Xuliqanlıqda təqsirləndirilən MMA döyüşçülərinin məhkəməsi başlayıb


  • 13 İyun 14:22

MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və tələbələri - Xəzər Rüstəmov, Vüqar Kərəmov, Rüfət Əsədov, həmçinin Tofiq Musayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

E-huquq.az-ın məlumatına görə, Səbail rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Ruslan Əfəndiyev və Tofiq Musayevin vəkilləri müdafiə etdikləri şəxslərin əməllərində cinayət tərkibi olmadığı üçün işə bəraətverici əsaslarla xitam verilməsini istəyiblər.

Həbsdə olan idmançılar məhkəmədən ev dustaqlığına buraxılmalarını istəyiblər. Onların vəkilləri bu barədə vəsatətlərini məhkəməyə təqdim ediblər.

Vüqar Kərəmovun vəkili vəsatətinə əlavə edərək deyib ki, bu yaxınlarda Vüqarın birinci Qarabağ müharibəsində itkin düşən dayısının nəşi tapılıb. Amma müvəkkili həbsdə olduğu üçün nə dəfndə, nə digər mərasimlərində iştirak edə bilib. Vəkil qətimkan məsələsinə baxılarkən bu nüansa da diqqət yetirilməsini xahiş edib. Ruslan Əfəndiyevin vəkili isə müvəkkilinin 86 yaşlı xəstə anasının olduğunu bildirərək vəsatətinin təmin olunmasını xahiş edib.

Bundan əlavə, vəkillər məhkəmə istintaqının qapalı keçirilməsini istəyiblər. Təqsirləndirilən şəxslər də müdafiəçilərini dəstəkləyiblər.

Prokuror Müslüm Şahmarov cinayət təqibinə xitam verilməsi və həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün əsas olmadığını bəyan edib. Məhkəmənin qapalı keçirilməsi ilə bağlı vəsatətə isə “konsitutitsiyaya görə hər kəsin məlumat almaq hüququ var”, - deyə münasibət bildirərək qərarı məhkəmənin mülahizəsinə buraxıb.

Hakim qaldırılan bütün vəsatətlərin əsasız olunduğundan rədd edildiyini elan edib.

Məhkəmənin baxış iclası iyunun 24-ə təyin edilib.

Qeyd edək ki, idmançılar Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən və ya təkrarən xuliqanlıq törədildikdə) maddəsi ilə ittiham olunurlar. Cinayət hadisəsi Səbail rayonu ərazisində baş verib. İttihama görə, idmançılar "Rizin" Döyüş Federasiyasının paytaxtda təşkil etdiyi turnirlə bağlı toplaşarkən dava düşüb. Davada idmançı Həsən Əzizov döyülüb.

Orxan Rasifoğlu

Oxşar xəbərlər