Cənubi Kiprdə dabaq xəstəliyinə görə məhv edilən heyvanların sayı 83 mini ötəcək


  • 12:24

Kipr Respublikasında fevral ayından etibarən yayılmağa başlayan dabaq xəstəliyi səbəbindən məhv edilən heyvanların sayının 83 mini keçəcəyi açıqlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Kipr Respublikasının Baytarlıq Xidmətinin rəhbəri Hristodulos Pipis yerli qəzetlərə açıqlamasında bildirib ki, Aygoru, Mormenekşe, Aletriko, Aradip və Beşevler kəndlərindəki təsərrüfatlarda yay aylarında dabaq xəstəliyinə yoluxmuş daha 3 min heyvan məhv ediləcək.

Onun sözlərinə görə, xəstə heyvanların məhv edilməsinə yaxın günlərdə başlanılacaq. Heyvan sahiblərinə isə dəymiş ziyana görə kompensasiya ödəniləcək.

Kipr mətbuatının məlumatına görə, 20 fevral 2026-cı ildə Larnaka bölgəsində başlayan dabaq xəstəliyi səbəbindən indiyədək 80 mindən çox heyvan məhv edilib. Növbəti tədbirlərdən sonra bu rəqəmin 83 mini ötəcəyi gözlənilir.

Məlumatlarda indiyədək 52 632 qoyun və keçinin, 24 483 donuzun və 3 018 iribuynuzlu heyvanın məhv edildiyi bildirilir.

Qeyd olunur ki, Kipr Respublikasında heyvandarlıqla məşğul olan fermerlər əvvəlki mərhələlərdə olduğu kimi, heyvanların kütləvi şəkildə məhv edilməsinə etiraz edərək hökumətin qərarlarına narazılıqlarını bildirirlər.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər