Alimlər ulduzunun əks istiqamətində hərəkət edən ekzoplanet kəşf edib


  • 15:44

Yer kürəsindən 73 işıq ili uzaqlıqda yerləşən GJ 3090 b ekzoplaneti öz ana ulduzunun fırlanma istiqamətinin əksinə hərəkət edir.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, planetin qeyri-adi orbital hərəkəti onun sistemində orbitini bu dərəcədə dəyişə biləcək nəhəng səma cisminin aşkar edilməməsi səbəbindən alimlər üçün yeni suallar doğurub.

Planetlər adətən ətrafında formalaşdıqları gənc ulduzların ətrafındakı qaz və toz diskindən yaranır. Bu səbəbdən onların orbitləri, bir qayda olaraq, ulduzun fırlanma istiqaməti ilə uyğun olur. Lakin 2022-ci ildə kəşf edilən GJ 3090 b bu baxımdan qeyri-adi xüsusiyyətə malikdir. "Sub-Neptun" sinfinə aid olan ekzoplanetin radiusu Yerin radiusundan 2,2 dəfə, kütləsi isə 4,5 dəfə böyükdür. Onun orbitinin ulduzun ekvator müstəvisinə meyilliyi təxminən 136 dərəcədir. Bu isə planetin ulduzun fırlanma istiqamətinə əks istiqamətdə hərəkət etdiyini göstərir.

La Silla Rəsədxanasında NIRPS cihazı ilə aparılan dəqiq ölçmələr nəticəsində müəyyənləşdirilən bu yüksək orbital meyillik nadir hadisə hesab olunur. İndiyədək alimlər orbitinin meyilliyi bu qədər yüksək olan cəmi beş sistem müəyyən ediblər. Lakin GJ 3090 b sistemini fərqləndirən əsas məqam onun orbitini bu səviyyədə dəyişdirə biləcək nəhəng planet və ya qəhvəyi cırtdanın aşkar edilməməsidir. Bu isə planet sistemlərinin formalaşması ilə bağlı mövcud nəzəri modellərlə bağlı yeni suallar yaradır.

Tədqiqatçılar hesab edirlər ki, bu qeyri-adi orbital quruluş başqa mexanizmlə izah oluna bilər. Ehtimallardan birinə görə, ulduz keçmişdə xaricdən gələn, onun fırlanma oxuna uyğun olmayan və əks istiqamətdə hərəkət edən ikinci bir diskdən maddə toplayıb. GJ 3090 b isə məhz həmin diskdə formalaşmış ola bilər.

Nəticələr "Astronomy & Astrophysics" jurnalında dərc edilib. Alimlərin fikrincə, bu kəşf ekzoplanet sistemlərinin formalaşması və təkamülünün əvvəl düşünüldüyündən daha mürəkkəb ola biləcəyini göstərir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər