- 18 May 17:20
Məlum olduğu kimi, bir müddət əvvəl Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Şəxsiyyət hüquqlarının müdafiəsi” haqqında qərarı qəbul olunub. Əvvəlki plenum qərarından fərqli olaraq yeni qərarla şərəf, ləyaqət, işgüzar nüfuz bir-birindən və şəxsi toxunulmazlıq hüququndan ayrılmaqla yeni anlayışlarla əhatə olunub.
E-huquq.az xəbər verir ki, həmin qərarında qeyd olunur ki, hər kəsin özünün pozulmuş hüquqlarının bərpası məqsədilə digər şəxsin qanunsuz, o cümlədən cinayət əməlləri barədə ittiham xarakterli şikayət və ya digər məzmunlu müraciətləri səlahiyyətli aidiyyəti orqana ünvanlamaq hüququ var. Belə müraciətlər də şərəf və ləyaqəti alçaltmır və işgüzar nüfuzu ləkələmir.
Plenum qərarında xüsusi olaraq vurğulanır ki, belə müraciətlərin məzmunu aşkar surətdə şəxsin şərəf və ləyaqətini alçaldan tərzdə, yəni təhqiredici formada ifadə edilməməlidir. Həmçinin şəxsin publik fəaliyyəti ilə əlaqəsi olmayan yalan məlumatları ehtiva etməməli və hüquqdan sui-istifadə xarakteri daşımamalıdır.
Lakin təcrübədə rast gəlinən hallardan biri də ondan ibarətdir ki, bəzi şəxslər digər şəxsin barəsində müxtəlif dövlət orqanlarına, hüquq-mühafizə qurumlarına, ali vəzifəli şəxslərə və digər instansiyalara davamlı şəkildə müraciətlər ünvanlayaraq həmin şəxsi konkret cinayətlərin törədilməsində ittiham edir, lakin sonradan həmin məlumatların həqiqətə uyğun olmadığı müəyyən edilir.
Belə müraciətlər çoxsaylı dövlət qurumları arasında dövriyyə edir, müxtəlif vəzifəli şəxslər və əməkdaşlar tərəfindən oxunur, şəxsin işgüzar nüfuzuna və ictimai reputasiyasına ciddi zərər vurur. Bəzən isə bu müraciətlər qərəzli və məqsədli şəkildə həyata keçirilir.
Bu zaman bir neçə sual ortaya çıxır. Əgər şəxs bilə-bilə həqiqətə uyğun olmayan məlumatları digər şəxsin cinayət törətməsi barədə ittiham formasında müxtəlif dövlət orqanlarına və vəzifəli şəxslərə göndərir, həmin məlumatlar dövriyyəyə daxil olur və üçüncü şəxslər tərəfindən qavranılırsa, belə hərəkətlər:
- Azərbaycan Respublikası Cinayət Məcəlləsinin böhtanla bağlı müddəaları baxımından qiymətləndirilə bilərmi?
- Şərəf, ləyaqət və işgüzar nüfuzun müdafiəsi hüququnun pozuntusu hesab oluna bilərmi?
- Hüquqdan sui-istifadə və qərəzli müraciət forması kimi mülki-hüquqi məsuliyyət yarada bilərmi?
Hesab edirik ki, bu suallara aydınlıq gətirilməsi məhkəmə təcrübəsində vahid yanaşmanın formalaşdırılması və “Şəxsiyyət hüquqlarının müdafiəsi haqqında” Plenum qərarının tətbiqi ilə bağlı hüquqi mövqenin aydınlaşdırılmasına xidmət edəcəkdir.