- 14 Noyabr 17:20
E-huquq.az Vəkillər Kollegiyasının üzvü, “HGNS Kaunsilor” Vəkil Bürosunun vəkili Esmira Tağıyevanın “Azərbaycan Vəkili” elmi-praktik hüquq jurnalının 2025, №2 (26) sayının “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş xüsusi buraxılışında dərc olunan “Şübhəli və təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun bəzi xüsusiyyətləri” adlı elmi məqaləsini təqdim edir:
Annotasiya
Müdafiə olunmaq hüququ cinayət təqibinə məruz qalan hər bir şəxsə milli və beynəlxalq hüquqla verilmişdir. Bu hüquq fundamental hüquqlardan biri olan ədalətli məhkəmə araşdırması hüququnun tərkib hissəsi kimi çıxış edir. Bu hüququn əsas subyektləri şübhəli və təqsirləndirilən şəxslərdir. Bununla yanaşı, müdafiə olunmaq hüququndan səmərəli istifadə üçün prosesdə bəzən müdafiəçilərin, qanuni nümayəndələrin və ya hüquq varislərinin də iştirakı vacib olur. Məqalədə qüvvədə olan cinayət-prosessual qanunvericilik əsasında həm şübhəli və təqsirləndirilən şəxsin anlayışı məsələsinə aydınlıq gətirilmiş, həm də bu subyektlərin əsas müdafiə hüquqlarının mahiyyəti izah edilmişdir. Müəllif cari cinayət-prosessual qanunvericiliyin bəzi maddələrinə tənqidi yanaşmış, onlarda mövcud olan problemləri əsaslandırmış və bu problemlərin həll edilməsi üçün konkret təkliflər irəli sürmüşdür. Məqalədə qeyd edilir ki, şübhəli şəxsin və təqsirləndirilən şəxsin leqal tərifləri natamamdır. Ədalətli məhkəmə araşdırması hüququnun təminatı baxımından faktiki vəziyyətinə görə cinayət təqibinə məruz qalan hər bir şəxs müdafiə hüququna malik olmalıdır. Cari qanunvericiliyə görə isə bəzən faktiki vəziyyətinə görə cinayət təqibinə məruz qalan şəxsin prosessual statusu qeyri-müəyyən olur. Bu boşluq ədalətli məhkəmə araşdırması hüququnun təminatına ciddi xələl gətirir. Şübhəli və təqsirləndirilən şəxslərin müdafiə hüquqlarının mahiyyəti izah edilərkən Avropa Məhkəməsinin presedent hüququndan seçilmiş hüquqi mövqelərə istinadlar edilmişdir.
Açar sözlər: cinayət prosesi, müdafiə hüququ, şübhəli şəxs, təqsirləndirilən şəxs, leqal tərif, presedent hüququ, təfsir, qanunvericilik, təkliflər.
I. Giriş
Cinayət təqibinə məruz qalan şəxslərin müdafiə olunmaq hüququ uzun tarixi inkişaf yolu keçmiş və ən fundamental insan haqlarından biridir. Bununla belə, bu hüquq təkcə cinayət təqibinə məruz qalan şəxslərin öz taleləri üçün deyil, bütövlükdə dövlətin ədalət mühakiməsi sisteminin qanuni və səmərəli fəaliyyəti, eləcə də cəmiyyətin maraqlarının təmin edilməsi üçün olduqca vacibdir, çünki ədalətli məhkəmə araşdırması hüququnun tərkib elementi kimi çıxış edən minimal müdafiə hüquqlarının təmin edilməsi səviyyəsi, ümumilikdə, ölkədə ədalət mühakiməsinin keyfiyyət və səmərəlilik göstəricilərindən biri kimi çıxış edir və cəmiyyətin demokratik prinsiplərə sadiqliyini nümayiş etdirir [9, s. 42-43]. Müdafiə olunmaq hüququ əsas cinayət-prosessual funsksiyalardan biri olan müdafiə funksiyasının əsas qayəsini təşkil edir. Məhz bu hüquqdan yararlanmaqla, şəxsə qarşı irəli sürülmüş ittiham təkzib edilə bilir, ittihamın kəmiyyət (irəli sürülən ittihamda nəzərdə tutulan əməllərin, yaxud epizodların sayı ilə əlaqədar olaraq) və keyfiyyət (irəli sürülən ittihamda nəzərdə tutulan hüquqi tövsifin mahiyyətcə yüngülləşmə istiqamətində dəyişdirilməsi ilə əlaqədar olaraq) göstəricilərində cinayət təqibinə məruz qalan şəxsin xeyrinə dəyişikliklərə nail olmaq mümkünləşir. Müdafiə fəaliyyəti ittiham fəaliyyətinə qarşı cavab olaraq realizə edilir [1, s. 17]. Bu anlamda, cinayət təqibinə məruz qalan şəxslərin – şübhəli şəxslərin, təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun mahiyyətinin, məzmununun, mümkün realizə formalarının və s. elmi cəhətdən tədqiq edilməsi hər zaman öz aktuallığını qoruyub saxlamaqdadır. Bu amili nəzərə alaraq cari məqalədə qüvvədə olan cinayət-prosessual qanunvericilik əsasında şübhəli və təqsirləndirilən şəxslərin anlayışları məsələsinə aydınlıq gətirilməsinə, bu subyektlərin əsas müdafiə hüquqlarının mahiyyətinin izah edilməsinə, cari qanunvericiliyin bəzi maddələrində mövcud olan problemlərin həll edilməsi üçün konkret təkliflərin irəli sürülməsinə cəhd göstərilmişdir.
II. Müdafiə hüququnun mahiyyəti və məzmunu
Şübhəli və / və ya təqsirləndirilən şəxslər bilavasitə cinayət təqibinə məruz qalan subyektlər olduğu üçün onlar müdafiənin əsas subyektləri hesab edilirlər. Bu subyektlərə keyfiyyətli hüquqi yardım göstərməklə müdafiəni həyata keçirən əsas subyekt isə müdafiəçidir. Şübhəli şəxsin və / və ya təqsirləndirilən şəxsin müdafiə olunma hüququnun xüsusiyyətlərini izah etmək üçün, ilk növbədə, bu subyektlərin anlayışına diqqət yetirmək lazımdır. Cinayət Prosessual Məcəllənin (CPM-in) 90.1-ci maddəsinin mənasına görə, fiziki şəxs o zaman şübhəli şəxs qismində tanınır ki, ya onun barəsində ittihamın elan edilməsi üçün tutulmasına dair qərar qəbul edilmiş olsun, ya bu şəxs cinayət törətməkdə şübhəli olduğuna görə tutulmuş olsun, ya da bu şəxsin barəsində qətimkan tədbiri (ev dustaqlığı, həbs və girov kimi qətimkan tədbirləri istisna hesab edilir, çünki bu qətimkan tədbirləri yalnız təqsirləndirilən şəxs barəsində tətbiq edilə bilər) seçilmiş olsun.
Bununla belə, bizim fikrimizcə, CPM-də şübhəli şəxsə verilmiş anlayış bir o qədər də tam deyildir və bu səbəbdən cinayət prosesində faktiki vəziyyətinə görə şübhəli şəxs vəziyyətində olan bir qrup şəxs formal mülahizələrə görə şübhəli şəxs hesab edilmir və nəticə etibarilə bu şəxslərin müdafiə olunmaq hüququ əhəmiyyətli dərəcədə məhdudlaşır. Belə ki, CPM-in 90.1-ci maddəsindən göründüyü kimi, qanunverici orqan şübhəli şəxsin normativ anlayışını, bir qayda olaraq, konkret şəxsə qarşı prosessual məcburiyyətin (tutulma haqqında qərar, bilavasitə tutulma, bəzi qətimkan tədbirləri) tətbiqi ilə bağlayır. CPM-in 90.1-ci maddəsinin formal təfsiri zamanı belə qənaətə gəlmək olar ki, məhkəməyədək icraat zamanı konkret şəxs barəsində yetərli sayda ifşaedici dəlillər müəyyən edilmiş olsa da, əgər bu şəxs barəsində qanunda sadalanan prosessual məcburiyyət tədbirlərindən (tutulma haqqında qərarın çıxarılması, şəxsin tutulması, yəni faktiki olaraq azadlığının məhdudlaşdırılması, yaxud barəsində bəzi qətimkan tədbirlərinin seçilməsi) hər hansı biri tətbiq edilməzsə, belə şəxs hələ prosessual anlamda şübhəli şəxs hesab edilməyəcəkdir. Bu təfsirin əsas mənfi cəhəti ondan ibarətdir ki, belə yanaşmada faktiki olaraq barəsində ifşaedici fəaliyyət aparılan şəxs cari qanunvericiliyin müddəaları mənasında şübhəli şəxs statusu əldə etmədiyi üçün qanunla şübhəli şəxsə verilən hüquqlardan və təminatlardan faydalanmaq imkanından məhrum qalır. Cari qanunvericiliyin normalarını rəhbər tutsaq, belə çıxır ki, əgər hazırlanan, yaxud artıq törədilmiş cinayətlər haqqında müvafiq ərizə və / və ya məlumatların ilkin yoxlanması gedişatında hüquq-mühafizə orqanları konkret şəxsləri ifşa etmək məqsədilə prosessual xarakterli fəaliyyət aparsalar da, lakin bu zaman faktiki olaraq barəsində ifşaedici fəaliyyət apardıqları şəxsə qarşı hər hansı prosesussual məcburiyyət tədbiri tətbiq etməsələr (məsələn, onu tutmasalar), belə şəxs hələ də prosessual anlamda şübhəli şəxs statusu əldə etmiş olmayacaqdır. Vəziyyətin abrusdluğu o həddədir ki, cari qanunvericiliyə görə, hətta konkret şəxsin barəsində cinayət işi başlanılmış olsa, lakin onun barəsində prosessual məcburiyyət tətbiq edilməmiş olsa (məsələn, o tutulmamış olsa, yaxud onun barəsində qətimkan tədbiri seçilməmiş olsa), belə şəxs də, barəsində cinayət işinin olmasına rəğmən, prosessual anlamda şübhəli şəxs statusu əldə etmir. Bu anlamda, hüquq ədəbiyyatında ifadə edilmiş belə bir mövqeni ədalətli yanaşma sayırıq ki, əgər cinayət işi hansısa konkret şəxs barəsində başlanılarsa, bu hallarda həmin şəxs dərhal şübhəli şəxs statusu əldə etmiş sayılsın və bu qaydanı nəzərdə tutan müddəa cinayət-prosessual qanunvericiliyə rəsmən daxil edilsin [5, s. 95]. Başqa sözlə, şəxsin şübhəli şəxs statusu əldə etməsindən ötrü onun faktiki vəziyyətinə önəm verilməlidir. Bu yanaşmaya əsasən, şəxsin şübhəli şəxsin hüquq və vəzifələrindən istifadə etməsi üçün onun barəsində qəbul edilmiş qərarların və tətbiq edilmiş tədbirlərin konkret növünün əhəmiyyəti yoxdur, həmin qərar və tədbirlərlə şəxsin hansı faktiki vəziyyətə düşdüyü əhəmiyyətlidir. Qeyd edək ki, İnsan Haqlarına dair Avropa Məhkəməsinin hüquqi mövqelərində də məhz bu yanaşma, yəni şəxsin məhz faktiki vəziyyətinə görə onun ittihama məruz qalan şəxs kimi qəbul edilməsi yanaşması doğru hesab edilir [6; 11; 12].
Hüquq ədəbiyyatında qeyd edilir ki, şəxsin barəsində CPM-in 207.1.2-ci maddəsində nəzərdə tutulan prosessual fəaliyyət həyata keçirilərsə, yaxud şəxsə münasibətdə o, tutulmadan və ya barəsində qətimkan tədbiri tətbiq edilmədən cinayət işinin başlanılması haqqında qərar qəbul edilmiş olarsa, yaxud da şəxs barəsində CPM-in 177.4.5-ci maddəsində nəzərdə tutulmuş məcburiyyət tədbiri tətbiq edilmiş olarsa, onun prosessual statusu şübhəli şəxsin prosessual statusuna bərabər tutulmalı və bu anlamda, o, həm beynəlxalq hüquqla, həm də milli hüquqla cinayət təqibinə məruz qalan şəxslər üçün nəzərdə tutulmuş minimal müdafiə hüquqlarından yararlanmaq imkanına malik olmalıdır [3; 8; 10].
Göründüyü kimi, CPM-in 90.1-ci maddəsində şübhəli şəxsə anlayışının verilməsi üçün tətbiq edilən meyarlar tam olaraq uğurlu deyil, daha doğrusu, kifayət qədər natamamdır. Hesab edirik ki, müdafiə subyekti olan şübhəli şəxsin prosessual hüquqi vəziyyətinin daha dəqiq tənzim edilməsi və onun müdafiə hüquqlarının daha səmərəli şəkildə təmin edilməsi üçün qanunvericiliyin qeyd edilmiş boşluğu qısa bir zamanda aradan qaldırılmalıdır. Bu məqsədlə, təklif edirik ki, CPM-in 90-cı maddəsinə növbəti məzmunda yeni bəndlər əlavə edilsin:
“90.1.4. barəsində bu Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada ilkin yoxlama aparılan şəxs;
90.1.5. barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş şəxs”.
CPM-in 91.1-ci maddəsində isə, təqsirləndirilən şəxsin anlayışı verilmişdir. Həmin maddənin mənasına görə, şəxsin təqsirləndirilən şəxsin statusu əldə etməsi üçün onun barəsində müstəntiq, prokuror, yaxud məhkəmə tərəfindən təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında prosessual qərar çıxarılmış olmalıdır. Müxtəlif icraat formaları daxilində təqsirləndirilən şəxs statusunun əldə edilməsi prosedurlarının fərqli olması barədə hüquq ədəbiyyatında bildirilmiş mövqeni haqlı hesab edirik. Belə ki, əgər məhkəməyədək icraat ibtidai istintaq formasında aparılarsa, şəxsin təqsirləndirilən şəxs statusu əldə etməsi üçün həqiqətən də onun barəsində məhz təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında prosessual qərar çıxarılmış olmalıdır. Lakin belə icraat ibtidai istintaq deyil, təhqiqatın məhkəməyədək sadələşdirilmiş icraat formasında həyata keçirilərsə, bu zaman cinayət təqibinə məruz qalan şəxs barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında prosessual qərar qəbul edilmir. Belə bir qərar, həmçinin xüsusi ittihamlı işlər üzrə də qəbul edilmir. Belə ki, qeyd edilən birinci halda məhkəməyədək sadələşdirilmiş icraatın nəticələrinə dair yekun protokol adlanan prosessual sənəd cinayət təqibinə məruz qalan şəxsə təqdim olunduğu andan, ikinci halda isə məhkəmənin hazırlıq iclasının nəticəsi olaraq məhkəmə tərəfindən çıxarılmış xüsusi ittiham qaydasında şikayətin icraata qəbul edilməsi və məhkəmə baxışının təyin edilməsi haqqında qərarın surəti, barəsində şikayət verilmiş şəxsə təqdim edildiyi andan həmin şəxs təqsirləndirilən şəxs hesab edilir [2, s. 243]. Qeyd edilən kontekstdə müşahidə etmək olur ki, təqsirləndirilən şəxsə CPM-in 91.1-ci maddəsində verilmiş leqal tərif də kifayət qədər natamamdır, çünki o, öz məzmununda, barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilmədən təqsirləndirilən şəxs statusu əldə edən subyektləri ehtiva etmir. Bunu nəzərə alaraq, CPM-də təqsirləndirilən şəxsin anlayışını təkmilləşdirmək məqsədilə təklif edirik ki, CPM-in 91.1-ci maddəsi aşağıdakı yeni redaksiyada verilsin:
“91.1. Barəsində bu Məcəllənin 223.2-ci və ya 300.1.2-ci maddələrində nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul edilmiş, yaxud bu Məcəllənin 296.1-ci maddəsində nəzərdə tutulmuş yekun protokolu tərtib edilmiş şəxs təqsirləndirilən şəxs hesab edilir”.
Beləliklə, şübhəli şəxsin və təqsirləndirilən şəxsin anlayışına dair məsələyə aydınlıq gətirildikdən sonra, şübhəli şəxs və / və ya təqsirləndirilən şəxsin müdafiə olunmaq hüququnun xüsusiyyətlərini də izah etmək olar. Qeyd etmək lazımdır ki, müdafiə olunmaq hüququ öz məzmununa görə kifayət qədər geniş bir hüquqi kateqoriyadır. Müəyyən mənada müdafiə hüququ ümumiləşdirici termin kimi çıxış edib, əslində müdafiə olunan şəxsin bir neçə hüququnu özündə birləşdirir. Başqa sözlə, şübhəli və ya təqsirləndirilən şəxsin istənilən hüququna ayrılıqda nəzər salsaq, həmin hüquq bu və ya digər dərəcədə, dolayısı ilə də olsa, müdafiə hüququnun tərkib hissəsi kimi çıxış edəcəkdir. Milli hüquq ədəbiyyatında, haqlı olaraq qeyd edilmişdir ki, müdafiə hüququ özündə cinayət təqibinə məruz qalan şəxsə rəsmən elan olunmuş ittihamın təkzib edilməsi, yaxud bu şəxsi gözləyən cinayət məsuliyyətinin yüngülləşdirilməsindən ötrü istifadə edilə biləcək, qanunla nəzərdə tutulmuş bütün prosessual üsul və vasitələrin məcmusunu ehtiva edir. Müdafiə hüququ müdafiə tərəfinin subyektləri – özəlliklə, cinayət təqibinə məruz qalan şəxs və onun vəkili tərəfindən realizə edilir, cinayət prosesini aparan səlahiyyətli dövlət orqanları və onların vəzifəli şəxsləri – məhkəmə başda olmaqla, prokuror, müstəntiq və təhqiqatçı tərəfindən isə təmin edilir. Sonuncular müdafiə hüququnun təmin edilməsinə dair onların üzərlərinə qoyulmuş vəzifələri icra etməzlərsə, bu, kobud prosessual pozuntu kimi dəyərləndirilə bilər [7, s. 335].
Bu anlamda, şübhəli və təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun mahiyyətini izah etmək üçün, əslində, onlara qanunla verilmiş əksər prosessual hüquqlara ayrı-ayrılıqda toxunulmalı və onlar izah edilməlidir. Elmi məqalənin həcm hüdudlarından daha səmərəli istifadə etmək üçün, hesab edirik ki, şübhəli və təqsirləndirilən şəxslərin prosessual hüquqlarına bir yerdə nəzər salmaq məqsədəuyğundur, çünki aşağıda veriləcək izahlardan da aydın olacaqdır ki, qüvvədə olan qanunvericiliyə görə şübhəli və təqsirləndirilən şəxslər, demək olar ki, tam mənada eyni hüquqlara malikdirlər.
