Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın inkişafı müzakirə olunub


  • 09:13

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanın sədrliyi ilə keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana işgüzar səfəri çərçivəsində Çinin xarici işlər naziri Van İ ilə görüşüb.

E-huquq.az xəbər verir ki, nazirlər yüksək səviyyəli dialoqun, qarşılıqlı etimadın və xalqlarımız arasındakı dostluğun münasibətlərimizin əsas hərəkətverici qüvvəsi olduğunu vurğulayıblar.

Tərəflər 2025-ci ildə qurulmuş Hərtərəfli Strateji Tərəfdaşlığın sürətlə inkişaf etməsini yüksək qiymətləndiriblər. Azərbaycanın Prezidentinin Çinə dövlət səfəri zamanı əldə edilmiş mühüm razılaşmaların, iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 2027-ci ildə qeyd olunacaq 35-ci ildönümü ərəfəsində əlaqələrin genişləndirilməsi üçün möhkəm təməl yaratdığı vurğulanıb.

Nazirlər ticarət və iqtisadi əlaqələr, investisiyalar, enerji, nəqliyyat, logistika və bağlantılar sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə ediblər. Bu çərçivədə Azərbaycanın Asiya ilə Avropa arasında əsas bağlantı rolunu oynadığı və regionlararası əlaqələrin gücləndirilməsində Orta Dəhlizin artan əhəmiyyəti qeyd olunub.

Tərəflər BMT, AQEM və digər beynəlxalq platformalar çərçivəsində qarşılıqlı dəstək göstərmək öhdəliklərini bir daha təsdiqləyiblər.

Nazirlər, həmçinin daha geniş regional təhlükəsizlik vəziyyəti və son hadisələr ətrafında fikir mübadiləsi apararaq, mövcud çağırışların həllində davamlı dialoqun, diplomatik təmasların və çoxtərəfli əməkdaşlığın vacibliyini vurğulayıblar.

Ceyhun Bayramov həmkarını Ermənistanla sülh prosesi, eləcə də Azərbaycanın münaqişədən sonrakı dövrdə azad edilmiş ərazilərdə həyata keçirdiyi bərpa və yenidənqurma işləri barədə məlumatlandırıb.

Oxşar xəbərlər