- 13:43
Cənubi Koreyada iki nəfərin universitetə qəbul imtahanı zamanı süni intellekt (Sİ) dəstəkli eynəkdən istifadə etdiyi aşkarlanıb.
E-huquq.az "Yonhap" agentliyinə istinadən xəbər verir ki, hadisələrdən biri paytaxt Seulun qərbində yerləşən Yonsei Universitetində baş verib. İmtahanda iştirak edən tələbələrdən biri imtahandan əvvəl taxdığı adi optik eynəyi imtahan zamanı süni intellekt dəstəkli eynəklə əvəzləyib.
İmtahan nəzarətçilərinin vəziyyəti aşkar etməsindən sonra tələbə bunu etiraf edib. Universitet rəhbərliyi həmin tələbə ilə bağlı hansı tədbirlərin görüləcəyini müzakirə edir.
Digər oxşar hadisə isə Seul Universitetində qeydə alınıb. Burada da bir tələbənin universitetə qəbul imtahanı zamanı süni intellekt dəstəkli eynəkdən istifadə etdiyi müəyyən edilib.
Vəziyyət aşkarlandıqdan sonra tələbə imtahan zalından çıxarılıb. Həmin şəxsin qarşıdakı üç il ərzində universitetin qəbul imtahanlarında iştirak etməsi qadağan edilib.
Şəbnəm Mehdizadə