Beləliklə, şübhəli və təqsirləndirilən şəxslərin müdafiə olunmaq hüququnun tərkib hissəsi kimi çıxış edən prosessual hüquqların sisteminə və məzmununa nəzər salaq. Şübhəli şəxsin nədə şübhələnildiyini bilmək, təqsirləndirilən şəxsin isə nədə təqsirləndiyini bilmək hüquqları onların müdafiə olunmaq hüququnun əsas tərkib hissələrindən biridir. Bundan başqa, bu subyektlərin onların maraqlarına toxunan prosessual qərarların (məsələn, barəsində həbs qətimkan tədbiri seçildikdə və s.) surətini almaq hüquqları da mövcuddur. Prosessual hüquq kimi, ittihamın mahiyyətini bilmək özündə təqsirləndirilən şəxsə elan edilmiş ittihamda şəxsə istinad edilən Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayətin hüquqi tövsifi, iş üzrə müəyyən edilmiş konkret epizodlar, şəxsə istinad edilən maddənin dispozisiyasının ayrı-ayrı elementlərinin mənası, sanksiyasının növləri və hədləri və s. barədə məlumat almağı ehtiva edir. Rəsmi ittihamın məzmunu təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarda, ittiham aktında və / və ya məhkəməyədək sadələşdirilmiş icraata dair yekun protokolda (xüsusi ittihamlı işlər üzrə isə məhkəməyə ünvanlanmış xüsusi ittiham qaydasında şikayətdə) əks olunur. Bunula belə, qeyd edilən prosessual aktların surətlərinin şəxsə sadəcə olaraq təqdim edilməsi onun ittihamın mahiyyətini bilmək hüququnun realizəsi üçün kifayət deyildir. Nəzərdən keçirilən hüququn səmərəli realizə edilməsi üçün cinayət prosesini həyata keçirən orqan cinayət təqibinə məruz qalan şəxsə ittihamın mahiyyəti və onun məhkəmə müdafiə edilməsinin nəticələri barədə izahlar da verməlidir. İşin icraatı zamanı ittiham həcminə görə həm azala, həm də çoxala, eləcə də, məzmununa görə dəyişə bilər. İttihamın hər bir dəyişikliyi halında təqsirləndirilən şəxsin ittihamdakı dəyişikliyin nədən ibarət olduğundan xəbərdar olmaq hüququ da ittihamın mahiyyətini bilmək hüququnun tərkib hissəsi kimi təmin edilməlidir.
Şübhəli şəxs tutulduqda, nə üçün tutulduğunun əsasını bilmək; tutulma anından (eləcə də, barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar ona elan edildiyi andan) etibarən vəkil (müdafiəçi) yardımından istifadə etmək; onun tutulmasını həyata keçirlmiş şəxs tərəfindən öz prosessual hüquqları barədə yazılı qaydada məlumatlanmaq (müvafiq bildiriş almaq); tutulması, yaxud barəsində qətimkan tədbirinin seçilməsi haqqında qərar çıxarılmış olduqda, bu qərarların surətini almaq; tutulması protokollaşdırılarkən müvafiq prosessual sənədin tərtibatı başa çatdıqdan dərhal sonra onun məzmunu ilə tanış olmaq; tutulması haqqında protokola əlavə edilməsi üçün öz qeydlərini bildirmək kimi hüquqlara malikdir. Bənzər hüquqlara təqsirləndirilən şəxs də malikdir. Sadalanan hüquqlarla yanaşı, cinayət təqibinə məruz qalan şəxslərin səmərəli müdafiəsi üçün öz vəkilini (müdafiəçisini) müstəqil olaraq seçmək, müdafiəçisinin səlahiyyətlərini öz iradəsi ilə xətm etmək, müdafiəçinin yardımından imtina edərək, özünü müstəqil (müdafiəçi yardımından istifadə etmədən) müdafiə etmək, öz müdafiəçisi ilə söhbət sayna və müddətinə məhduduyyət qoyulmadan konfidensial şəraitdə təklikdə görüşmək və məsləhətləşmək, o cümlədən, dövlət hesabına göstərilən hüquqi yardımdan faydalanmaq kimi hüquqların da böyük əhəmiyyəti vardır.
Cinayət təqibinə məruz qalan şəxs bu və ya digər səbəbdən müdafiəçinin yardımından imtina edərsə, imtina anından etibarən o, özünü müstəqil müdafiə edən hesab olunur. Odur ki, vəkil yardımı olmadan həyata keçirilən müdafiənin səmərəliliyə xələl gəlməməsi üçün qanun belə hallarda cinayət təqibinə məruz qalan şəxsə mümkün olan dərəcədə müdafiəçi üçün nəzərdə tutulmuş prosessual hüquqlardan da istifadə imkanı verir (CPM-in 91.6-cı maddəsi). Şəxsən müdafiə olunma və özünü müstəqil müdafiə etmə anlayışları çox yaxın olsalar da, tam eyniyyət təşkil etmirlər. Şəxsən müdafiə olunma anlayışı daha geniş anlayış kimi başa düşülməlidir. Çünki şəxsin müdafiəçiyə malik olması onun müdafiəçi ilə yanaşı şəxsən özü tərəfindən öz müdafiəsini həyata keçirməsini istisna etmir. Şəxsin özünü müstəqil müdafiə etməsi zamanı onun müdafiə hüquqlarının təmin edilməsi üçün onun müdafiəçidən imtina etməsi qanuni və əsaslı şəkildə həyata keçirilmiş olmalıdır. Məhkəməyədək icraatda müdafiəçidən imtina etmiş şəxs öz mövqeyində dəyişiklik edərsə, cinayət təqibini həyata keçirən orqan buna lazımi reaksiya verməlidir.
Müdafiə tərəfinin subyektləri kimi, həm şübhəli şəxsin, həm də təqsirləndirilən şəxsin müdafiəçidən imtina etmək hüququ vardır (CPM-in 90.7.7 və 91.5.7-ci maddələri). Müdafiəçidən imtina yalnız leqal şərtlər, əsaslar və prosedurlar daxilində yolverilən hesab edilir. Heç də müdafiəçidən imtinanın bütün halları qəbuledilən hesab olunmur. Müdafiəçidən imtinanın qəbul edilə bilməsi üçün, ilk növbədə belə imtina cinayət təqibinə məruz qalan şəxsin öz təşəbbüsü olmalı (cinayət prosesini aparan dövlət orqanı, yaxud işdə iştirak edən hər hansı digər subyekt cinayət təqibinə məruz qalan şəxsə müdafiəçidən imtina etməyi və özünü müstəqil müdafiə etməyi tövsiyə etməməli, onu bu addımı atmağa sövq etməməlidir) və bu təşəbbüs könüllü iradə ifadəsinə əsaslanmalıdır (müdafiəçidən imtinaya məcbur edilmə istənilən formada qətiyyən yolverilməzdir). Müdafiəçidən imtina prosedurunun özü, paradoksal səslənsə də, artıq təyin edilmiş, yaxud təyin edilməsi nəzərdə tutulan vəkilin iştirakı olmadan həyata keçirilə bilməz. Bu qayda prosessual təminat xarakteri daşıyır, müdafiəçidən imtinanın real vəkil yardımının əlçatan olduğu şəraitdə könüllü və anlaqlı bir şəkildə baş tutduğuna dəlalət edir. Müdafiəçidən imtina prosedurunun daha bir məcburi atributu onun mütləq protokollaşdırılmalı olmasıdır. Müvafiq protokol müdafiəçidən imtinanın yuxarıda sadalanan şərtlərə əməl edilməklə baş tutduğunu əks etdirmək üçün vacibdir. Lakin nəzərə almaq lazımdır ki, müdafiəçidən imtina heç də bütün hallarda cinayət prosesini aparan orqanlar tərəfindən qəbul edilməli və tətbiq edilməli olan prosedur deyildir. Belə ki, cari cinayət-prosessual qanunvericilik müdafiəçidən imtinanın qəbul edilməli olmadığı (bunun mümkün olmadığı) halların sistemini müəyyən etmişdir (CPM-in 92.12-ci maddəsi). Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “CPM-in 92.12-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında nümayiş etdirilmiş hüquqi mövqe ondan ibarətdir ki, əgər ədalət mühakiməsinin maraqları bunu tələb edərsə, cinayət prosesini aparan dövlət orqanları hətta CPM-in 92.3-cü maddəsində bilavasitə təsbit edilməmiş hallarda da cinayət təqibinə məruz qalan şəxsə müdafiəçi təyin edə bilərlər.
İbtidai araşdırma zamanı müdafiəçidən imtina etmiş şəxsin mövqe dəyişikliyi etdiyi hallarda cinayət təqibini həyata keçirən orqanın reaksiyası məsələsinə gəlincə, qeyd edilməlidir ki, müdafiəçidən imtina etmiş şəxs bu imtina qəbul edildikdən sonra cinayət prosesinin hər hansı anında bununla əlaqədar öz mövqeyini dəyişməyə haqlıdır (CPM-in 92.13-cü maddəsi), o cümlədən müdafiəçidən imtina etmiş şübhəli və ya təqsirləndirilən şəxsə CPM-in 92.3.1-ci maddəsinə əsasən sonradan müdafiəçi təyin edilməsi həmin vaxtadək aparılmış prosessual hərəkətlərin təkrarlanmasını məcburi edən hal deyil (CPM-in 92.5-ci maddəsi). Məhkəməyədək icraatda müdafiəçidən imtina etmiş şəxsin bu məsələ ilə bağlı mövqe dəyişikliyi cinayət təqibi orqanı üçün məcburidir, yəni cinayət təqibi orqanı belə hallarda müdafiəçinin iştirakını təmin etmək vəzifəsi daşıyırlar. Odur ki, qeyd edilən halda şəxsin müdafiçi ilə təmin edilməməsi onun müdafiə hüququnun pozulması kimi qiymətləndirilməlidir.
Özünə vəkil seçmək hüququna gəlincə, xatırlamaq istərdik ki, belə hüquq yalnız o halda yaranır ki, təqsirləndirilən şəxsin öz vəkilinin haqqını ödəmək üçün kifayət qədər maddi vəsaiti olmuş olsun. Bu tezisdən belə məntiqi nəticə hasil olunur ki, pulsuz hüquqi yardım alan təqsirləndirilən şəxs özünə müdafiəçi seçmək və ya bu məsələ barədə rəyini bildirmək hüququna malik deyil. Bununla belə, özünə müdafiəçi seçmək hüququ da mütləq deyil. Dövlət vəkillərin məhkəmədə iştirakını tənzimləmək və müəyyən hallarda konkret şəxsləri müdafiəni həyata keçirməkdən kənarlaşdırmaq hüququna malikdir. Başqa sözlə, ibtidai araşdırma zamanı, eləcə də, cinayət prosesinin digər mərhələlərində şübhəli və ya təqsirləndirilən şəxsin özü üçün Azərbaycan Respublikası ərazisində vəkillik fəaliyyətini həyata keçirməyə hüququ olmayan şəxsi müdafiəçi kimi seçmək və ya haqqını ödəməyə maddi imkanının olmadığı halda ödənişli vəkilin müdafiəçi kimi dəvət edilməsini tələb etmək kimi hüquqları yoxdur. İbtidai araşdırmada cinayət təqibini həyata keçirən orqan tərəfindən şübhəli və ya təqsirləndirilən şəxsin seçdiyi vəkilin cinayət prosesində iştirakını istisna edən hallar aşkar edilməsi səbəbindən işdən kənarlaşdırması da şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması hesab edilmir. Bu zaman nəzərə almaq lazımdır ki, müdafiəçinin işdə iştirakını istisna edən halların dairəsi qanunla müəyyən edilmişdir (CPM-in 114.1.1-114.1.5-ci maddələri), qapalı siyahı xarakterlidir və cinayət təqibinin mülahizəsinə görə genişləndirici şərhə məruz qala bilməz. Qanunda nəzərdə tutulmayan hər hansı əsasla şübhəli və ya təqsirləndirilən şəxsin seçidiyi müdafiəçinin cinayət prosesində iştirakının məhdudlaşdırılması isə, həqiqətən də, müdafiə hüququnun kobud pozuntusudur.
