Vəkil hansı hallarda vətəndaşa hüquqi yardım göstərməkdən imtina edə bilər?


  • 22 Fevral 2021 09:55

“Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 5-ci maddəsinə əsasən, vəkil, dövlət hesabına hüquqi yardım göstərilməsi və Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi yardımın göstərilməsindən müqavilə bağlanana qədər imtina edə bilər.

Maddənin məzmununa görə:

1. Vəkil dövlət hesabına hüquqi yardım göstərilməsindən imtina edə bilməz;

2. Vəkil Azərbaycan Respublikasının digər qanunları ilə nəzərdə tutulmuş hallarda hüquqi yardım göstərilməsindən imtina edə bilməz;

3. Vəkil hüquqi yardımın göstərilməsindən müqavilə bağlanana qədər imtina edə bilər.

Göründüyü kimi, normativ hüquqi aktın norması vəkilə yalnız müqavilə bağlanana qədər hüquqi yardımın göstərilməsindən imtina etmək kimi bir hüquq verir. Əslində sözügedən norma qüsurlu və natamamdır. Qüsurludur, ona görə ki, vəkil tərəfindən hüquqi yardımın göstərilməsi məhz bununla bağlı müştəri və vəkil (vəkil qrumunun rəhbəri) arasında bağlanan müqavilədən sonra başlayır. Belə ki, müqavilə şərtlərinə uyğun olaraq, vəkil üzərinə hüquqi yardım göstərmə ilə bağlı öhdəlik götürür və onu icra edir. Əgər hüquqi yardımın göstərilməsi ilə bağlı tərəflər arasında imzalanmış (razılaşdırılmış) müqavilə yoxdursa, o zaman hüquqi yardım göstərilməsindən söhbət gedə bilməz (hüquqi məsləhət vermə istisna olmaqla). Ona görə də normanın nəzərdə tutduğu “müqavilə bağlanana qədər” ifadəsi “hüquqi yardım göstərilməsi” institutuna tamamilə ziddir.

Normanın natamamlığı ondan ibarətdir ki, norma bütövlükdə vəkilin imtina hüququnun olmamasını qabardır, bu isə normanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin təsiri altında olduğunu aydın göstərir. Qanunun 16-cı maddəsinin 1-ci hissəsinə görə, peşə fəaliyyətini həyata keçirərkən vəkil onun tərəfindən qəbul edilən müdafiə öhdəliyindən imtina etməməlidir. Məhz sözügedən normanın natamamlığı eyni zamanda 5-ci maddənin natamam olmasına təsirsiz ötüşmür. Natamamlıq ondan ibarətdir ki, əksər xarici ölkələrin (Rusiya Federasiyası və s.) vəkillik qanunvericiliyində nəzərdə tutulan “vəkilin müdafiədən imtina edə bilməməsi” institutu tam şəkildə ölkədaxili digər normativ hüquqi aktlarla müzakirə edilməmişdir. Halbuki “vəkilin müdafiədən imtina edə bilməməsi” institutu beynəlxalq institut olmaqla genişmiqyaslı qəbul olunan bir qaydadır. Lakin bu qaydanın digər bərqərar olunmuş qaydalar kimi mövcud zaman və məkan baxımından heç də məcburi xarakter daşımamasını da unutmaq olmaz. Bu səbəbdən istənilən məcburi normanın zaman və məkana görə dəyişikliyə uğraması və öz təsir gücünü qismən itirməsi halından kənar qalmaq olmaz. Odur ki, bununla bağlı Ukraynanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 41-ci maddəsini təkmil hesab etmək olar. Sözügedən normaya görə, vəkil qanunvericilikdə müəyyən olunmuş hallardan kənar müdafiədən imtina edə bilməz. Beləliklə, sözügedən normanın məzmunu tamamilə doğrudur və həmin məzmun məhz “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 16-cı maddəsinin 1-ci hissəsinin sonuncu abzasına əlavə olunmalıdır. Bundan başqa, hüququ yardımın göstərilməsi ilə bağlı vəkillə müştəri arasında bağlanan və nümunəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Rəyasət Heyətinin 23.04.2018-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Hüquqi yardmın göstərilməsi haqqında” Müqavilənin 3.2.8-ci bəndinə görə, «Vəkillər və vəkillik fəaliyyəti haqqında» Azərbacan Respublikası Qanunun 20-ci maddəsində nəzərdə tutulan müqavilə bağlanana qədər imtina halı istisna olmaqla onun tərəfindən qəbul edilən müdafiə öhdəliyindən imtina etməmək vəzifəsi vardır (bənddə nəzərdə tutulan “20-ci maddə” sözü əslində “5-ci maddə” sözü ilə əvəz edilməlidir – müəllif).

