həllini daha asan şəkildə həyata keçirə bilirlər.
Regionlarda və ucqar yerlərdə yaşayan sakinlərin adət-ənənələri və məsələlərə baxış bucağı fərqli olduğundan, həmçinin hüquq sahəsində daha az biliyə malik olduqlarından məsələlərin hansı qaydada tənzimlənməsindən məlumatları olmur. Bu da dolayısı ilə məsələlərin qeyri-hüquqi yolla həllinə və problemin daha da böyüməsinə səbəb olur. Belə olan halda regionda fəaliyyət göstərən vəkil və hüquqşünaslardan məsləhət və hüquqi yardım almaq zərurət olur.
Məlumdur ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən vəkillərin sayının artırılması, xüsusən regionlarda vəkillərin sayının artırılması istiqamətində mühüm islahatlar aparılır və bu sahəsə irəliləyişə nail olunub. Lakin bölgələrdə hələ də vəkillərin, xüsusilə gənc vəkillərin sayının nisbətən az olması, bəzi orta yaşlı və yaşlı vəkillərin isə bəzən hüquqi yeniliklərə maraq göstərməməsi və qanunvericilikdəki yeniliklərdən xəbərdar olmaması hüququn tətbiqində problemlər yaradır.
Bəzəm vətəndaşlar vəkil qonorarının yüksək olmasını əsas gətirərək hüquq xidməti göstərən “nümayəndələr”ə müraciət edirlər. Həmin nümayəndələrin bir çoxunun isə hüquq təhsili olmadığından vətəndaşları yanlış istiqamətdə yönəldirir və problemlərin daha da çıxılmaz vəziyyətə düşməsinə səbəb olurlar. Düzgün olmayan və perspektivi olmayan iddiaların verilməsi isə həmin iddiaların rədd edilməsinə, vəziyyətin daha da çıxılmaz hala gəlib çıxmasına və məsələnin həlli imkanlarının itirilməsinə gətirib çıxarır.
Regionlarda mülki və inzibati məhkəmələrdə işlərin sayının çoxluğu bəzən dövlət qurumları və dövlət orqanlarının səlahiyyətli şəxslərinin kifayət qədər biliyə və təcrübəyə malik olmaması, qanunları səhv təfsir və tətbiq etməsindən qaynaqlanır. Tam şəkildə sahəni və hüquq normalarını bilən və ona riayət edən vəzifəli şəxslərin fəaliyyəti məhkəmə işlərinin daha da az olması və məhkəmənin işlərlə əsassız yüklənməsinin qarşısını alar.
Bütün bunları nəzərə alaraq hesab edirəm ki, bölgələrdə vəkillərin, xüsusilə gənc, vəkillərin sayı artırılmalı, onların daim təlimlərə cəlb edilməsi və ixtisasının artırılması istiqamətində işlənilməlidir. Çünki məhz təcrübəli və peşəkar vəkillərin sayəsində vətəndaşlar hüquqi cəhətdən maariflənir və düzgün hüquqi istiqamətə yönləndirilir.
Həmçinin hesab edirəm ki, dövlət orqanlarının səlahiyyətli şəxsləri də öz üzərlərində çalışmalı, mütəmadi olaraq qanunvericiliyi öyrənməli və normativ-hüquqi yeniliklərdən və İKT innovasiyalarından xəbərdar olmalıdırlar. Belə ki, hər bir səlahiyyətli və vəzifəli şəxs məsələnin həllinə maraq göstərsə və məsələni hüquqi cəhətdən yerində həll etmək üçün bütün imkanlardan istifadə etsə, məsələ məhkəməyəqədərki mərhələdə öz həllini tapar və vətəndaşların məhkəməyə müraciət etməsinə zərurət qalmaz.
Bundan başqa, ölkəmizdə bank, bank olmayan kredit təşkilatları və məişət əşyaları satan iri mağazalar şəbəkələri vətəndaşın maddi imkanları və gəlir mənbələrinin olmasını araşdırmadan əksər hallarda müxtəlif məbləğlərdə kredit və ya nisyə alqı-satqı müqaviləsi ilə çoxlu miqdarda məişət əşyalarını az miqdarda ilkin ödəniş etməklə vətəndaşların sahiblik və istifadəsinə, yaxud mülkiyyətinə verirlər ki, bu da son nəticədə vətəndaşın heç bir ödəniş etməməsi və məsələnin məhkəmə müstəvisində müraciətlə öz həllini tapmasına nail olur.
Hesab edirəm ki, regionlarda hüquqşünas olmayan və hüquq təhsili olmayan şəxslər əhali və vətəndaşlara hüquq xidməti göstərməməli və ya belə xidmət göstərilməsinə buraxılmamalıdır. Onlar mütləq VÖEN almaqla sahibkarlıq subyekti kimi vergi uçotuna alınmalı, bu məsələyə vergi xidmətinin əməkdaşları tərəfindən ciddi nəzarət edilməli, həmin şəxslər fiziki və ya hüquqi şəxs kimi vergi uçotuna alınarkən mütləq qaydada hüquqşünaslıq istiqamətində ali təhsili olmalı (magistr təhsili olması arzuolunandır), hətta hüquq stajı da tələb edilməlidir. Çünki hansısa aqronom və baytarın özünü hüquqşünas kimi təqdim etməsi və cəmiyyəti yanlış yönləndirməsi, cəmiyyətdə dövlət və hüquq sistemi barədə mənfi rəy yarada və cəmiyyət-dövlət münasibətlərinin əsaslarını zədələyə bilər.
