ELSA Azərbaycanın Vəkillər Kollegiyasının dəstəyi ilə keçirdiyi məhkəmə müsabiqəsinin qalibi məlum oldu - FOTO


  • 2 İyun 12:17

İyunun 1-də Ali Məhkəmədə ELSA Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) tam dəstəyi ilə təşkil olunan XIII Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi keçirilib.

E-huquq.az xəbər verir ki, tədbirdə ARVK-nın sədri Anar Bağırov, Ali Məhkəmənin sədr müavini Çingiz Əsgərov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, deputat Kamal Cəfərov və digər şəxslər iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Çingiz Əsgərov qeyd edib ki, Ali Məhkəmə tələbələrin inkişafında, onların hazırlıqlı olmasında, nəzəri biliklərlə yanaşı, təcrübi biliklərinin də inkişaf etdirilməsində maraqlıdır. O, Milli Məhkəmə Müsabiqəsinin hüquq təhsili alan tələbələrin biliklərinin təkmilləşdirilməsində müsbət rol oynayacağını vurğulayıb.

Vəkillər Kollegiyası, ELSA Azərbaycan və Gənclər Fondu ilə layihə çərçivəsində əməkdaşlığı yüksək qiymətləndirən Çingiz Əsgərov final mərhələsinə yüksələn komandaları təbrik edərək onlara uğurlar arzulayıb.

ARVK-nın sədri Anar Bağırov çıxışında finalçıları təbrik edib, tələbələrə göstərdiyi dəstəyə görə Ali Məhkəmənin rəhbərliyinə təşəkkürünü bildirib, Kollegiya ilə ELSA Azərbaycan arasında qurulan səmərəli əməkdaşlıqdan danışıb. Sədr 2018-ci ildən etibarən Kollegiya ilə ELSA Azərbaycan arasında əməkdaşlıq haqqında saziş imzalandığını, bu istiqamətdə bir sıra uğurlu layihələr həyata keçirildiyini, o cümlədən ARVK-nın gənc hüquqşünaslara hər zaman dəstək göstərdiyini qeyd edib. Yarışda Kollegiya üzvlərinin də qatıldığını söyləyən Anar Bağırov vəkillərin layihənin ilk günündən tələbələrə təlimlər keçdiyini, həmçinin ¼ və yarımfinal mərhələsində onların hakim qismində iştirak etdiyini vurğulayıb.

Sədr ARVK-nın hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatı olduğunu, ali təhsil müəssisələri ilə əməkdaşlığa xüsusi önəm verdiyini, rəhbərlik etdiyi qurumun Hüquq fakültələri olan bütün universitetlər ilə memorandumlar imzalandığını vurğulayıb, Kollegiyanın dəstəyi ilə hər il təşkil edilən yay və qış hüquq məktəblərinə 300-dən çox tələbənin qatıldığını, yüzlərlə tələbənin vəkil qurumlarında təcrübə keçdiyini, o cümlədən tələbələrə fərdi təqaüdlərin verildiyini və Hüquq fakültələrinin layihələrinə sponsorluq edildiyini diqqətə çatdırıb, habelə hüquqşünas tələbə təşkilatları ilə uğurlu əməkdaşlıq əlaqələrinin qurulmasından danışıb.

Sonra deputat Kamal Cəfərov çıxış edərək gənc hüquqşünasların ölkəmizdə aparılan məhkəmə-hüquq islahatlarına töhfə vermək üçün daha çox çalışmalı olduğunu, bu kimi layihələrin dövlət başçısının gənclərə göstərdiyi qayğının, eyni zamanda ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının təzahürü olduğunu bildirib.

Daha sonra ELSA Azərbaycanın prezidenti Nərminə Hüseynzadə hüquq tələbələrinin peşəkar hüquqşünas kimi yetişməsi istiqamətində təşkilatın fəaliyyət istiqamətlərindən bəhs edib və müsabiqəyə tərəfdaşlıq edən qurumlara və təşkilatlara xüsusi təşəkkürünü vueğulayıb.

Sonra hüquq üzrə fəlsəfə doktoru Məleykə Bayramova, Azərbaycan Respublikasının Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli, Azərbaycan Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri vəzifəsini icra edən Orduxan Qəhrəmanzadə çıxış edib və qalibləri təbrik ediblər.

Daha sonra final mərhələsində iddiaçı qismində "Fair Ladies", cavabdeh qismində isə "Topatanlar" komandası çıxış ediblər.

Finalçıların çıxışları Ali Məhkəmənin hakimləri - Əhməd Əhmədov, İspəndiyar Şəfiyev, Vüqar Həsənov tərəfindən qiymətləndirilib. Nəticədə "Topatanlar" komandasının üzvləri Tural Həsənov və Siyavuş Bağırov qalib elan olunub, "Fair Ladies" komandasının üzvləri Gülidə Vəliyeva və Xədicə Məmmədova isə II yerə layiq görülüb.

Sonda qaliblərə 500 AZN dəyərində mükafat, sertifikat, kubok təqdim edilib. İkinci yerin qaliblərinə isə 250 AZN dəyərində mükafat və sertifikat təqdim olunub.

Həmçinin müsabiqədə “Ən yaxşı natiq” nominasiyasına görə "Topatanlar" komandasının üzvü Siyavuş Bağırov layiq görülüb.

Oxşar xəbərlər