Vəkillər Kollegiyasının sədri: Şəhərsalmada inklüziv inkişaf yalnız hüquqi əsaslarla mümkündür


  • 19:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə 2026-cı il ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan edilib. Bu qərar ölkəmizin gələcək inkişaf modelində şəhərsalma və memarlığın mərkəzi mövqe tutduğunu, milli mühitin formalaşmasında hüququn, estetik dəyərlərin və sosial məsuliyyətin vəhdətini təsdiqləyir.

“Şəhərsalma və Memarlıq İli” çərçivəsində həyata keçirilən layihələr yalnız binaların və infrastrukturların inşası deyil, həm də insan mərkəzli şəhər mühitinin formalaşdırılması, ekoloji tarazlığın qorunması, habelə sosial ədalətin habelə davamlı və inklüziv inkişafının təmin olunması və hüququn aliliyinin daha da güclənməsi deməkdir.

E-huquq.az xəbər verir ki, bu barədə Vəkillər Kollegiyasının sədri Anar Bağırov məlumat verib.

O qeyd edib ki, şəhərsalmada davamlı və inklüziv inkişaf modeli müasir şəhərsalma siyasətinin əsas sütunlarından biridir. Bu model əsasında qurulan şəhərlərdə iqtisadi səmərəlilik, sosial bərabərlik və ekoloji balans bir-biri ilə uzlaşır. Belə bir inkişaf tendensiyası da yalnız hüquqi əsas üzərində mümkün ola bilər.

“Hüquqi təminat dedikdə biz yalnız qaydalar toplusunu nəzərdə tutmuruq; burada hüququn ədalət, şəffaflıq və hesabatlılıq prinsipləri də əsas rol oynayır. Hər bir vətəndaşın şəhər mühitində təhlükəsiz, sağlam və bərabər şəraitdə yaşamaq hüququ var. Bu hüquqların qorunmasında vətəndaş cəmiyyəti institutları da mühüm rol oynayır. Burada vətəndaş cəmiyyətinin mühüm institutlarından biri olan Azərbaycan vəkilliyinin də özünəməxsus yeri var.

Əgər bir şəhərdə vətəndaşın evinin yanında park əvəzinə qanunsuz tikili ucalırsa, əgər şəhər planlaşdırılmasında ekoloji prinsiplər pozulursa və ya sosial təbəqələr arasında xidmət bərabərliyi təmin olunmursa, bu zaman hüquqi ədalət də pozulur. Davamlı inkişaf isə yalnız hüquqla, ədalətlə və şəffaf idarəetmə prinsipləri ilə mümkündür. Vətəndaşların pozulmuş hüquqların bərpasında da vəkillərin rolu danılmazdır. Vəkillik institutu hüquqi dövlət quruculuğunda vətəndaş cəmiyyətinin əsas institutlarından biri kimi insan hüquqlarının müdafiəsi, ədalətin və bərabərliyin təmin edilməsində vacib rol oynayır”, - deyə A.Bağırov bildirib.

Kollegiyanın sədri əlavə edib ki, Azərbaycan bu prinsipləri son illərdə bütün böyük proqramlarda ardıcıl şəkildə reallaşdırır. İşğaldan azad edilmiş ərazilərdə aparılan Böyük Qayıdış Proqramı, yaşıl enerji zonası konsepsiyası və “ağıllı şəhər” layihələri davamlı şəhərsalmanın uğurlu nümunəsidir. Qarabağda və Şərqi Zəngəzurda yenidən bərpa olunan və tikilən şəhərlər - Ağalı, Füzuli və digər şəhərlər yalnız memarlıq baxımından deyil, hüquqi nizam, sosial inklüzivlik və ekologiya prinsiplərinin uzlaşdığı yeni bir yanaşmadır.

Oxşar xəbərlər