Həyatın qurbanı deyil, həyatının qurtarıcısı ol!


  • 22 Yanvar 2022 14:37

Qurban rolunda olmaqdan dırnaqarası həzz alan insanları motivasiya edən nədir? Öz istədiklərini əldə etmək üçün silah kimi istifadə etdikləri metodlar hansılardır? Problemlərin həlli yolunu axtarmaq yerinə, nələrə əl atırlar? Əsaslandırdıqları vəziyyət, doğrudan da, əlacsızlıqdırmı?

Həyat boyu hamımız ara-sıra, qısa müddətli olaraq özümüzü yazıq, əlacsız, çarəsiz hiss edə bilərik. Əgər bu hiss uzun müddət və xronikiləşmiş bir vəziyyətə keçid edibsə, buna artıq qurban psixologiyası, dolayısıyla qurban sindromu deyilir. Belə bir sindrom bir insanın həyatını asanlıqla poza bilir. Özlərini müdafiə etməmələri və başqaları tərəfindən öz məqsədləri üçün yazıq roluna əl atmasının səbəbini doğurur.

Valideynlərini günahlandırmaq və həyatını kimlərinsə məhv etdiyinə inanmaq qurban kompleksinin xarakterik xüsusiyyətidir. Ən əsası isə bu insanlar xoşbəxtdirlər, nəticədə özlərinin düzəldəcək, mübarizə aparacaq deyə bir narahatlıqları yoxdur.

Qarşılaşdığımız şikayətlərdə, insanlar məni heç anlamır, hər kəs mənə qarşı çıxır, uşaq ikən ailəm mənə bunları etdi, təkəm, bu həyatda hərkəsin qəzəbinə tuş gəldim, başıma gəlməyən qalmadı və s. keçmişi qurdalayan və olub keçənləri aktiv tutaraq bu kimi fikirləri alovlandırmış olur.

Qurban psixologiyasının təməlində qorxular, möhtac olmaq duyğusu, önəmsənmə, sevilmə və qayğı görmə ehtiyacı kimi duyğular yatır. Bu insanlar elə hiss edirlər ki, həyatlarının kontrolunu əlindən buraxmışdır. Daim kimlərinsə gəlib mövcud vəziyyəti düzəltməsini gözləyirlər. Onların qurtuluşunun öz əllərində olmaması və ya çarəsizcə buna möhtac buraxılmış kimi hiss edərək kömək istəyirlər.

Qurban kompleksinin səbəbləri

Uşaqlıqda ailə fərdə kiçik və gücsüz olduğu mesajlarını vermişdir, səhvlər həmişə başqalarında axtarılmışdır, rol model olan insanlar mənfi hadisələr qarşısında daim başqalarını günahlandırmışdır, kiçik yaşlarında lazımi qədər önəmsənməmiş, sevilməməsi, qayğı görülməməsidir. Bundan başqa, sevgi, qayğı, nəvaziş sadəcə ağladığı zaman göstərilmişdir.

Araşdırmalarda bu, bir xəstəlik olaraq qəbul edilməsə də, bəzi şəxsiyyət pozuntularının təməlini yaradır fikrini ortaya qoyur. Neqativ duyğulardan dırnaqarası həzz alan bu insanları motivasiya edən nədir? Buna səbəb olan nüans diqqət çəkmək və anlayış ehtiyacıdır. "Qurban analizi" kitabının müəllifi Giglioliyə görə, qurban rolu və ya yazıqlıq qavrayışı, yaşadğımız mühitdə cəmiyyətin, mədəniyyətimizin qaydalarına uyğun gəlir. Belə ki, ehtiyacı olan insanlara kömək etmək müsbət bir yanaşma olaraq qəbul edilirsə, yazığı gəlmək, acımaq da bu tərəfdən baxsaq, cəmiyyətdə müsbət bir hal qəbul olunur. Ehtiyacı olan insana kömək etmədiyiniz təqdirdə başqalarının bizim haqqımızda nə düşünəcəyi bizi qorxudur.

Qurban psixologiyasına bürünən insan, əgər qarşısındakı insan gözlədiyi kimi davranmasa, cəzalandırıcı bir rola bürünür, tez-tez bu və bənzər sözləri deyirlər:

• Sənin üçün etdiklərimə baxmayaraq, mənə bu şəkildə qarşılıq verirsən?
• Məni tək burax!
• Əgər bunu etməsən, məni sevmirsən deməkdir.
• Onsuzda mənim şansım yoxdur.
• Bütün dünya mənə qarşı çıxır.
• Nə zaman bir işə başlasam, tərs bir şeylər çıxır.
• Niyə kimsə məni anlamır?!

Sadə dillə desək, yazıq roluna bürünmüş insan istədiklərini əldə edə bilmək üçün emosional anlamda şantaj etməyə əl atır. Başqalarına qarşı günahkarlıq hissini istədiklərini əldə etmək üçün silah kimi istifadə edirlər. Bunu unutmayın! Bu rolu oynayan insan özünü uduzmuş və yara almış biri olaraq ətrafa göstərərək özünü acındırır. Lakin bu bir müddət sonra insanlarda əks-təsir yaradır. Ətrafdakılar bir müddətdən sonra dediklərinə inanmamağa başlayır və artıq onu dinləmirlər. Əsaslandırdığı vəziyyət onu problemlərini həll edə bilməyən çarəsiz biri halına gətirir. Özünü çox böyük bir dərd içində və sanki onun problemləri digərlərindən çox ağır və kritikdir kimi göstərməyə çalışır.

Diqqət çəkməyə çalışaraq işinə yarayan bir həll yolu axtarmaq yerinə, problemlərini özü həll edə bilmədiyini göstərməyi seçir. İnsanların ona yazıqları gəlsin, ürəyi yansın deyə vicdani duyğularını oyandırmağa çalışırlar. Çətinliklə üz-üzə gəldiyi zaman həll etmək yerinə, ziddiyyətli vəziyyətdən sıyrılıb çıxmağı seçirlər.

Qurban kompleksinin simptomları

• Qurban kompleksi diaqnozu qoyulan insanlar, həyatlarında meydana çıxmış hər cür travma, krizisli vəziyyəti, xəstəlik və s. ortaya çıxan problemlərin ağırlaşmasına şərait yaradırlar.
• Həyata bağlanma şəkillərində "cəmiyyətin onlara qarşı olduğu" fikri hakimdir. Bu inancı özlərini ‘’qədər qurbanı’’ olaraq görmələrinə və böyük faciələrdən tutmuş yüngül problemlərə qədər hər cür problemdə özlərini yazıq, fağır pozisiyasında görmələrinə yol açır.
• Problemlərlə mübarizə aparmaq üçün cavabdehlik almaqdan qaçırlar.
• Problemlərə dair hər cür tələbi, məsuliyyəti, iradı və günahlandırmanı rədd edirlər.
• Göstərilən həll yollarının isə işə yaramayacağına inanır və nə üçün işə yaramayacağına dair səbəblər tapırlar.
• Kin bəsləyirlər, asanlıqla bağışlamazlar.
• Nadirən özünü güvənli hiss edərlər, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkərlər.
• Hər kəsin onlara qarşı çıxdığına inanır, heç kimə güvənməzlər.
• Bədbin və çarəsizdirlər.
• Daimi dostluqlar qurmaları asan olmur.
• Çətinliklərlə mübarizə aparmaqdansa, daim problemdən qaçmağı seçərlər.

Münasibətlərdə qurban kompleki

"Qurban" rolundakı şəxs, həyat yoldaşından daim kömək tələb edərkən, bir yandan yardım cəhdlərindən bilərəkdən sui-istifadə edərlər. Qurban rolundakı şəxs getdikcə müəyyən zaman daxilində həyat yoldaşını manipulyasiya etmək və onu məruz buraxmaqda ustalaşır. Bu vəziyyətdə qurban kompleksinə sahib olan həyat yoldaşına kömək etmək üçün çalışan, fədəkar bir həyat yoldaşı olur. Bəzi hallarda isə səhv istiqamətdə qurulmuş empati bağları zəifləmiş olan münasibətin qopmasına yol açır. Qurban rolunu oynayan insan evimizdə, iş yerimizdə, dostlar arasında ola bilir. Hətta onunla hər gün güzgüyə baxarkən də qarşılaşa bilərsiniz. İlk lazım olan davranış onu tanımaq və lazımı tədbirlər almaqdır.

"Həyatın qurbanı deyil, həyatınızın qurtarıcısı olun!’"

Bu sindromdan əziyyət çəkənlər mövcud vəziyyətdən azad olmaq üçün öncə öz cavabdehliyini dərk edib və məsuliyyətini ortaya qoymaqla başlaya bilərlər. İlk öncə özünüzü sevərək başlayın. Hadisələrə necə reaksiyalar verəcəyinizi analiz edərək, istəmədiyiniz hadisələri həyatınızdan çıxarmaqla edə bilərsiniz. İstəklərinizdə qəti olduğunuzu ətrafınıza, yaxınlarınıza bildirərək hamı kimi olmaq və ya ən güclü olmaqla deyil, öz gücünüz və öz qüvvəniz yetəcək qədər addım atmaqla başlamalısınız. Əsasən öz mənliyinizə sahib çıxaraq, daxili gücünüzə inanaraq özünüzə rəğbət bəsləyin. İstədiyimiz hər bir şeyi dəyişdirmək iqtidarına sahibik.

Fikirlərimi “Dele Carnegie”nin bir fikrinə istinad edib tamamlayıram. "Özünə yardım etmək istəməyən insanlara yardım etməyə çalışmağın heç bir mənası yoxdur!"

Lalə Ələkbərova, klinik psixoloq

Facebook: Psixoloq Lale Elekberova

Instagram: psixolog.lale.elekberova

Əlaqə nömrəsi: (+994) 50 661 00 20

Oxşar xəbərlər