Sərxoş kişi həyat yoldaşını çəliklə döyərək xəsarət yetirdi


  • 16:03

Sumqayıtda sərxoş kişi həyat yoldaşını çəliklə döyərək xəsarət yetirib

E-huquq.az xəbər verir ki, iş materiallarına əsasən, Azər Əliyev həyat yoldaşı Cəmilə Əliyeva ilə yaşadıqları ünvanda mübahisə edib. Mübahisə zamanı o, qaynatasına məxsus əl çəliyini götürərək həyat yoldaşının kürək nahiyəsinə bir neçə dəfə zərbə endirib. Nəticədə C.Əliyeva xəsarət alıb.

A.Əliyev məhkəmədə əməlini etiraf edib. O bildirib ki, 2021-ci ildə Cəmilə Əliyeva ilə ailə həyatı qurub və onların iki övladı var. Hadisə günü içkili vəziyyətdə qaynatasının evinə gəldiyini deyən təqsirləndirilən şəxs həyat yoldaşının onun içki içməsinə irad bildirməsindən sonra aralarında mübahisə yarandığını söyləyib. O, əsəblərinə hakim ola bilməyərək qaynatasının əl çəliyini götürdüyünü və həyat yoldaşının kürək nahiyəsinə bir neçə dəfə vurduğunu etiraf edib. Daha sonra qaynatasının müdaxiləsindən sonra evdən getdiyini bildirib.

Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, həyat yoldaşı ilə barışdığını və dəymiş ziyanı ödədiyini qeyd edib. O, məhkəmədən iş üzrə icraata xitam verilməsini istəyib.

Zərərçəkmiş C.Əliyeva da məhkəmədə təqsirləndirilən şəxslə barışdığını bildirib. Onun sözlərinə görə, həyat yoldaşı hadisə günü evə içkili vəziyyətdə gəlib və aralarında mübahisə yaranıb. Daha sonra A.Əliyev atasına məxsus əl çəliyi ilə onun kürək nahiyəsinə bir neçə dəfə zərbə endirib. C.Əliyeva bildirib ki, dəymiş ziyan ödənilib və ərizəsində həyat yoldaşına qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd edib. O da məhkəmədən cinayət işi üzrə icraata xitam verilməsini xahiş edib.

Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs barəsində cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən xitam verilib və o, cinayət məsuliyyətindən azad edilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər