- 16:43
Avropa İttifaqı (Aİ) Ukraynaya müdafiə ehtiyacları üçün 2,86 milyard avro ayırıb.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, Aİ Komissiyası Ukraynanın təcili hərbi ehtiyaclarının qarşılanmasına yönəlmiş yeni maliyyə dəstəyi ilə bağlı açıqlama yayıb.
Bildirilib ki, Ukraynaya 90 milyard avroluq dəstək kreditinin müdafiə komponenti çərçivəsində 2,86 milyard avro ayrılıb.
Vəsaitin dronların, hava hücumundan müdafiə sistemlərinin, raketlərin, radarların, radioelektron mübarizə vasitələrinin və sursatın tədarükünə yönəldiləcəyi qeyd olunub.
Aİ Komissiyası müdafiə təchizatının təcili çatdırılmasının Ukrayna ordusunun mülki əhalini və şəhərləri Rusiyanın hücumlarından qorumaq imkanlarını gücləndirəcəyini bildirib.
Açıqlamada 2026-2027-ci illəri əhatə edən Ukraynaya dəstək kreditinin təxminən 60 milyard avrosunun müdafiə ehtiyaclarına, 30 milyard avrosunun isə büdcə dəstəyinə ayrıldığı xatırladılıb.
Bildirilib ki, cari ildə Ukraynanın müdafiə sənayesi potensialını dəstəkləmək məqsədilə ümumilikdə 28,3 milyard avro vəsaitin köçürülməsi planlaşdırılır. Müdafiə komponenti üzrə ödənişlərin qarşıdakı həftələrdə də davam edəcəyi qeyd olunub.
Aİ Komissiyası, həmçinin 2022-ci ildən bəri Avropa İttifaqı və üzv dövlətlərin Ukraynaya ümumilikdə 231,5 milyard avro həcmində dəstək göstərdiyini vurğulayıb.
Şəbnəm Mehdizadə