Şübhəli şəxsin və təqsirləndirilən şəxsin pulsuz hüquqi yardım almaq hüququ iki haldan asılıdır. Birincisi, təqsirləndirilən şəxsin vəkilin haqqını ödəmək üçün kifayət qədər vəsaiti olmamalıdır. İkinci hal isə ondan ibarətdir ki, ədalət mühakiməsinin maraqları pulsuz hüquqi yardımın təmin edilməsini tələb edə bilər. İkinci halda bir sıra amillər məcmu halında nəzərə alınmalıdır. Belə ki, əvvəla, məhkəmə təqsirləndirilən şəxsin hüquqi yardım almadan öz müdafiəsini həyata keçirmək qabiliyyətinə diqqət yetirməlidir. Cinayət işi mürəkkəb məsələlərə aiddirsə və təqsirləndirilən şəxs müvafiq hüquqi arqumentləri irəli sürmək və əsaslandırmaq üçün zəruri hüquqi hazırlığa malik deyilsə, iş üzrə müdafiəni yalnız təcrübəli vəkil bacararsa, ədalət mühakiməsinin maraqları həmin iş üzrə rəsmi qaydada vəkilin təyin olunmasını tələb edir (məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Hoanq Fransaya qarşı iş, 29 avqust 1992-ci il tarixli qərar). İkincisi, məhkəmə hər hansı mümkün sanksiyanın ciddiliyini nəzərə almalıdır. Söhbət azadlıqdan məhrum olunmaqdan gedirsə, ədalət mühakiməsinin maraqları prinsipcə pulsuz hüquqi yardım tələb edir (məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Benhem Birləşmiş Krallığa qarşı iş, 10 iyun 1996-cı il tarixli qərar). Nəzərə almaq lazımdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndinin pozulduğunu müəyyən etmək üçün pulsuz hüquqi yardımın göstərilməməsinin təqsirləndirilən şəxsə real ziyan vurduğunu sübut etməyə ehtiyac yoxdur, belə sübut zəruri olsaydı, bu norma öz mahiyyətini əhəmiyyətli dərəcədə itirmiş olardı. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin 3-cü hissəsinin “c” bəndi vəkilin sadəcə təyin edilməsini deyil, onun yardımından real istifadə edilməsini nəzərdə tutur, vəkilin sadəcə olaraq təyin edilməsi təqsirləndirilən şəxsə səmərəli hüquqi yardımı təmin etmir (məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Artiko İtaliyaya qarşı iş, 30 aprel 1980-ci il tarixli qərar). Səlahiyyətli milli orqanlardan tələb olunur ki, pulsuz hüquqi yardım göstərən vəkil tərəfindən səmərəli hüquqi yardımın göstərilməməsi açıq-aşkar göz qabağındadırsa və ya bu onlara hər hansı başqa bir üsulla məlum olubsa, o halda məsələyə müdaxilə etsinlər (məsələn, İnsan Hüquqlarına dair Avropa Məhkəməsinin təcrübəsindən Kamazinski Avstriyaya qraşı iş, 19 dekabr 1989-cu il tarixli qərar) [4; 6; 12].
Cinayət təqibinə məruz qalmış şəxsin müdafiə hüququnun realizəsi üçün onun ana dilində və ya bildiyi başqa dildə ifadə (izahat) vermək, eləcə də, tərcüməçinin köməyindən pulsuz istifadə etmək hüquqlarının da böyük əhəmiyyəti vardır. Yeri gəlmişkən, qeyd edilməlidir ki, tutulmuş şəxs (o cümlədən, təqsirləndirilən şəxs) hüquqi yardım almaq arzusunda olduğunu bildirərsə, bu şəxsdən o, belə hüquqi yardımla təmin edilməyənədək hər hansı bir ifadə alınmamalıdır, əgər o, belə bir arzusunun olduğunu artıq ifadə verməyə başladıqdan sonra bildirərsə, bu zaman onun dindirilməsi dayandırılmalı və yalnız o, vəkillə təmin edildikdən sonra, öz vəkilinin iştirakı ilə ifadə verməyə davam etməlidir. Tutulmuş şəxs (o cümlədən, təqsirləndirilən şəxs) müdafiəçidən imtina etmədiyi təqdirdə, müdafiəçisinin iştirakı olmadan öz təqsirini etiraf edən ifadələr vermiş olsa da, belə ifadələrin məhkəmə tərəfindən ittihamı təsdiq edən sübut kimi qəbul edilməsi artıq istisna ediləcəkdir. Qeyd edilən pozuntu ilə əldə edilmiş ifadələrdən məhkəmədə sübut kimi yalnız müdafiə tərəfinin vəsatəti ilə istifadə edilə bilər (CPM-in 232.2-1, 232.2-2, 233.5-1 və 233.5-2-ci maddələri).
CPM-in 26.1-ci maddəsinin mənasına görə, mühakimə icraatının dili dövlət dilidir, lakin hər hansı bir ərazidə yaşayan əhalinin müəyyən hissəsi çoxluq təşkil edərsə, mühakimə icraatı həmin əhalinin dilində də aparıla bilər. Adı çəkilən maddə hüquq ədəbiyyatında doktrinal təfsir edilərkən göstərilmişdir ki, bu maddədə “məhkəmələrində” sözünün işlədilməsi məqsədəuyğun deyildir, çünki əks tədirdə, səhvən belə nəticə çıxarmaq olar ki, qanunverici orqan mühakimə icraatının dili ilə bağlı prinsipi yalnız məhkəmədəki icraatla bağlamışdır, halbuki, cinayət mühakimə icraatı yalnız məhkəmədəki icraatı deyil, məhkəməyədək icraatı da ehtiva edir. CPM-in 26-cı maddəsinin digər müddəaları da (məsələn, CPM-in 26.2.2-ci, 26.4-cü maddələri) ona dəlalət edir ki, mühakimə icraatınn dili prinsipindən irəli gələn təminatlar (məsələn, ibtidai araşdırma mərhələsində tərcüməçi yardımından dövlət hesabına istifadə etmək hüququ; ibtidai araşdırmada tərtib edilən prosessual sənədlərin maraqlı şəxslərə onların ana dilində, yaxud bildikləri digər dildə təqdim edilməli olması haqqında qayda və s.) təkcə məhkəmədəki icraata deyil, məhkəməyədək icraata da aiddir [7, s. 507-508]. CPM-in 26-cı maddəsi cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxslər üçün onların məhkəməyədək icraatda yararlana biləcəyi bir sıra spesifik hüquqlar nəzərdə tutmuşdur ki, bu hüquqların pozuntusu müdafiə hüququnun pozuntusu kimi qiymətləndirilməlidir (məsələn, ana dilindən istifadə edə bilmək imkanı barədə məlumatlandırılmaq, tərcüməçi xidmətlərindən ödənişsiz, yəni dövlət hesabına yararlanmaq; icraat başa çatdıqda onun materialları ilə tam həcmdə tanış olmaq; surəti (məsələn, maraqlarına toxunan prosessual qərarlar və s.), yaxud orijinalı (məsələn, hüquqlar haqqında bildiriş və s.) ona verilməli olan prosessual sənədlərin onun ana dilinə, yaxud bildiyi digər dilə tərcümə edilmiş variantı almaq).
Cinayət təqibinə məruz qalan şəxsin dil bilgisi və onun müdafiə hüququ arasındakı korrelyasiya kontekstində qeyd edilməlidir ki, mühakimə icraatının dilini bilmək bu dildə sərbəst şifahi ünsiyyət qurmaq, dialoqa girmək, konkret məsələyə dair (məsələn, ittihamın mahiyyəti, özünü təqsirli, yaxud təqsirsiz bilməsi və s.) öz fikrini və mövqeyini aydın ifadə etmək, zəruri hallarda ona qarşı yönəlmiş neqativ mülahizələrə qarşı öz etirazını bildirmək bacarıqlarına malik olmanı ehtva edir. Konkret dil bilgiləri çərçivəsində məhz bu bacarıqlar müdafiə hüququnun səmərəli realizə edilməsi üçün sine qua non şərtlərdir. Bu anlamda, konkret, yəni mühakimə icraatının aparıldığı dilə münasibətdə sadalanan bacarıqlara malik olmayan şəxs mühakimə icraatının aparıldığı dili bilməyən şəxs hesab edilməlidir.
Cinayət təqibinə məruz qalan şəxsin dil bilgiləri və onun müdafiə hüququnun qarşılıqlı əlaqəsi ilə bağlı, həmçinin qeyd edilməlidir ki, mühakimə icraatının dilini bilməyən təqsirləndirilən şəxsə ittiham aktının onun ana dilinə, yaxud bildiyi digər dilə çevrilmiş surətinin verilməməsi də müdafiə hüququnun kobud pozuntularındandır. Cinayət mühakimə icraatının aparıldığı dili bilməyən təqsirləndirilən şəxsə ittiham aktı bütünlükdə onun ana dilinə, yaxud bildiyi digər dilə çevrilərkən yazılı sənəd formasında təqdim edilməlidir, ittham aktının məzmunun təqsirləndirilən şəxs üçün yalnız şifahi şəkildə tərcüməsi yolverilməzdir. Məzmununa görə tərcümə edilmiş ittiham aktı ilə cinayət mühakimə icraatının aparıldığı dildə tərtib edilmiş ittiham aktları bütün prinsipial məsələlərdə üst-üstə düşməlidir. Şübhəli və təqsirləndirilən şəxslərin müdafiə hüququnun tərkib hissəsi kimi çıxış edən daha bir kompleks xarakterli hüquq müvafiq izahatların və ifadələrin verilməsi, eləcə də, onların verilməsindən imtina edilməsi (susmaq hüququ) hüquqları ilə bağlıdır.
CPM-in 91.5.22-ci maddəsində təqsirləndirilən şəxs üçün icraat materiallarının əlçatanlığını təmin edən, bununla da, müdafiə hüququndan daha səmərəli istifadə edilməsi üçün zəmin yaradan hüquqlar nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, təqsirləndirilən şəxs ibtidai araşdırmanın qurtarması (o cümlədən, cinayət işi üzrə icraata xitam verilməsi) anından etibarən, cinayət işinin bütün materialları ilə tanış ola bilər, həmçinin, cinayət işinin materiallarında ona aid olan bütün sənədlərin surətini çıxara bilər. Bu anlamda, təqsirləndirilən şəxsin cinayət işinin materialları ilə tanış olmaq hüququnun realizəsində yaradılmış hər hansı bir maneə və ya yol verilmiş qanun pozuntusu, eyni zamanda, həm də təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması mənası verəcəkdir. Qeyd edilən kontektsdə cinayət işinin materialları ilə tanışlıq prosedurları hüdudlarında növbəti pozuntular eyni zamanda müdafiə hüququnun pozuntusu sayıla bilər: təqsirləndirilən şəxsin və / və ya onun müdafiəçisinin ibtidai istintaqın başa çatmış olması barədə məlumatlandırılmaması; təqsirləndirilən şəxs və / və ya onun müdafiəçisi üçün cinayət işinin materialları ilə tanışlıq imkanının yaradılmaması; müdafiəçinin üzrlü səbəblərdən cinayət işinin materialları ilə tanış olmaqdan ötrü təyin edilmiş vaxtda gəlmədiyi hallarda materiallarla tanışlıq vaxtının qanunla müəyyən edilmiş hədlərdə (beş günədək) təxirə salınmaması; materiallarla tanışlıq vaxtının qanunla müəyyən edilmiş hədlərdə təxirə salınmasına rəğmən, müdafiəçinin materiallarla tanışlıq üçün gələ bilmədiyi / gəlmədiyi hallarda təqsirləndirilən şəxsin başqa müdafiəçi ilə təmin edilməsinə yönəlmiş tədbirlərin (aidiyyətli vəkil qurumundan yeni vəkilin təyin edilməsi, yaxud başqa vəkillə müqavilənin bağlanması üçün şərait yaradılması) görülməməsi; materialların tanışlıq üçün natamam təqdim edilməsi, özəlliklə, iş üzrə maddi sübut qismində tanınmış əşyaların, o cümlədən, ayrı-ayrı istintaq hərəkətlərinin protokollarına edilmiş əlavələrin (sxemlər, video, yaxud foto çəkiliş nəticələri, surəti çıxarılmış izlər və s.) tanışlıq üçün əlçatanlığının təmin edilməməsi; çoxcildli cinayət işlərinin eyni vaxtda bütün cildlərinin əlçatanlığının təmin edilməməsi, başqa sözlə, çoxcildli cinayət işlərinin ayrı-ayrı cildlərinin cinayət prosesi aparan vəzifəli şəxsin mülahizəsi əsasında növbəlilik əsasında tanış olmaq üçün təqdim edilməsi; cinayət işinin materialları ilə tanış olan təqsirləndirilən şəxsin və / və ya onun müdafiəçinin prosessual hüquqdan sui-istifadə etmədiyi, yəni tanışlıq müddətini bilərəkdən uzatmadığı təqdirdə materiallarla tanış olmaq üçün verilən vaxtın məhdudlaşdırılması; materiallarla tanışlıq prosesinin gedişatı və nəticələrinin protokollaşdırılmaması (təhrif edilməklə protokollaşdırılması); təqsirləndirilən şəxsin və / və ya onun müdafiəçinin materiallarla tanışlıqdan sonra verilmiş vəsatətlərinin qanunla müəyyən edilmiş qaydada həll edilməməsi; materiallarla tanışlıqdan sonra verilmiş vəsatətlərin təmin edildiyi təqdirdə, bu vəsatətlərin təqsirləndirilən şəxs və / və ya onun müdafiəçi, yoxsa cinayət prosesinin başqa bir iştirakçısı tərəfindən verilib-verilməməsindən asılı olmayaraq, təqsirləndirilən şəxsin və / və ya onun müdafiəçinin materialların təmin edilmiş vəsatətə dair hissəsi ilə tanış edilməməsi.
Yuxarıda sadalanan hüquqlardan başqa, cinayət təqibinə məruz qalan şəxslərə onların müdafiə hüququnun təmin edilməsi üçün qanunla bir sıra digər hüquqlar da verilmişdir. Məsələn, prosessual hərəkətlərin, eləcə də istintaq hərəkətlərinin, o cümlədən, onun öz vəsatəti əsasında aparılan prosessual və istintaq hərəkətlərinin həyata keçirilməsində şəxsən və müdafiəçinin yardımından istifadə etməklə (müdafiəçinin də iştirakı ilə) iştirak etmək, yaxud onlarda iştirakdan imtina etmək; özündə olan sübutları, yaxud başqa materialları cinayət prosesini aparan orqana təqdim edərək onların cinayət işinin materiallarına əlavə edilməsini, eləcə də, məhkəmədə tədqiq edilməsini tələb etmək; təqsirini etiraf etmək, yaxud təqsirsiz olduğunu iddia etmək və s. bu kimi hüquqlar hər biri müstəqil məzmun və mahiyyətə malik olan prosessual hüquq olmaqla yanaşı, eyni zamanda, həm də müdafiə hüququnun səmərəli şəkildə həyata keçirilə bilməsi üçün zəmin yaradır.
III. Nəticə
Beləliklə, cari elmi məqalə hüdudlarında aparılmış tədqiqatın əsas nəticələri qismində qeyd etmək lazımdır ki, şübhəli və təqsirləndirilən şəxslərin hüquqlarının səmərəli realizə və müdafiə edilməsi üçün, ilk növbədə, bu subyektlərin özlərinin normativ anlayışları dəqiqləşdirilməlidir. Çünki qeyd edilən subyektlər müvafiq prosessual statusu əldə etmədən qanunla cinayət təqibinə məruz qalan şəxslər üçün nəzərdə tutulmuş müdafiə hüquqlarından istifadə edə bilməzlər.
Qüvvədə olan cinayət-prosessual qanunvericiliyin müvafiq maddələrinin tənqidi qiymətləndirilməsi isə ona dəlalət edir ki, hazırda nə şübhəli şəxsə, nə də təqsirləndirilən şəxsə CPM-də verilmiş anlayışlar təkmil hesab edilə bilər. Bununla əlaqədar olaraq, müəllif tərəfindən cari cinayət-prosessual qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində aşağıdakı təkliflər irəli sürülür:
1. Şübhəli şəxsin leqal tərifinin təkmilləşdirilməsi üçün CPM-in 90-cı maddəsinə aşağıdakı redaksiyada yeni bəndlərin əlavə edilməsi:
“90.1.4. barəsində bu Məcəllənin 207-ci maddəsində nəzərdə tutulmuş qaydada ilkin yoxlama aparılan şəxs;
90.1.5. barəsində cinayət işinin başlanması haqqında qərar qəbul edilmiş şəxs”.
Qeyd edilən qanunvericilik təklifinin reallaşacağı təqdirdə əldə ediləcək müsbət nəticə ondan ibarət olacaqdır ki, təcrübədə barəsində ilkin yoxlama, yəni faktiki olaraq ifşaedici fəaliyyət aparılan şəxslərin, eləcə də, prosessual məcburiyyət tədbiri tətbiq edilmədən barəsində cinayət işi başlanılmış şəxslərin prosessual-hüquqi statusundakı qeyri-müəyyənlik aradan qalxacaq və onların hər bir şübhəli şəxsin malik olduqları hüquqlardan istifadə etmək, eləcə də müvafiq vəzifələri daşımaq imkanı əldə edəcəklər.
2. Təqsirləndirilən şəxsin leqal tərifinin təkmilləşdirilməsi üçün CPM-in 91.1-ci maddəsinin aşağıdakı yeni redaksiyada verilməsi:
“91.1. Barəsində bu Məcəllənin 223.2-ci və ya 300.1.2-ci maddələrində nəzərdə tutulmuş qərarlardan hər hansı biri qəbul edilmiş, yaxud bu Məcəllənin 296.1-ci maddəsində nəzərdə tutulmuş yekun protokolu tərtib edilmiş şəxs təqsirləndirilən şəxs hesab edilir”.
Eynilə bu qanunvericilik təklifinin də reallaşacağı təqdirdə əldə ediləcək müsbət nəticə ondan ibarət olacaqdır ki, təqsirləndirilən şəxsə cari cinayət-prosessual qanunvericilikdə verilmiş leqal tərif təkmilləşdirilmiş olacaqdır, o cümlədən, təcrübədə cinayət təqibinə məruz qalan şəxsin hansı andan etibarən təqsirləndirilən şəxsin hüquqlarından istifadə edə bilməsi və vəzifələrinin daşımalı olması haqqında dəqiq təsəvvür yaranacaqdır. Bundan başqa, məqalədə əsaslandırılmışdır ki, müdafiə olunmaq hüququ öz məzmununa görə kifayət qədər geniş bir hüquqi kateqoriya olub, ümumiləşdirici termin kimi çıxış edir və əslində özündə çox sayda fərqli hüquqları birləşdirir.