“Lancet”: Nüvə müharibəsi və süni intellekt 2100-cü ilədək bəşəriyyətin məhvinə səbəb ola bilər


  • 13:43

“Lancet” Komissiyasının hazırladığı yeni qlobal risk hesabatında nüvə münaqişəsi və süni intellektdən (Sİ) zərərli məqsədlərlə istifadənin 2100-cü ilədək bəşəriyyətin mövcudluğunu təhlükə altına ala biləcəyi bildirilib.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, dünya üzrə insanların sağlamlığına və ömür uzunluğuna təhdid yaradan 17 əsas riskin araşdırıldığı genişmiqyaslı hesabat Almaniyanın Berlin şəhərində keçirilən Dünya Sağlamlıq Sammitində ictimaiyyətə təqdim olunub. 35 mütəxəssisin 3 il ərzində apardığı araşdırmalar əsasında hazırlanan sənəddə təhlükələrin miqyasına diqqət çəkilməklə yanaşı, onların hər biri ilə mübarizə aparmaq üçün real həll yollarının mövcud olduğu vurğulanıb.

Araşdırmada nüvə müharibəsi və süni intellektdən zərərli məqsədlərlə istifadə başvermə ehtimalı aşağı, lakin nəticələri son dərəcə dağıdıcı ola biləcək risklər sırasında ön sıralarda yer alıb. Bildirilib ki, nüvə münaqişəsi atmosferi çirkləndirərək qlobal ərzaq qıtlığına səbəb ola bilər. Süni intellektin köməyi ilə hazırlanmış bioloji silahlar isə bəşəriyyət üçün misli görünməmiş fəlakət yarada bilər. Ekspertlər bu təhlükələrin qlobal miqyasda fəlakətli ssenarilərə yol aça biləcəyini qeyd ediblər.

Hesabatda hava çirklənməsi, antimikrob preparatlara qarşı davamlılıq, uşaqlar arasında qidalanma çatışmazlığı, iqlim böhranı, ənənəvi silahlı münaqişələr və xarici yardımların azaldılması da əsas təhlükələr sırasında göstərilib.

Yüksək gəlirli ölkələrdə piylənmə və psixi sağlamlıq problemləri ön plana çıxarkən, aşağı gəlirli bölgələrdə təhsil səviyyəsinin aşağı olması əhalinin sağlamlığına təsir edən başlıca amillərdən biri kimi qiymətləndirilib.

ABŞ və Böyük Britaniya da daxil olmaqla, bir sıra varlı ölkələrin son illərdə xarici yardım büdcələrini azaltması qlobal səhiyyə üçün əlavə risk yaradıb. Hesablamalara görə, beynəlxalq səhiyyə yardımlarının azalması və ya tamamilə dayanması 2100-cü ilədək milyardlarla illik sağlam həyat itkisilə nəticələnə bilər. Bu itkilərin təxminən 70 faizinin isə Saxaradan cənubda yerləşən Afrika ölkələrinin payına düşəcəyi proqnozlaşdırılır.

Həmin region uşaqlar arasında qidalanma çatışmazlığı böhranından ən çox təsirlənən ərazilərdən biri hesab olunur.

Komissiya üzvləri hesabatın məqsədinin insanlarda qorxu yaratmaq deyil, dünya liderlərini indidən konkret addımlar atmağa təşviq etmək olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, iqlim dəyişikliyi nəticəsində temperatur artımının məhdudlaşdırılması və texnoloji yeniliklərə investisiyaların artırılması kimi tədbirlər sayəsində milyardlarla illik sağlam həyatın qorunması mümkün ola bilər.

Ekspertlər hökumətləri gələcək təhlükələri əvvəlcədən müəyyənləşdirmək, onların qarşısını almaq və mümkün böhranlara hazırlaşmaq üçün müvafiq büdcə vəsaiti ayırmağa çağırıblar.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər