- 17:04
Alimlər qlobal iqlim dəyişikliyinin fəsadları ilə bağlı həyəcan təbili çalırlar. Aparılan son tədqiqatlara əsasən, qarşıdakı aylarda gözlənilən güclü "El-Nino" iqlim hadisəsi qlobal miqyasda 451 mindən çox əlavə insanın həyatına son qoya bilər.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, "Climate Impact Lab" tərəfindən aparılan modelləşdirmə 2026-cı ilin sentyabrı ilə 2027-ci ilin fevralı arasındakı altıaylıq dövrü əhatə edir. Tədqiqatçıların qənaətinə görə, bu dəfəki "El-Nino"nun qlobal temperaturlara təsiri əvvəlki analoji dövrlərdə müşahidə ediləndən daha şiddətli olacaq.
Mütəxəssislər xüsusi olaraq vurğulayırlar ki, 451 000 rəqəmi artıq baş vermiş faktiki insan itkisini deyil, temperatur və ölüm səviyyələri arasındakı tarixi əlaqələrin təhlili əsasında hesablanmış potensial əlavə ölüm hallarını əks etdirir. Bu hesablamalar dünya üzrə 24 mindən çox məkanda toplanmış məlumatların qarşıdakı aylarda gözlənilən temperatur təsirləri ilə inteqrasiya olunması vasitəsilə aparılıb.
Modelləşdirməyə əsasən, həddindən artıq istiliklə bağlı ölüm hallarının böyük hissəsi tropik və isti bölgələrdə qeydə alınacaq. "El-Nino"dan ən çox zərər çəkəcəyi proqnozlaşdırılan ölkələr sırasında Nigeriya (təxminən 31 300 əlavə ölüm), İndoneziya (19 300), Sudan (17 400), Hindistan (15 700) və Braziliya (13 300) ilk sıralarda yer alır. ABŞ-də isə bu səbəbdən təxminən 3 500 əlavə ölüm halının baş verə biləcəyi ehtimal edilir. Riskin ən yüksək olduğu qruplar isə yaşlılar və açıq havada çalışan şəxslərdir.
Alimlər bildirirlər ki, "El-Nino"nun dağıdıcı təsiri yalnız yüksək temperaturlarla bitmir. Sakit okeanın səth sularının istiləşməsi atmosfer dövranını pozaraq dünyanın bir sıra bölgələrində şiddətli quraqlıq və meşə yanğınlarına, digər yerlərdə isə normadan artıq yağıntı və dağıdıcı daşqınlara yol açır. Təbii fəlakətlər nəticəsində yaranacaq insan tələfatı istiliklə bağlı olan 451 minlik göstəriciyə daxil edilməyib.
Hərçənd "El-Nino" təbii iqlim prosesidir, alimlər insan fəaliyyəti nəticəsində sürətlənən qlobal istiləşmənin bu cür hadisələrin təsirini daha da kəskinləşdirdiyini bildirirlər. Hətta builki təsirlər hadisə gözlənilən pik həddə çatmazdan aylar əvvəl əvvəlki rekord göstəriciləri üstələməyə başlayıb.
Mütəxəssislər insan itkisini azaltmaq üçün təcili qabaqlayıcı tədbirlərin görülməsini, erkən xəbərdarlıq sistemlərinin və sərinləmə məntəqələrinin yaradılmasını, səhiyyə sisteminin hazırlıqlı olmasını, eləcə də açıq havada işləyənlər üçün iş saatlarının hava şəraitinə uyğunlaşdırılmasını vacib sayırlar.
Şəbnəm Mehdizadə