Bəzi hallarda həmin şəxslər qarayaxma kompaniyası apararaq heç bir sübuta əsaslanmayan ayrı-ayrı dövlət orqanları, onların vəzifəli şəxsləri, hüquq-mühafizə və məhkəmə orqanları, hakimlər barədə əsassız və qərəzli fikilər irəli sürürlər ki, bu da yolverilməzdir. Düşünürəm ki, məhkəmələr və hakimlər barədə qərəzli və düzgün olmayan fikirlər yayanlar və əhalidə mənfi təəssürat oyadan şəxslər xəbərdar edilməli və qanunla məsuliyyət daşımaları onların nəzərinə çatdırılmalıdır. Çox təəssüf ki, vətəndaşlar da çox vaxt həmin “nümayəndə”lərə inanaraq səhv addım atır və ya təxribata sövq edilirlər. Bu isə özü ilə bir sıra başqa problemlər gətirir.
Hesab edirəm ki, cəmiyyətdə hüquq düşüncəsinin formalaşması üçün dövlət orqanları, hökumət və qeyri-hökümət təşkilatları, eyni zamanda kütləvi informasiya vasitələri davamlı olaraq maarifləndirici tədbirlər, layihələr həyata keçirməlidirlər. Bölgələrdə tez-tez konfranslar, dinləmələr, görüşlərin keçirilməli və bu kimi tədbirlərlə əhali hüquqi cəhətdən maarifləndirilməlidir.
Bu baxımdan, son zamanlar Vəkillər Kollegiyası tərəfindən yerlərdə və bölgələrdə pulsuz hüquqi yardım aksiyalarının təşkili çox müsbət haldır və bu aksiyaların daha intensiv keçirilməsi məqsədəuyğundur.
Eyni zamanda düşünürəm ki, hüquqi problemlərlə qarşılaşıb onların həlli yolunda təcrübə qazanan vətəndaşlar da digər vətəndaşlara ən azı bu haqda məlumat verməlidirlər. Belə ki, əgər vətəndaşın hüququ pozularsa və ya bir işi məhkəmə yolu ilə həll edilərsə, ən azı həmin şəxs digər qohum, dost, tanış və yoldaşlarına bu haqda məlumat verməli və digər şəxsləri də maarifləndirməlidir ki, başqa şəxslər də problemin gələcəkdə necə həll olunacağını bilsin.
Belə ki, praktikada rast gəlirik ki, vətəndaş doğulur, yaşa dolur, orta təhsil alır, ailə həyatı qurur, uşaqları doğulur, hətta vəfat edir, ancaq vətəndaşın ömür boyu doğum, nikah, uşaqlarının doğumu və hətta ölüm şəhadətnaməsi olmur. Bu isə sənədlərə qarşı hüquqi səhlənkarlıq və laqeydlik deməkdir. Şəxsin doğumu, nikahı, övladlarının anadan olması və ölümündə qeydiyyatın aparılaraq müvafiq şəhadətnamə alması elementar bilgidir və bu sahədə dərin savada ehtiyac yoxdur. Bəzi vətəndaşlarımız bu elementar bilgilərdən də məhrumdur ki, bu da sənədləşmənin vaxtında aparılmasında problemlər yaradır və məhkəmə sistemini işlərlə yükləyir. Vətəndaş doğum haqqında şəhadətnamə almadıqda şəxsiyyət vəsiqəsi də ala bilmir və nəticədə şəxsiyyət vəsiqəsiz yaşamaqla digər sənədləşmələrdən və sənəd əməliyyatlarından da məhrum olur.
Hətta praktikada o hallara da rast gəlirik ki, vətəndaş digər vətəndaşın yaşadığı ev və torpağın ona məxsus olmasını iddia və zənn edərək onun evinə silah və ya müxtəlif vasitələrlə hücum edir və ona xəsarət yetirib şəxsi oradan çıxarmaq istəyir. Yalnız məhkəmədə onunla aparılmış profilaktik söhbət və maarifləndirmədən sonra vətəndaş məhkəməyə müraciət etməli olduğunu anlayır. Çünki artıq dördüncü sənaye inqilabının olduğu dövrdə belə hallarla qarşılaşmaq insanda təəccüb və təəssüf doğurur.
Bütün bunlar bəzi hallarda bəzi regionlarda və bölgələrdə bir sıra vətəndaşlarımızın hüquqi biliyinin zəif olmasından irəli gəlir. Ona görə də vaxtında hüquqi cəhətdən maariflənməli, qanunvericiliyi öyrənməli, tətbiq etməli, qaydalara riayət və əməl etməliyik. Çünki qanunvericilik hər kəs üçün nəzərdə tutulub və ona riayət edilməsi hər kəsin vəzifəsidir.