Göründüyü kimi, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun həm 5-ci, həm də 16-cı maddəsində, həm də hüquqi yardımın göstərilməsi ilə bağlı vəkillə müştəri arasında bağlanan “Hüquqi yardmın göstərilməsi haqqında” Müqavilənin 3.2.8-ci bəndi vəkilin imtina hüququnun olmamasını elan edir. Doğrudur, göstərilən normaları vəkilin fəaliyyətinə təsir edən müddəa, o cümlədən vəkilin konstitusion hüquqlarına müdaxilə kimi qiymətləndirmək olar, lakin mövcud prosessual qanunvericilik aktları (sahəvi aktlar) heç də bu fikirdə deyil və bu sahədə onların üstünlük hüququna malik olmasını nəzərdən qaçırmaq olmaz. Məhz bu hallara görə vəkilin hüquqi yardım göstərməkdən imtina hüququna malik olmasını bəyan etmək mümkündür.

Başlıcası, Vəkillər Kollegiyası üzvlərinin Konfransı tərəfindən 07.12.2017-ci il tarixdə qəbul olunmuş “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamənin 3.9-cu bəndinə görə, vəkil mənafeyi təmsil edilənin mənafeyinə zidd olan şəxslərə həmin iş üzrə hüquqi yardım göstərirsə və ya əvvəllər belə yardım göstərmişsə, o, həmin işin icrasından imtina etməlidir. Doğrudur, bu normanın “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanun həm 5-ci, həm də 16-cı maddəsi ilə fərqli olmasını söyləmək olar, lakin ziddiyyət təşkil etməsi söyləmək artıq əminlik deyil, mübahisə mövzusudur. Burada nəzərə almaq lazımdır ki, Əsasnamə Qanundan xeyli sonra qəbul edilmişdir və Qanunun qəbulundan sonra vəkil fəaliyyətində qarşılaşan çətinlikləri çözməkdə Qanundan fərqli normalar nəzərdə tuta bilərdi. Baxmayaraq ki, Qanunun zamana görə ayaqlaşmayan müddəaları dəyişikliyə uğramalı və təkmil normalarla əvəz edilməli idi və bu hal daha məqsədəmüvafiq hesab olunur.

Göründüyü kimi, Qanundan fərqli olaraq onun qədər səlahiyyət gücünə malik olmayan Əsasnamə artıq müəyyən hallar müqabilində vəkilə imtina hüququ bağışlamışdır. Bundan başqa, “Hüquqi yardmın göstərilməsi haqqında” Müqavilənin 2.3-cü bəndinə əsasən, bu müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan haqq ödəniləndən sonra vəkilə order verilir və haqq ödənilməyənə qədər vəkil tapşırığın icrasına başlamaya bilər. Əgər haqq ödənilmədən vəkil tapşırığın icrasına başlamışsa, icranı dayandırmağa haqlıdır. Burada müqavilə şərtləri təbii ki, mülki-hüquqi aspektdən çıxış etməlidir və buna görə də hüququ yardım göstərilmə ilə bağlı vəkilin üzərinə götürdüyü tapşırığın icrasını dayandırmaq hüququna malik olması göz önündədir. “İcranı dayandırmaq” ifadəsi mahiyyəti etibarilə “imtina etmək” ifadəsinə oxşardır və mülki-hüquqi xarakter baxımından eyni məzmunlu hərəkət kimi ifadə etmək olar. Çünki dayandırmaya səbəb olan hal, müştəri tərəfindən aradan qaldırılmırsa, bu yekunda imtinaya gətirib çıxardır. Eyni zamanda bu sahədə xüsusi sahəvi normativ hüquqi akt hesab olunan Cinayət Prosessual Məcəlləsi də xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Məcəllənin 92.10.3-cü maddəsinə əsasən, özbaşına müdafiədən imtina etmək və ya müdafiəçi qismində səlahiyyətlərinə xitam vermək, habelə təqsirləndirilən şəxslərin qanuni mənafeləri arasında ziddiyyət olduğu halda onlarda xüsusi və daha çoxunu müdafiə etmək müdafiəçiyə qadağan olunur.

