Qanunun Zirvəsi: "Konstitusiya və Suverenlik İli" - Azərbaycan üçün yeni etap


  • 11:30

Azərbaycan tarixinin hər bir mərhələsi bir məna daşıyır. Amma bəziləri var ki, bu mərhələlərdə dövlətin hüquqi və siyasi təməlləri daha da möhkəmlənir, xalqın milli şüuru daha parlaq şəkildə təzahür edir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması məhz belə hadisələrdəndir. Bu, təkcə dövlətin hüquqi varlığının deyil, həm də xalqın mənəvi dirçəlişinin, milli iradənin və dövlətçilik fəlsəfəsinin zirvəyə qalxmasının təntənəsi olmaqla yanaşı eyni zamanda bu ilin “Konstitusiya və Suverenlik İli” olaraq seçilməsi heç də təsadüfi deyildir.
Belə ki, bu il həm də Vətən müharibəsində qazanılmış zəfərin 5-ci ildönümü olması kimi şərəfli bir missiyaya da sahibdir.

“Qanunlar Qanunu” olan Konstitusiyamızın yaranmasının 30 illik müddətinə nəzər saldıqda görürük ki, 1995-ci il noyabrın 12-də Ulu Öndərin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycanın ilk Konstitusiyası ölkəmizdə genişmiqyaslı qanunvericilik və institusional islahatların əsasını təşkil etməklə dövlətimizin müstəqilliyinin, suverenliyinin və ərazi bütövlüyünün qorunması, hüquqi, dünyəvi dövlət quruculuğu, vətəndaşlarımızın layiqli həyat səviyyəsinin, dünya ölkələri ilə dostluq və əmin-amanlıq şəraitində əməkdaşlığın təmin edilməsi kimi ali niyyətlərin həyata keçirilməsi üçün mühüm qanunvericilik bazası rolunu oynamışdır. İnsan hüquq və azadlıqlarının qorunması, yeni müdafiə mexanizmlərinin müəyyənləşdirilməsi Milli Konstitusiyamızda öz əksini tapan müddəaların böyük bir hissəsini əhatə edir. “Qanunların Qanunu” hüquqi statusunu özündə cəmləşdirən Konstitusiyamızın qəbulundan ötən dövr ərzində bu ali sənədə 3 dəfə: 2002, 2009 və 2016-cı illərdə əlavə və dəyişikliklər edilib.

Hələ 1995-ci ildə Konstitusiya layihəsi hazırlanmasına bilavasitə rəhbərlik edən uzaqgörən dahi şəxsiyyət ulu öndər Heydər Əliyev vurğulamışdı ki, "biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun".

Məqalənin adında da əks olunan “Qanunun zirvəsi” ifadəsi isə təsadüfi seçilməyib. Bu ifadə, dövlətin dayanıqlığını təmin edən ən ali prinsipə — qanunun aliliyinə işarə edir. Qanunun zirvəsində duran dövlət, vətəndaşın hüququna hörmət edən, azadlıqları təmin edən və suveren iradəsini qoruyan dövlətdir. Azərbaycan isə bu zirvəyə doğru addımlayan, hüquqi dövlət modelini müasir çağırışlara uyğun formalaşdıran bir ölkə kimi seçilir.

Azərbaycan Respublikasının Konstitusiyası 1995-ci ildə qəbul ediləndə, xalqımız yalnız hüquqi sənəd deyil, öz gələcəyinin bünövrəsini təsdiqlədi. Konstitusiya — sadəcə qanunlar toplusu deyil, xalqın kimliyini, dəyərlərini və ideallarını ifadə edən bir milli manifestdir. Azərbaycan Konstitusiyası yalnız hüquq sənədi deyil — milli kimliyin və dəyərlərin də qoruyucusudur. O, milli dövlətçilik tariximizin bütün mərhələlərini — Xalq Cümhuriyyətinin ideallarını, müstəqilliyin bərpası dövrünün mübarizəsini, müasir Azərbaycanın modernləşmə yolunu — özündə birləşdirir. Konstitusiya xalqın azadlıq, ədalət, bərabərlik, humanizm və tolerantlıq kimi dəyərlərini hüquqi reallığa çevirir. Bu, eyni zamanda, Azərbaycan modelinin — Şərq ənənələri ilə Qərb hüquq prinsiplərinin sintezinin parlaq nümunəsidir. 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” təkcə yubiley deyil — bu, yeni dövlətçilik mərhələsinin başlanğıcıdır. Bu mərhələdə hüquq yalnız idarəetmə aləti deyil, həm də milli ideologiyanın aparıcı dayağı kimi çıxış edir.Azərbaycan artıq sübut edib ki, onun suverenliyi yalnız ərazidə deyil, düşüncədə, mədəniyyətdə və hüquqda da tamdır.Bu, xalqın dövlətə inamının, dövlətin isə vətəndaşına hörmətinin təntənəsidir.

