İstanbulda güclü yağış: Evləri su basdı, 2 nəfər öldü - FOTO


  • 09:48

Türkiyənin İstanbul şəhərində oktyabrın 14-də başlayan güclü yağış şəhərdə ciddi fəsadlara səbəb olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, güclü yağış xüsusilə Ayazağa, Sarıyer, Kağıthane, Küçükçekmece və Arnavutköy rayonlarında təsirli olub. Bir sıra küçə və prospektlərdə nəqliyyatın hərəkəti çətinləşib, bəzi avtomobillər və avtobuslar suda qalıb. Sarıyerin Ayazağa ərazisində su basmış iş yerlərində köməksiz qalan təxminən 200 nəfər xilas edilib.

İstanbul valiliyinin məlumatına görə, oktyabrın 14-də saat 06:00-dan 20:00-dək AFAD və 112 Təcili Çağrı Mərkəzinə ümumilikdə 2 518 müraciət daxil olub. Müraciətlər arasında 1 277 su basması, 15 torpaq sürüşməsi, 47 nəfərin köməksiz qalması və ağacların aşması ilə bağlı məlumatlar yer alıb.

Ən çox yağıntı Beykoz-Ömərli ərazisində qeydə alınıb. Burada hər kvadratmetrə 193,84 kiloqram yağış düşüb.

Hadisə nəticəsində Fatih rayonunda su yığıntısında elektrik cərəyanına düşən 14 yaşlı uşaq, Sarıyer rayonunda isə sel zamanı yıxılaraq başından xəsarət alan 34 yaşlı şəxs həyatını itirib.

Yağışların yaratdığı təhlükələr səbəbindən İstanbulda tədris bir günlük dayandırılıb. Həmçinin bəzi metro, tramvay və funikulyor xətlərində hərəkət saatları uzadılıb, motosiklet və digər ikitəkərli nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət qoyulub.

Xilasetmə və suyun təxliyəsi işləri aidiyyəti qurumlar tərəfindən davam etdirilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər