Vəkil məsləhəti necə olmalıdır?


  • 17 May 2022 14:52

Heç vaxt anlamadığım məsələ bəzi vəkillərin ödənişli məsləhət verməkdən çəkinmələridir. Bir qrup vəkil hesab edir ki, ödənişli məsləhət verərsə, müraciət edən şəxs onunla müqavilə bağlamayacaq, öz "dilimizdə" desək ondan qaçacaq. Peşə fəaliyyətinə başladıqdan qısa bir müddət keçdikdən sonra bir çox vəkillər arasında yayılmış bu fikrin əsassız olması qənaətinə gəldim. Təcrübə göstərir ki, ödənişli əsasla peşəkar araşdırma aparmaqla məsləhət verdikdən sonra əksər hallarda müraciət edən şəxslər hüquqi yardım göstərilməsi barədə müqavilə bağlayırlar. Əlbəttə ki, perspektivi olan işlərdən söhbət gedir.

Başlanğıcda ödənişli əsasla məsləhət verməyin faydaları görünmür. Lakin ödənişli məsləhəti vərdişə çevirdikdən sonra onun çox asan şəkildə başa gəlməsi aydın olur. Peşəkar vərdişə yiyələnməklə ödənişli məsləhət verməyin ciddi və müsbət nəticələrini açıq şəkildə müşahidə edə bilərik. İndi isə ödənişli məsləhət verməyin zəruriliyinə toxunmaq istəyirəm.

Birincisi, məsləhət almaq üçün cüzi vəsait (mövcud konsultasiya bazarında qiymətlər 30 manatdan başlayaraq araşdırma predmetinin həcmindən asılı olaraq təxminən 100 manata qədər dəyişir) xərcləməyən şəxslər müqavilə bağlamaqla hüquqi yardım göstərilməsinə görə bir qayda olaraq normal qonorar ödəmirlər. Ödənişli məsləhət almaqdan qaçanlar cüzi müqavilə haqqı ödəyən şəxslərdir. Peşə həyatı göstərir ki, cüzi xidmət haqqı ilə normal hüquqi yardım göstərilməsi mümkün olmur və sonda keyfiyyətli hüquqi yardım göstərə bilməyən vəkil müştəri tərəfindən ciddi qınaqlara məruz qalır. Cüzi xidmət haqqı ilə hüquqi yardım göstərmək üçün vəkil özünün dəftərxana, nəqliyyat, poçt, ezamiyyə, yemək və sair xərclərini ödəyə bilmir, nəticə etibarilə hüquqi yardımı keyfiyyətli şəkildə icra etmək olmur.

İkincisi, bir qisim insanlar vəkillərin ödənişli məsləhət verməsini anlamırlar, onların havadan pul qazandıqlarını düşünürlər. Ödənişli məsləhət verməklə vəkillər həmin şəxslərin səhv olan fikrini dəyişirlər. Bunu anlamaq üçün qısa şəkildə məsləhət vermə prosesini aydınlaşdırmaq lazımdır.

Hüquqi məsləhət özündə bir sıra mərhələləri ehtiva edir. İlk öncə vəkil büro şəraitində müraciət edən şəxslə tanış olmalı, vəkil kimi özünü təqdim etməli, alacağı məlumatların sirrini qoruyacağını müraciət edən şəxsə bəyan etməlidir. İkincisi, müraciət edənin şəxsiyyəti müəyyən edilməli, hüquqi problemin ona, yoxsa digər şəxsə aid olması və hansı hüquqi nəticəni arzulaması təsbit olunmalıdır. Üçüncü mərhələdə müştəri dinlənilməli, suallar verməklə və sənədlərin araşdırılması ilə hüquqi problem tam anlaşılmalıdır. Bəzən hüquqi problemi anlamaq üçün müəyyən subutların sorğu və sair üsullarla əldə olunmasına zərurət yaranır. Yalnız bundan sonra vəkil hüquqi problemin nədən ibarət olmasını tam anlayır. Məsləhət vermənin dördüncü mərhələsi arzu olunan nəticənin perspektivli olub-olmamasını müəyyən etmək üçün hüququn araşdırılmasıdır. Sonuncu mərhələ isə hüquqi problemin müsbət sonluqla həll edilməsinin mümkün olub-olmaması barədə müştəriyə məlumat verilməsidir. Müraciət edən şəxslər göstərilən mərhələlərdən keçdikdən və peşəkar hüquqi rəy aldıqdan sonra məsləhət vermənin ciddi bir təfəkkür prosesi və ünsiyyət vasitəsi olmasını anlayırlar və vəkil əməyini qiymətləndirirlər. Bu cür məsləhət prosesindən sonra dəfələrlə olub ki, müraciət edən şəxslər vəkilin zəhmətini qiymətləndiriblər və vəkilin zəhməti barədə əvvəllər səhv düşündüklərini etiraf ediblər. Başqa sözlə Əksinə vəkil zəhmətinin ödənilməli xidmət olmasına inanmışlar. Deməli, bir qisim insanlar ödənişli məsləhət aldıqdan sonra məsləhət verməyin ciddi və zəhmət tələb edən araşdırma prosesi olmasına inanırlar.

Üçüncüsü, vəkil xidmətinə görə cüzi xidmət haqqı ödəməyi düşünən insanlar məsləhət vermə prosesindən keçdikdən sonra hüquqi yardımın mürəkkəb, əziyyətli, peşəkar bilik tələb edən və səbrli olmağı şərtləndirən xidmət olmasını anlayırlar. Çox az adam tapılar ki, vəkilin zəhmətini gördükdən sonra hüquqi yardıma görə cüzi pul ödəməkdə israr etsin.

Dördüncüsü, yalnız ödənişli əsaslarla keyfiyyətli və peşəkar məsləhət vermə prosesindən sonra işin perspektivini müəyyən etmək olur. Bir çox hallarda məsləhət vermə prosesindən sonra işin perspektivinin olmaması, yaxud qarşı tərəflə müəyyən uzlaşmanın əldə olunmasının zəruri olması və ya müraciət edən şəxsin qismən uğur qazana biləcəyi aydın olur. Göstərilən nəticələr bir qayda olaraq ofis şəraitində ödənişli əsasla peşəkar araşdırmadan sonra müəyyən edilir. Ödənişsiz məsləhətlər isə bir çox hallarda telefonla, yaxud əlüstü şəraitlərdə verilir ki, nəticədə müraciət edənlərə, ən əsası isə vəkillərə işin perspektivini dəqiq şəkildə müəyyən etmək müyəssər olmur. Belə bir səthi məsləhətdən sonra müqavilə bağlanılır və təbii olaraq natamam hüquqi yardım göstərilir, nəticədə müştəri ilə vəkil arasında ciddi narazılıqlar meydana gəlir.

Beşincisi, ödənişli məsləhət vermə ofis şəraitində müəyyən edilmiş vaxt aralığında kənar müdaxilə və maneə olmadan sakit bir mühitdə müraciət edənlə birlikdə araşdırma tələb edir. Bu zaman müraciət edən vəkili, vəkil isə müraciət edəni yaxından tanıyır. Bundan sonra müraciət edən şəxs müqavilə bağlamaqla öz işini vəkilə həvalə edib-etməməsinə tam qərar verir. Eyni zamanda müraciət edənin bir çox xüsusiyyətlərini müşahidə edən vəkil onunla yola çıxıb-çıxmamağa qərar verə bilir. Bir-birinə güvənmək vəkil-müvəkkil münasibətlərində çox vacib məsələdir, bunsuz normal hüquqi yardımın göstərilməsi mümkün deyil. Güvənli münasibətlərin əsası düzgün təşkil edilmiş məsləhət vermə zamanı qoyulur.

Altıncısı, ödənişli məsləhət zamanı müqavilə bağlanıldığı təqdirdə müştəri ilə vəkil arasında ünsiyyət saxlamağın qaydaları, hüquqi yardım göstərməyin mərhələləri, müddətləri, görüləcək işlər barədə hesabat verməyin mexanizmi müəyyən edilir ki, bu da gələcəkdə hüquqi yardımın keyfiyyətli şəkildə icra edilməsinə və sağlam münasibətlərin qurulmasına səbəb olur.

Ödənişli məsləhət verməyin zəruriliyi barədə daha ətraflı yazmaq olar. Amma hesab edirəm ki, göstərilən zəruri şərtlər düzgün nəticə çıxarmağa kömək edir. Ümid edirəm ki, dostlar bu yazıdan o nəticəni çıxarmayacaqlar ki, mən vəkillərin əsas qayəsinin pul qazanmaq olduğunu vurğulayıram. Əsla belə fikirləşmirəm, vəkil peşəsinin qeyri - kommersiya və ictimai bir xidmət olduğunu qəbul edirəm. Amma belə bir təsisatın keyfiyyətli şəkildə işləməsi üçün normal xidmət haqqı tələb edilir. Digər tərəfdən öz hesabına vəkil xidməti ala bilməyən şəxslərə qanunla dövlət hesabına hüquqi yardım göstərilməsi də mümkündür. Bundan əlavə əksər vəkillər il ərzində müəyyən işləri ödənişsiz şəkildə qəbul edib icra edirlər.

Vamiq Şükürov

Vəkillər Kollegiyasının üzvü

Oxşar xəbərlər