Vəkil: "Cinayət mühakimə icraatı zamanı mülki iddialara baxılmasını təqsirsizlik prezumpsiyasına zidd hesab edirəm"


  • 9 Oktyabr 2023 16:52

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinə (bundan sonra CPM) əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia verilməsi də tənzimlənir. İlk əvvəl qeyd edək ki, CPM-in 89.1-ci maddəsində qeyd edilir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Məcəllə həm də mülki iddianın kimlərə qarşı qaldırılmasını mümkün hesab edir. CPM-də qeyd olunur ki, cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir.

Burada əsas problemli məsələ təqsirləndirilən şəxsin əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslə bağlı yaranır. Belə ki, həmin şəxslər özləri bir çox hallarda həmin cinayət işi üzrə zərərçəkmiş eyni zamanda da mülki iddiaçı kimi tanına bilir. Belə olan halda şəxsin eyni iş üzrə həm mülki iddiaçı (ittiham tərəfi), həm də mülki cavabeh (müdafiə tərəfi) kimi tanınması mümkün olur. Bu isə təbii ki, mümkün olmayacaq.

Digər tərəfdən, İnsan Hüquqlarının və Əsas Azadlıqlarının Müdafiəsi Haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 2-ci bəndində göstərilir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə görə hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz.

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasina dair" 29 yanvar 2004- cü il tarixli Qərarında göstərilirki, “təqsirləndirilən şəxsin özünə qarşı ifadə verməyə məcbur edilə bilməməsinə dair konstitusiya norması ədalətli məhkəmə baxışını, fərdin azadlıq konstitusiya hüququnu, təqsirsizlik prezumpsiyasını, şəxsi toxunulmazlığı təmin edən mühüm təminatlardan biridir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur.

Qeyd etmək lazımdır ki, CPM-də mülki iddiaçının öz mülki iddiasını əsaslandırmaq üçün sübutlar təqdim etmək hüququ var. Təqsirləndirilən şəxsin isə həm həmin statusda, eyni zamanda da mülki cavabdeh kimi həmin sübutların tədqiqində iştirak etmək hüququ yaranır. Bu isə dolayısı ilə həmin şəxsin özünü ən azından mülki cavabdeh kimi iddianın əsassızlığını sübut etmək öhdəliyində qoyur. Həmin şəxsin bu formada dilemma qarşısında qoyulması isə təqsirsizlik prezumpsiyası ilə uzlaşmır.

Digər tərəfdən CPM-in 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə üçün məcburidir. MPM-nin 82.4-ci maddəsinə əsasən isə, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir.

Mülki mühakimə icraatı zamanı verilmiş mülki iddiaya baxılması üçün qanuni qüvvəyə minmiş hökm olmadığı halda mülki iddia ilə bağlı araşdırma aparılması təqsirsizlik prezumpsiyasını pozacaq. Belə ki, heç bir qanuni qüvvəyə minmiş hökm olmadan araşdırmanın aparılması məhkəmənin qərəzsizliyinə kölgə salmış olacaq. Həmçinin şəxs barəsində bəraət hökmü çıxmış olsa belə (xüsusən əməldə cinayət tərkibinin olmamasının qeyd edilməsi) həmin cinayət işi üzrə mülki iddianın əsaslılığını yoxlamaq üçün müəyyən edilmiş sübutlar sonradan mülki məhkəmə icraatı zamanı digər şəxsi əlverişsiz hala salacaq və tərəflərin mülki prosesdə bərabərliyi prinsipi ilə uzlaşmayacaq. Bu baxımdan düşünürəm ki, cinayət mühakimə icraatı zamanı mülki iddiaya baxılması aradan qaldırılmalıdır. Həm də nəzərə alsaq ki cinayət işlərinə bu sahədə ixtisaslaşmış məhkəmələr baxır onların mülki işlərə baxması da doğru deyil.

Həmçinin mülki iddia hissəsində verilmiş şikayətlər cinayət mühakimə qaydasında baxılan işin uzadılmasına gətirib çıxarır.

Anar Mövsümoğlu

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər