- 16:43
Almaniyanın Frankfurt şəhərindən Hindistana uçan “Air India” aviaşirkətinə məxsus sərnişin təyyarəsi pilotun mümkün qaçırılma hadisəsi ilə bağlı həyəcan siqnalı verdiyi iddiasından sonra təcili eniş edib.
E-huquq.az xəbər verir ki, “India Today” qəzetinin mənbələrə istinadən yaydığı məlumata görə, Əhmədabad Hava Hərəkətinə Nəzarət Mərkəzi yerli vaxtla saat 09:00 radələrində "AI 2030" reysindən bir neçə saniyə davam edən fövqəladə vəziyyət siqnalı alıb.
Siqnaldan sonra təhlükəsizlik qurumlarına məlumat verilib. Təyyarənin əsas təyinat məntəqəsi olan Dehli hava limanındakı böhran idarəetmə mərkəzində aparılan qiymətləndirmədən sonra ehtiyat tədbiri olaraq təyyarə Caypur şəhərinə yönləndirilib. Təyyarə burada təcili eniş edib və təhlükəsizlik yoxlamalarının aparılması üçün hava limanının xüsusi bölməsinə yerləşdirilib.
Hadisə ilə bağlı Hindistan Mülki Aviasiya Baş İdarəsi (DGCA) tərəfindən araşdırmaya başlanıldığı bildirilib. İlkin yoxlamalar zamanı təyyarənin istismarı ilə bağlı hər hansı qeyri-adi vəziyyət aşkarlanmadığı qeyd olunub.
Caypur hava limanını idarə edən “Adani Airports” şirkətinin açıqlamasında təyyarədəki bütün sərnişinlərin təhlükəsiz vəziyyətdə olduğu, onların təyyarədən endirilməsinə başlanıldığı və vəziyyətin nəzarət altında saxlanıldığı bildirilib.
İddialara görə, pilot hava hərəkətinə nəzarət qurumlarına təyyarənin qaçırılması və ya ona qanunsuz müdaxilə edilməsi hallarını gizli şəkildə bildirmək üçün istifadə olunan beynəlxalq “Squawk 7500” transponder kodunu aktivləşdirib.
Hindistan mətbuatının bəzi məlumatlarında isə təyyarənin təcili enişinə səbəb kimi bomba xəbərdarlığı göstərilib. Hadisənin dəqiq səbəbi ilə bağlı rəsmi araşdırmanın nəticələri hələ açıqlanmayıb.
Şəbnəm Mehdizadə