- 21 May 19:29
“Məhkəmə təcrübəsi ilk növbədə məhkəmələrin özünün oxşar hüquqi məsələlərə münasibətdə sabit yanaşmalar müəyyən etməsinə yönəlməlidir. Yəni, məhkəmə təcrübəsi ona görə lazımdır ki, biz oxşar problemlər üzrə məhkəmələrin fərqli qərarlar çıxarmasının qarşısını alaq”.
E-huquq.az xəbər verir ki, bu fikirləri Ali Məhkəmənin hakimi Xəqani Məmmədov vahid məhkəmə təcrübəsinin formalaşması haqqında danışarkən deyib.
O, öncə vahid məhkəmə təcrübəsi və onun Azərbaycan məhkəmə sisteminin inkişafına verə biləcəyi töfhələri qeyd edib.
“Vahid məhkəmə təcrübəsi nədir? Nəyə lazımdır? Vahid məhkəmə təcrübəsi bizə nə verə bilər? İlk olaraq bu haqda danışmaq lazımdır. Bu suallara cavab verərkən bir sıra təməl prinsiplərə nəzərə salmaq lazımdır. Hansı ki, müasir demokratik cəmiyyətlərin, hüquqi dövlətlərin özəyini təşkil edən bu prinsiplərdir. Yəni, bura müasir demokratik cəmiyyətlərdə münasibətlərin hüquq üzərində qurulması, mübahisələrin hüquqi əsasının həll edilməsi, mümkün məhkəmə təcrübəsi vasitəsilə bu münasibətlərə təsir etmək, onları dəyişdirmək, istiqamətləndirmək kimi məsələləri daxil etmək olar.
Azərbaycan Respublikasının Ali Məhkəməsi SSRİ dövründən gələn ənənəyə uyğun olaraq və bizim Konstitusiyamızın 131-ci maddəsi ilə nəzərdə tutlmuş qaydada məhkəmə praktikasına dair izahlar vermək səlahiyyətinə uyğun olaraq bu günə qədər ayr-ayrı çox müxtəlif hüquqi problemlərə dair məhkəməyə izahlar verir. Məhkəmə təcrübəsi ilk növbədə məhkəmələrin özünün oxşar hüquqi məsələlərə münasibətdə sabit yanaşmalar müəyyən etməsinə yönəlməlidir. Yəni, məhkəmə təcrübəsi ona görə lazımdır ki, biz oxşar problemlər üzrə məhkəmələrin fərqli qərarlar çıxarmasının qarşısını alaq. Bu, bizə hüquqi müəyyənlik və cəmiyyətdə məhkəmənin nüfuzü üçün olduqca vacibdir. Oxşar problemlər üzrə eyni qərarların çıxarılmasını mən belə ayırmaq istərdim. Məsələn, boşanma işi üzrə uşağın valideynlərdən hansının yanında qalacağını həll edəndə, heç də həmişə mütləq uşaq anada qalacaq deyə bir məsələ yoxdur. Məhkəmə belə situasiyalarda, yəni uşağın kimdə qalacağını həll edərkən hansı meyarları rəhbər tutulmalı olduğunu müəyyən etməlidir. Bu təcrübə aşağı instansiya məhkəmələrinin təcrübəsində nəzərə alınmalıdır. Məhkəmə təcrübəsi birinci növbədə məhkəmənin özünün, xüsusən Ali Məhkəmənin onun kollegiyalarının eyni qaydada davranmasını təmin etməlidir”, - deyə, hakim bildirib.