- 16:06
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mayın 18-də Gürcüstanın Baş naziri İrakli Kobaxidze ilə görüşü olub.
E-huquq.az xəbər verir ki, dövlət başçısı bu ilin aprelində Gürcüstana dövlət səfərini məmnunluqla xatırladı, bu səfərin münasibətlərin möhkəmlənməsi işinə verdiyi töhfəni qeyd edib.
Prezident İlham Əliyev bu gün imzalanacaq sənədlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətinə toxunub.
Qəbula görə dövlət başçısına minnətdarlığını bildirən qonaq Azərbaycanda olmaqdan xüsusi məmnunluq hissi keçirdiyini deyib.
Prezident İlham Əliyevə Gürcüstana dövlət səfəri etdiyinə görə minnətdarlığını bildirən İrakli Kobaxidze bu səfərin hər kəsdə dərin təəssüratlar oyatdığını vurğulayıb.
Qonaq Azərbaycan ilə Gürcüstanın bir çox ölkələr üçün bağlantılar baxımından vacib rol oynadığını qeyd edib və gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da dərinləşdirilməsinin önəminə toxunub.
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının Bakıda keçirilməsi ilə əlaqədar Azərbaycan Prezidentini təbrik edən İrakli Kobaxidze tədbirin dünya şəhərsalma gündəliyini müzakirə etmək üçün yaxşı platforma olduğunu deyib.
Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.
Görüşdə iki ölkə arasında mehriban qonşuluq və dostluğa əsaslanan münasibətlərin bir çox istiqamət üzrə dinamik inkişafına toxunulub, ikitərəfli gündəliyin çox geniş olduğu qeyd edilib. Siyasi, iqtisadi-ticari, enerji, nəqliyyat, logistika, sərmayələr və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğu bildirilib. Müxtəlif səviyyələrdə qarşılıqlı səfərlərin əlaqələrin möhkləmlənməsində rolu vurğulanıb.
Sonra Prezident İlham Əliyevin və Baş nazir İrakli Kobaxidzenin iştirakı ilə Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş, Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında Gürcüstana elektrik enerjisinin təchizatı və elektrik enerjisinin Gürcüstan ərazisi vasitəsilə tranziti barədə Saziş və "Bakı–Tbilisi–Qars" yeni dəmir yolu xətti layihəsinin həyata keçirilməsi çərçivəsində Marabda–Türkiyə Respublikası sərhədinə qədər (Kartsaxi) dəmir yolu sahəsinin reabilitasiyası, rekonstruksiyası, inşası üzrə Koordinasiya Şurasının 41-ci iclasının Protokolu imzalanıb.