- 17:47
"Gənclər arasında bu cür bilik yarışlarının keçirilməsi ölkəmizdə elm və təhsil sahəsinin inkişaf göstəricisidir".
E-huquq.az xəbər verir ki, bunu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Həmid Nəsibov Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə və "Konstitusiya və Suverenlik İli"nə həsr olunan "Respublika Hüquq Olimpiadası"nın açılış mərasimində çıxışı zamanı deyib.
O, yarşın ədalətli və bərabər şərtlər çərçivəsində keçiriləcəyinə ümid etdiyini bildirib. Qaliblərin öz biliklərinin bəhrəsini görəcəyini söyləyib.
"Yarışda iştirak edən parlaq zəkalı gənclər, əminəm ki, ölkəmizdə hüququn müxtəlif sahəsində peşəkar mütəxəssislər kimi fayda verəcəklər. Bu gənc nəsil xoşbəxt nəsildir. Çünki son dövrlər ölkəmizin əldə etdiyi uğurların şahidi olublar. Amma bu dövrə gəlib çatmaq üçün keçdiyimiz çətin yolu, bəlkə də, görməyiblər. Əslində simvolikdir ki, bu yarış "Konstitusiya və Suverenlik İli" çərçivəsində və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ərəfəsində keçirilir. 1995-ci ildə Konstitusiyamız qəbul ediləndə ölkəmizin 20 faizi işğal altında idi. Yüzminlərlə soydaşımız öz dədə-baba yurdundan didərgin düşmüşdü. Nəticədə qəbul olunmuş Konstitusiyanın bizə verdiyi hüquq və vəzifələri bütün ölkədə tətbiq etmək mümkün olmamışdı. Azərbaycan cənab Prezidentin rəhbərliyi ilə 2020-ci ildə öz ərazi bötüvlüyünü bərpa etdi, 2023-cü ildə isə bütün əraziləri üzərində suverenliyini tam təmin etdi. Təəssüf ki, ölkəmizin bu gözəl günlərini görmək Ulu Öndər Heydər Əliyevə nəsib olmadı. Amma o, hər addımı ilə, yürütdüyü siyasətlə bu günü bizə yaxınlaşdırmışdı", - deyə sektor müdiri qeyd edib.
H.Nəsibov bildirib ki, əldə etdiyimiz qələbə gələcəyin mütəxəssiləri kimi gənclərin üzərinə ikiqat vəzifə qoyur: "Qələbəni dadmaq xoş olsa da, onu əldə saxlamaq bir o qədər məsuliyyətlidir. Burada iştirak edən tələbələrə hər zaman müstəqilliyimizə, suverenliyimizə töhfə verməyi arzu edirəm. Çünki hüququn müxtəlif sahələrində, o cümlədən beynəlxalq hüquq sahəsində bu qələbimizi möhkəmlətmək üçün mütəxəssislər lazımdır".
Şəbnəm Mehdizadə