Göründüyü kimi, Məcəllə vəkilin imtina hüququna malik olmasını qəbul edir, sadəcə bu imtinanı özbaşına deyil, razılaşdırmış formada həyata keçirilməsinin tərəfdarıdır. Burada “razılaşdırılmış forma” ifadəsi əslində qanunvericilikdə nəzərdə tutulmalı olan bir prosessual qayda kimi mövcud olmalıydı, lakin bunun yoxluğunda buna oxşar hüquq normaları baxımından bu məsələnin həllini tapmaq mümkündür. Bu, eyni zamanda tək cinayət işləri üzrə deyil, digər növ icraat işləri üzrə də həyata keçirilməsi mümkün sayılmalı bir haldır. Eyni zamanda tək müqavilə əsasında hüquqi yardımın göstərilməsi vəziyyətində deyil, hətta dövlət hesabına hüquqi yardımın göstərilməsi halında da tətbiq edilməsi mümkün sayılmalıdır.

Beləliklə, qanunvericilikdə konkret olaraq göstərilməsə belə (müəyyən istisna ilə Əsasnamədə və Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub) müəyyən hallara görə vəkil hüquqi yardım göstərilməsindən imtina edə bilər. Bu halların dairəsinin müəyyən edilməsi və gələcəkdə normativ hüquqi akt mətnində nəzərdə tutulması olduqca zəruridir. Lakin indiki vəziyyətdə bu hallara oxşar hallar kimi Cinayət Prosessual Məcəlləsinin 114.1-ci maddəsində müdafiəçiyə (vəkilə) etiraz üçün aşağıdakı əsaslı halları nəzərdə tutulmuşdur:

1. Cinayət prosesində iştirak edən və ya əvvəllər iştirak etmiş hakimlə, prokurorla, müstəntiqlə, təhqiqatçı ilə və ya məhkəmə iclasının katibi ilə qohumluq əlaqələrinin, habelə bu şəxslərdən şəxsi və ya xidməti asılılığın olması;

2. Cinayət təqibi üzrə icraatda hakim, prokuror, müstəntiq, təhqiqatçı, hal şahidi, məhkəmə iclasının katibi, tərcüməçi, mütəxəssis, ekspert və ya şahid qismində iştirak etməsi;

3. Hakim, prokuror, müstəntiq və ya təhqiqatçı vəzifələrini tutması (təqsirləndirilən, şübhəli şəxsin və ya cinayət prosesinin fəaliyyət qabiliyyəti olmayan iştirakçısının qanuni nümayəndəsi olması, yaxud mülki iddiaçı və ya mülki cavabdeh kimi tanınmış işlədiyi orqanın nümayəndəsi qismində iştirak etməsi hallarından başqa);

4. Qanuni mənafeyini müdafiə etdiyi təqsirləndirilən və ya şübhəli şəxsin, həmçinin təmsil etdiyi zərər çəkmiş şəxs, mülki iddiaçı, yaxud mülki cavabdehin qanuni mənafeyi ilə ziddiyyət təşkil edən şəxsə hüquqi yardım göstərməsi;

5. Qanuna və ya məhkəmənin hökmünə əsasən müdafiəçi və ya nümayəndə olmaq hüququnun olmaması.

Göstərilən hallar olduqca zəruri hesab olunan hallardır, lakin tam deyildir və imtina hüququnun həyata keçirilməsi üçün bu halların əhatəsi dəqiqləşməli və genişlənməlidir.
Beləliklə, vəkil hüquqi yardımdan əsassız olaraq imtina edə bilməz, bunun üçün mütləq əsaslı bir səbəb olmalıdır. Bu səbəbin əsaslı olmasını təbii ki, vəkil əsaslandırmalıdır, amma vəkilin son olaraq belə bir nəticəyə gəlməsi və imtina etməsi qəbuledilən deyil. Ona görə də vəkil əsaslanmasını hüquqi yardım göstərdiyi yerdə buna məsul vəzifəli şəxsə təqdim etməli və yekun olaraq bu əsaslanmanın əsaslı olub-olmaması məsələsi həll edilməlidir.

Doğrudur, cinayət işləri üzrə istintaq və məhkəmədə vəkilin hüquqi yardım göstərməkdən imtina hüququnun həyata keçirilməsi müəyyən şərtlərlə nəzərdə tutulmuşdur. Məsələn Cinayət Prosessual Məcəllənin 92.16.3-cü maddəsinə görə, cinayət prosesini həyata keçirən orqan müdafiəçinin cinayət prosesində iştirakını istisna edən halları aşkar edib onu kənarlaşdırdıqda vəkilin cinayət prosesində müdafiəçi qismində iştirakına xitam verilmiş hesab edilir. Yaxud Məcəllənin 114.3-cü maddəsinə əsasən, müdafiəçiyə ... etiraz məsələsi cinayət prosesini həyata keçirən orqan tərəfindən həll edilir. Burada vəkilin öz razılığı olmadan prosesdən kənarlaşdırılması məsələsi istisna təşkil edir və bu istiqamətdə Məcəllənin mövcud 114.4-cü maddəsinin məzmununu hüquqi yardımdan imtina kimi qiymətləndirmək olmaz.

Göstərilən prosessual normaları hüquqi yardımdan imtina hüququnu həyata keçirmək qaydası kimi tam hesab etmək olmaz. Mövcud oxşar prosessual hərəkətləri nəzərə alaraq, eyni zamanda hüququn və qanunun analogiyasının tətbiqindən istifadə edərək bu formanın aşağıdakı qaydada həyata keçirilməsini məqsədəmüvafiq saymaq olar. Beləliklə, hüququ yardım göstərən vəkil (dövlət hesabına hüquqi yardım göstərən vəkil istisna olmaqla) hüquqi yardım göstərməkdən imtina üçün əsaslı hal müəyyən edirsə bu barədə öncə müştəriyə, daha sonra hüquqi yardım göstərilən ünvanda (məhkəmədə və s.) buna məsul şəxsə (hakimə və s.) bu barədə məlumat verir. Həmçinin hüquqi yardımdan imtina etməsi barədə hüquqi yardım göstərilən ünvanda (məhkəmədə və s.) buna məsul şəxsə (hakimə və s.) yazılı formada müraciət edərək onun imtinasının əsaslı sayılmasını və onun vəkil kimi prosesdən kənarlaşdırılmasını xahiş edir. Əgər hüquqi yardım göstərilən ünvanda (məhkəmədə və s.) buna məsul şəxs (hakimə və s.) müraciəti əsaslı hesab edirsə, o zaman vəkilin imtinasını qəbul edir və onun prosesdən kənarlaşdırılması barədə qərar qəbul edir. Bundan sonra şəxsə hüquqi yardım göstərilməsi üçün yeni vəkillə müqavilə bağlamaq üçün ağlabatan müddət verir və onun prosesdə səmərəli hüquqi yardımdan istifadə hüququndan tam istifadəsini təmin edir. Bu sahədə Türkiyə Respublikasının “Vəkillik” Qanununda maraqlı 41-ci maddə mövcuddur. Sözügedən maddədə hüquqi yardımdan imtina edən vəkil bu barədə müştəriyə məlumat verməli və məlumatdan sonra 15 gün ərzində ona hüquqi yardım göstərməlidir. Həmçinin, Amerika Hüquqşünaslar Assosasiyasının Nümunəvi Peşə Etikası Qaydalarının 1.16-cı qaydasına görə nümayəlikdən imtina və ya ona xitam verilməsini əhatə edir. Həmin Qaydaya görə vəkilə müəyyən hallarda imtina hüququ verilir. Qaydanın “q” bəndinə əsasən, müştərinin maraqlarını təmsil etmə bitdikdən sonra vəkil müştərinin maraqlarının müdafiəsi üçün real olaraq həyata keçirilə bilən həcmdə tədbirlər görməlidir, məsələn, başqa vəkil tutmaq barədə müştəriyə xəbərdarlıq etməli və ona vaxt verməli, müştəriyə çatacaq sənədləri və mülkiyyəti təhvil verməli, habelə alınmış bütün avans ödəmələri ödəməlidir.

Nəticə etibarı ilə vəkil hüquqi yardım göstərməkdən imtina etdiyi şəxsə qarşı etik qaydalar çərçivəsində davranmalı, ona növbəti vəkillə təmsil olunması üçün şərait yaratmalı bu sahədə hətta ona köməklik göstərməlidir. Eyni zamanda hüquqi yardım göstərilməsi üçün müştəri tərəfindən ödənilmiş haqqın bir hissəsini (imtinaya qədər göstərdiyi hüquqi yardıma görə nəzərdə tutulan haqqı çıxmaqla) müştəriyə qaytarılmasını təmin etməlidir.

Burada vəkilin hüquqi yardım göstərməkdən imtina hüququndan istifadə üçün əsaslı hesab etdiyi halın müvafiq orqan (məhkəmə və s.) tərəfindən əsaslı sayılmaması halında orqanın həmin qərarından vəkilin yuxarı orqana (o cümlədən məhkəməyə) şikayət etmək hüququna malik olması da diqqətdən yayınmamalıdır. Burada hər hansı orqan tərəfindən mübahisəli qərardan vəkilin şikayət vermək hüququnu məhdudlaşdırmaq birbaşa hüquqi yardım göstərilən şəxsin müdafiə hüququndan səmərəli istifadəsinə yönəlmiş addımdır. Dövlət hesabına hüquqi yardım göstərən vəkilə gəlincə, burada da hər hansı bir maneə mövcud deyildir. Belə halda imtina hüququndan istifadə edən vəkil dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı qərar qəbul etmiş orqana (vəzifəli şəxsə) müraciət etməli və öz müraciətini əsaslandırmalıdır. Müraciəti əsaslı hesab olunarsa, vəkilin imtinası qəbul olunmalı və o, prosesdən kənarlaşdırılmalıdır. Belə olan halda həmin orqan (vəzifəli şəxs) şəxsə dövlət hesabına hüquqi yardım göstərilməsi ilə bağlı yeni qərar qəbul etməli və onu icra üçün müvafiq quruma göndərməlidir. Bu halda da vəkil hüquqi yardım göstərməkdən imtina etdiyi şəxsə yeni vəkil təyin edilənədək üzərinə düşən öhdəliyi layiqincə yerinə yetirməlidir.

Əgər vəkil hüquqi yardım göstərilməsi ilə bağlı müqavilə bağlamışsa, lakin hüquqi yardım göstərməyə hələ başlamayıbsa, yaxud müəyyən hərəkətlərin edilməsinə başlamışsa (məsələn, sübutların toplanması və s.), imtina halı üçün əsas aşkar olunduqda bu barədə müştəriyə məlumat verməli, ona yeni vəkillə müqavilə bağlamaq üçün vaxt verməli, gördüyü işlərin haqqını saxlamaqla, yerdə qalan ödənişin müştəriyə qaytarılmasını təmin etməlidir. Əgər müştəri vəkilin imtinasını əsaslı saymasa, o cümlədən tərəflər arasında bağlanmış müqavilədə vəkilin “öhdəlikdən imtina etmək” hüququnun olmamasını əsas götürərsə və vəkildən üzərinə götürdüyü öhdəliyi yerinə yetirməyi tələb edərsə, o zaman vəkil hüquqi yardım göstərilməsi ilə bağlı bağlanılmış müqavilənin mülki-hüquqi prinsiplər baxımından ləğv edilməsi (etibarsız sayılması) barədə müvafiq məhkəmədə iddia qaldıra bilər.

Nəticə olaraq, vəkilin hüquqi yardım göstərməkdən imtina hüququna malik olması yalnız qanunvericilikdə nəzərdə tutulan (tutulmasa belə vəkil tərəfindən əsaslı sayılan) əsaslı hallara görə mümkündür və bu hüququndan istifadə üçün vəkilə hər hansı bir maneə yaradıla bilməz. Unutmaq olmaz ki, hüquqi yardımdan imtina hüququ şəxsin keyfiyyətli hüquqi yardım almaq hüququndan səmərəli istifadə etməyə dəlalət edir.

Paşa Səfərov

Bakı şəhəri 26 saylı Vəkil Bürosunun müdiri

Oxşar xəbərlər