Deputat "Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə"yə ediləcək dəyişikliklərin mahiyyətini açıqladı


  • 2 Oktyabr 2023 21:10

"Heç kimdə şübhə yoxdur ki, bu gün müasir Azərbaycan polisi serjantından generalına, sıravisindən nazirinə qədər, tam tərkibdə xalqına, dövlətinə və Müzəffər Ali Baş Komandanına əsl sədaqət nümunəsi olan xidmət ortaya qoymaqdadır. 90-cı illərin hərc-mərclik dövründən fərqli olaraq Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsi ilə qrup məqsədlərindən və siyasi oyunlardan tamamilə azad olan Azərbaycan polisi bu gün istisnasız olaraq insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət, qanunçuluq, humanistlik və təkbaşçılıq prinsipləri əsasında Azərbaycanın bütün bölgələrində qanunvericiliklə üzərinə qoyulan vəzifələri ləyaqətlə icra etməkdədir. Bu gün, eyni zamanda Azərbaycan polisinin həm də artıq Xankəndidə, Xocavənddə, Ağdərədə, Xocalıda Müzəffər Ali Baş Komandanın yaratdığı reallıqları qanı-canı ilə qorumasına qürurla şahidlik edirik. Müasir dövrdə bütün sahələrdə olduğu kimi, polisin fəaliyyətinin təməlində dayanan qanunvericiliyin də təkmilləşdirilməsi günün reallığıdır. Möhtərəm Prezidentin imzası ilə Parlamentə daxil olan qanun layihələri də ilk növbədə bu rakursdan baxış tələb edir".

E-huquq.az xəbər verir ki, bu sözləri deputat, Milli Məcıisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

O bildirib ki, “Polis haqqında” Qanunda edilməsi təklif olunan dəyişiklik 2 maddədə 3 sözü ifadə edən kiçik bir layihədir: "Bildiyiniz kimi, hazırda Azərbaycanda bütün xüsusi təyinatlı təhsil müəssisələrində təhsil alanlar "kursant" adlansa da, daxili işlər orqanlarının təhsil müəssisələrində təhsil alan şəxslər “müdavim” adlanır. Qanunda təklif olunan dəyişikliklə vahid yanaşmaya nail olunması məqsədilə daxili işlər orqanları üçün kadr hazırlayan təhsil müəssisələrində təhsil alan şəxslərin digərləri kimi "kursant" adlandırılması nəzərdə tutulur.
DİO-da kadr hazırlığı sahəsinin hüquqi tənzimlənməsi məqsədilə hazırlanan digər qanun layihəsi isə “Daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”yə dəyişikliyi nəzərdə tutur və 3 istiqamətdə yeniliyi ehtiva edir.

İlk növbədə nəzərdə tutulur ki, DİO-nun kadrlarının hazırlanması cari Əsasnamədə əks olunsun və bu məqsədlə sənədə yeni bir fəsil əlavə edilir.
İkincisi, təklif olunur ki, 18 yaşı tamam olmuş kursantlar və dinləyicilər həm müvafiq təhsil proqramlarının tərkib hissəsi kimi, həm də ixtisas üzrə təcrübənin keçilməsi məqsədilə DİO-nun üzərinə qoyulan vəzifələrin yerinə yetirilməsinə cəlb edilsin".

Deputatın sözlərinə görə, əsas yenilik isə ondan ibarətdir ki, kursant DİO-nun xüsusi ali təhsil müəssisəsində təhsili başa vurduqdan sonra 7 il müddətində polis orqanlarında xidmət keçmək barədə öhdəlik götürəcək: "Bu məqsədlə bakalavr səviyyəsində əyani təhsilalma formasına qəbul ediləcək şəxslərlə xidmət keçmə haqqında müqavilə imzalanacaq. Müqavilədə kursantın hazırlanması ilə bağlı nəzərdə tutulan xərclərin məbləği əvvəlcədən qeyd edilir, kursant da öhdəlik götürür ki, təhsilini öz arzusu ilə yarımçıq qoyarsa, yaxud təhsili başa vurduqdan sonra DİO-da çalışmaq istəməzsə, yaxud 7 ildən tez öz arzusu ilə xidmətdən xaric olunarsa, onun hazırlanmasına çəkilən xərclərin əvəzini geri ödəməlidir. Bu, kifayət qədər hüquqi və ədalətli yanaşmadır. Çünki təhsil aldığı 4 illik periodda kursantın bütün xərcləri, yemək, yataq, geyim, müalicə ən yüksək səviyyədə dövlət hesabına təmin olunur. Həmçinin kursantlar hərbi xidmətə çağırılmır və hərbi qeydiyyatdan çıxarılaraq DİN-də xüsusi qeydiyyata alınır".

B.Məhərrımov qeyd edib ki, Azərbaycanda digər qurumlarda artıq analoji təcrübə mövcuddur: "Məsələn “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunla Azərbaycan Ordusu, DQ və DTX-də xüsusi təyinatlı ali təhsil müəssisələrini bitirən hərbi qulluqçular üçün məcburi xidmət öhdəliyi 10 ildir. Hazırda DSX-nin zabitləri üçün də aidiyyəti layihə nəzərdən keçirilir.

Eyni zamanda oxşar təcrübə dünyanın bir çox dövlətlərində var, məsələn Avropanın 10-dan artıq ölkəsində, o cümlədən ABŞ-də mövcud öhdəlik 8 ildir, qardaş Türkiyədə 8 illik öhdəliyi nəzərdə tutan analoji qanunvericilik təcrübəsi mövcuddur.

Yəni bu gün dünya mövcud təcrübəyə fərdin hüquqları ilə dövlət maraqlarının uzlaşdırılması rakursundan yanaşır və artıq on illərdir ki, bu mexanizm özünü doğruldaraq normal formada işləyir. Üstəlik mövcud layihə ilə ümumi qəbul olunan müddətdən daha az zaman kəsiyində, cəmi 7 il məhdudlaşdırıcı öhdəlik nəzərə tutulduğu üçün kifayət qədər humanist hesab olunmalıdır".

Oxşar xəbərlər