Anar Bağırov: "Dövlət qurumları qanunu rəhbər tutmalı, formal vəkillik hallarına biganə yanaşmamalıdırlar"


  • 1 Dekabr 2021 17:50

“Dövlət hesabına hüquqi yardımla bağlı Vəkillər Kollegiyası tərəfindən görülən işlər bu sahədə şəffaflığı tam təmin edib”.

Bunu e-huquq.az-a açıqlamasında Vəkillər Kollegiyasının sədri Anar Bağırov deyib.

O bildirib ki, Prezident İlham Əliyevin "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında Fərmanından sonra dövlət hesabına hüquqi yardım məsələsinə tam nəzarət və rəhbərlik Vəkillər Kollegiyası tərəfindən həyata keçirilir: “Bu məqsədlə Kollegiyanın nəzdində fəaliyyət göstərən “Hüquqi Yardım və Tədris Mərkəzi” yaradılıb. Hesab edirəm ki, ötən dövr ərzində bu sahədə tam şəffaf və uğurlu iş təşkil edə bilmişik. Hazırda Bakı şəhəri üzrə məhkəmələr tərəfindən dövlət hesabına hüquqi yardımın təyin olunması barədə qərarlar elektron qaydada bölüşdürülür. Yəni, Azərbaycan vəkilliyi və məhkəmə tarixində ilk dəfə olaraq bu işə başlanılıb”.

A.Bağırov əvvəllər bu sahədə müəyyən nöqsanların olduğunu deyib: “Bəzi istintaq orqanları eyni qurumlara təyinat haqqında qərarlar göndərir, eyni vəkillər işlərə çıxırdılar. Aydın məsələdir ki, bu bizi qane edə bilməzdi. Hesab edirik ki, bu sahədə də işlər mütənasib aparılmalı, qurumlar arasında bərabər bölünməlidir. Dövlət hesabına könüllülük əsasında hüquqi yardım göstərən vəkillər arasında işlər elektron qaydada bölündükdə təbii ki, narazılıq olmayacaq. Vətəndaşlar da şahid olacaqlar ki, vəkillər təyinatla çıxdıqları işlərdə də keyfiyyətli hüquqi yardım göstərirlər. Yəni, müqavilə üzrə olduğu kimi. Hər bir vətəndaş dövlət hesabına göstərilən hüquqi yardımın keyfiyyətli, səriştəli, peşəkar olmasına əmin olandan sonra həm vəkilliyə, həm ədalət mühakiməsinə, həm də dövlətə inamı qat-qat artacaq. Belə olan halda ideala yaxın bir vəziyyət yaranacaq ki, bizim arzu və hədəfimiz də məhz bundan ibarətdir".

Sədrin fikrincə, gələcəkdə nəinki məhkəmə, ümumiyyətlə istintaq-təhqiqat orqanlarının qərarları da elektron qaydada bölüşdürülməlidir: “Burada məqsəd şəffaflığın təmin olunması, qeyri-prosessual halların aradan qaldırılması və vətəndaş məmnunluğunun artırılmasıdır. Bütün bunlar olduqda insanların hüquqları da keyfiyyətli şəkildə müdafiə olunur. Biz buna nail olmaq üçün məqsədyönlü tədbirlər həyata keçiririk. Vəkilliyin rəqəmsallaşması, elektron xidmətlər davam edir. Regionlarda görüşlər zamanı da bu məsələləri qaldırmışıq”.

Sədr həyata keçirilən ardıcıl tədbirlər nəticəsində bir çox mənfi halların aradan qaldırıldığını bildirib: “Bu gün yaradılan bütün imkanlar onu deməyə əsas verir ki, vəkillərin normal fəaliyyəti üçün lazımi şərait mövcuddur. Əvvəl cəmiyyətdə "formal vəkillik" kimi xoşagəlməz ifadələr var idi. Bu ifadələr keçmişdə qalmalıdır, bir daha olmamalıdır. Bu, vəkillik üçün böyük bir bəla idi, ləkə idi. Biz o ləkəni silirik və silməkdə də davam edəcəyik. O ləkə olmamalıdır. Azərbaycan vəkilliyi heç vaxt bu cür hallara yol verməyəcək. Zənnimcə, dövlət qurumları da məsələyə qanunu rəhbər tutmaqla yanaşmalıdır. Vəkillik və dövlət qurumları arasında bir anlaşma olmalıdır. Vəkillər öz peşə borcunu layiqincə yerinə yetirməli, dövlət qurumları isə qanunu rəhbər tutmalıdır və formal vəkillik hallarına biganə yanaşmamalıdırlar. Vəkil sirri qorunmalıdır. Bu müqəddəs anlayışdır. Bizim qüvvədə olan qanuna görə, vəkilin aldığı məlumatlar, müştəri ilə görüşləri, əldə etdiyi sənədlər, bütün bunlar hamısı vəkil sirrini təşkil edən məlumatlardır. Bu məlumatlar üzrə vəkil dindirilə bilməz, heç bir orqan o sənədləri vəkildən tələb edə bilməz. Hesab edirəm ki, bu vəkillik fəaliyyətinin müstəqilliyinin və toxunulmazlığının ən ali qaydasıdır. Bu gün Azərbaycanda bu qayda mövcuddur və qanunla nəzərdə tutulub. Zənnimcə, biz bu məsələ üzrə lazımi koordinasiya işini və monitorinqləri həyata keçirməliyik. Əgər pozuntu halları olarsa, təbii ki, Vəkillər Kollegiyası tərəfindən ən sərt tədbirlər görüləcək”.

Xəyalə Bünyatova

Oxşar xəbərlər