Belə ki, Konstitusiyanın preambulasına əsasən Azərbaycan xalqı özünün çoxəsrlik dövlətçilik ənənələrini davam etdirərək, “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktında əks olunan prinsipləri əsas götürərək, bütün cəmiyyətin və hər kəsin firavanlığının təmin edilməsini arzulayaraq, ədalətin, azadlığın və təhlükəsizliyin bərqərar edilməsini istəyərək, keçmiş, indiki və gələcək nəsillər qarşısında öz məsuliyyətini anlayaraq, suveren hüququndan istifadə edərək, təntənəli surətdə müqəddəs niyyətlərini bəyan etmişdir. Bu niyyətlər bir millətin tarix qarşısında bəyan etdiyi əhdin, milli ruhun hüquqi formasıdır.Konstitusiyanın 7-ci maddəsinə görə, “Azərbaycan Respublikası demokratik, hüquqi, dünyəvi, unitar respublikadır”. Bu maddə dövlətin ideoloji konturunu formalaşdırmaqla yanaşı, xalq iradəsinin hüquqi təsbitidir. Konstitusiya bu mənada dövlətin “yaşayan ruhu”dur.

Azərbaycan Konstitusiyası bu gün müasir konstitusionalizm prinsiplərinə tam cavab verən, həm milli, həm də beynəlxalq hüquqi normalarla uzlaşan sənəddir. O, hakimiyyət bölgüsü, qanunun aliliyi, insan hüquqlarının təminatı, sosial ədalət, müstəqil məhkəmə sistemi kimi prinsipləri təsbit edir. Əslində, bu sənəd Azərbaycanın siyasi həyatını istiqamətləndirən bir kompas rolunu oynayır.Suverenlik anlayışı çox vaxt sadə söz kimi səslənsə də, onun mənəvi və siyasi dərinliyi misilsizdir.Suverenlik — xalqın öz taleyinə sahib çıxmaq hüququdur. Bu hüquq nə bir idarəetmə aktı, nə də sadəcə siyasi qərardır. O, xalqın minillik tarixindən süzülüb gələn azad yaşamaq iradəsinin təcəssümüdür. Azərbaycanın dövlət müstəqilliyi bərpa ediləndə, xalq suverenliyini yalnız bəyannamə ilə deyil, həm də əməldə təsdiqlədi. Bu suverenlik 44 günlük Vətən müharibəsində öz zirvəsinə çatdı — dövlətin iradəsi, xalqın birliyi və ordunun gücü bir amal ətrafında birləşdi. Bu, suverenliyin sadəcə siyasi deyil, mənəvi kateqoriya olduğunu bir daha göstərdi. Bu günkü dünyada suverenlik yalnız ərazi bütövlüyü demək deyil, həm də informasiya, iqtisadiyyat, enerji və mədəniyyət sahələrində müstəqil qərar qəbul etmək bacarığı deməkdir. Azərbaycan bu mənada öz müstəqil yolunu formalaşdıran, beynəlxalq münasibətlərdə bərabərhüquqlu tərəf kimi çıxış edən bir dövlətdir.

Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması, hüquqi dövlətin və milli kimliyin inkişafında strateji dönüş nöqtəsidir. Bu qərar, bir tərəfdən Konstitusiyanın qəbulunun 30 illiyinə, digər tərəfdən isə dövlət suverenliyinin möhkəmlənməsinə dərin ehtiramdır. Bu təşəbbüs həm də gənc nəslin hüquqi təfəkkürünü formalaşdırmaq baxımından əvəzsiz addımdır. Çünki hüquqi mədəniyyət yalnız qanun bilikləri deyil, qanuna inam, ədalətə hörmət, məsuliyyət hissi deməkdir.Azərbaycan bu gün yalnız hüquqi dövlət qurmaqla kifayətlənmir, həm də rəqəmsal hüquqi sistemə keçid dövrünü yaşayır. Elektron hökumət, məhkəmə islahatları, şəffaf idarəetmə mexanizmləri — bunlar artıq hüquqi mədəniyyətin tərkib hissəsinə çevrilir.

Hüquqi islahatların dərinləşməsi şəraitində məhkəmə sisteminin modernləşdirilməsi prioritet məsələlərdəndir. Yeni texnoloji platformalar, süni intellektin tətbiqi, elektron sübut bazalarının yaradılması ədalət mühakiməsinin səmərəliliyini və şəffaflığını artıracaq. Gələcəkdə məhkəmə orqanlarının fəaliyyətində beynəlxalq standartlara uyğunlaşdırma, hüquqi mədəniyyətin və etika qaydalarının möhkəmləndirilməsi mühüm əhəmiyyət daşıyır. Beləliklə, məhkəmə hakimiyyəti Konstitusiyanın ruhuna və qanunun aliliyi prinsipinə sadiq qalmaqla dövlətin ədalət üzərində sabit inkişafını təmin edir.

Son illərdə həyata keçirilən “Məhkəmə-Hüquq İslahatı Konsepsiyası” çərçivəsində məhkəmə orqanlarının rəqəmsallaşdırılması, şəffaflıq mexanizmlərinin gücləndirilməsi, elektron xidmətlərin genişləndirilməsi qanunun aliliyinə xidmət edən mühüm addımlardır. “Qanunun zirvəsi” ifadəsi burada həm də texnoloji ədalət anlayışına çevrilir.Məsələn: “e-Məhkəmə” sistemi vətəndaşın hüquq mübarizəsini asanlaşdırır. Açıq məlumat bazaları dövlətin fəaliyyətini şəffaf edir. Hüquqi xidmətlərə rəqəmsal çıxış ədalətə universal əlçatanlığı təmin edir.
Həmçinin Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü təsis edildi. Sərəncama əsasən 2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyi nəzərə alınaraq hər il sentyabrın 20-nin Azərbaycan Respublikasında “Dövlət Suverenliyi Günü” kimi qeyd edilməsi qərara alındı. Sərəncamda qeyd edilmişdir: “Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir”.

Torpaqlarımızın işğaldan azad edilməsi və suverenliyimizin tam təmin olunması nəticəsində əsas qanunda ehtiva edilən “Azərbaycan Respublikasının ərazisi vahiddir, toxunulmazdır və bölünməzdir” tam reallığa çevrilib.

"Qanunun zirvəsi" - bu, ədalətin, bərabərliyin, sabitliyin və milli birliyin rəmzidir. Və bu zirvəyə qalxmaq, onu qorumaq hər bir vətəndaşın, hər bir gəncin, hər bir hüquqşünasın, jurnalistin, müəllimin və sadə insanın ümumi vətəndaş borcudur.Azərbaycanın gələcəyi məhz bu zirvədə - qanunun, ədalətin və suverenliyin zirvəsində formalaşır.

Dahi rəhbər hələ Əsas Qanunun hazırlanması üçün yaradılmış Komissiyanın 10 noyabr 1995-ci il tarixli iclasında belə demişdi: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". Keçən zaman isə bir daha sübut etdi ki, tarixi köklərə əsasəlanan “30” yaşında olan Konstitusiyamız dövlətimizin ruhu və dayağıdır.

Bakı şəhər Səbail Rayon Məhkəməsinin hakimi
Sahilə Bağırova

Oxşar xəbərlər