Məhkəmə prosesləri niyə vaxtında başlamır? - AÇIQLAMA


  • 6 İyul 2021 17:40

Tez-tez vəkillərin məhkəmə proseslərinin gecikməsindən şikayət etdiklərinin şahidi oluruq. Onlar bildirirlər ki, hakimlər prosesə əvvəlcədən təyin olunmuş vaxtda başlamır və bu da vəkillərin işlərinə mane olur.

Vəkillər Kollegiyasının üzvü, vəkil Ramil Rüstəmov məsələ ilə bağlı e-huquq.az-a açıqlamasında gecikmələrin tez-tez baş verdiyini bildirib: "Bu gün Nəsimi Rayon Məhkəməsində saat 10:00-a təyin olunmuş proses 12-yə işləmiş başladı. Nərimanov Rayon Məhkəməsində də bu problem yaşanır, həmçinin Bakı Ağır Cinayətlər Məhkəməsində gecikmələr mütəmadi hal alıb. Məhkəmə-Hüquq Şurasına müraciət edəcəyəm ki, hakimlərlə bağlı tədbir görülsün. Nəzərə alsınlar ki, biz vəkillərin də başqa işləri olur. Gəlib məhkəmədə səbəbsiz yerə saatlarla gözləyirik. Hakim isə otağında oturub və nə işlə məşğul olduğu bilinmir. Bəzən gözləməyimiz saatlarla çəkir. Çıxıb getdikdən sonra isə hakim büroya zəng edib şikayətlənir. Amma başa düşmürlər ki, bu öz günahlarıdır. Proseslərin gecikməsindən vətəndaşlar da narazılıq edir. Deyirlər ki, məhkəmə vəkili saymır. Onda biz vətəndaşın yanında aciz vəziyyətdə qalırıq və onların müdafiə hüququna etimadı azalır".

Vəkil Fərid Məmmədli də məhkəmə proseslərinin gec başlamasından narazılığını bildirərək qeyd edib ki, problemin əsas səbəblərindən biri işlərin düzgün təşkil edilməməsidir: “Gün ərzində bəzi hakimlərin icraatında 10-15-20 məhkəmə iclasının aparıldığını görürük və hakimin iş qrafikinə baxsaq iclasların hər biri üçün, 5-10 və ya 15 dəqiqə vaxt ayrılır. Aydın məsələdir ki, məhkəmə prosesində məhkəmə istintaqı və araşdırması aparmaq üçün 10-15 dəqiqə vaxt kifayət edə bilməz. Bəzi işlər olur ki, onun araşdırması bir saat, hətta iki saata qədər davam edə bilər. Prosesin nə qədər uzanacağını məhkəmə qabaqcadan bilə bilməz. Bəzən 10 dəqiqə vaxt ayrılmış məhkəmə prosesi 1 saat çəkə bilir. Buna görə də məhkəmə prosesləri gecikir, bundan həm vətəndaşlar, həm də vəkillər əziyyət çəkirlər. Bu kimi hallar aradan qaldırılmalıdır. Eyni zamanda Məhkəmə-Hüquq Şurası tərəfindən məhkəmə işlərinin sayının monitorinqi aparılmalıdır. Hakimin gün ərzində baxacağı işlərin maksimum həddi var. Bir hakim gün ərzində15-20 işə baxarsa, işin araşdırılmasının keyfiyyəti aşağı düşür”.

E-huquq.az mövzu ilə bağlı Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əfqan Hacıyevə müraciət edib. Hakim bildirib ki, prosesin gecikməsi obyektiv səbəblərə görə baş verir: "Gecikmənin səbəbi kiminsə məhkəmə prosesinə gecikməsidir. Tutaq ki, saat 10-a proses təyin olunur. Lakin penitensiar xidmət dustağı saat 10:30-da, 11:00-də gətirir. Elə əksər hallarda vəkillərin özləri də gecikirlər, hakim də ona görə fasilə elan etməli olur. Bəzən bir vəkil icraatına bir neçə iş götürür. Eyni bir vəkilin icraatında olan iki fərqli iş ayrı-ayrı məhkəmələrdə eyni vaxta təyin olunur. Bu zaman hakim nə edə bilir? Onda gərək vəkil işləri az götürsün. Bunun başqa həlli yolu yoxdur axı. Amma mən vəkilləri də qınamaq istəmirəm. Ümumiyyətlə, işin təşkili çox mürəkbbəb bir prosesdir. Vəkil sayı 2-dən artıq olduqda problemlər də olur. Hakim işin geciknəsində maraqlı deyil. Hakimlər də istəyir ki, işə vaxtında və obyektiv şəkildə baxsınlar".

Məhkəmə-Hüquq Şurasından isə e-huquq.az-a bildirilib ki, vəkillər belə problemlə qarşılaşdıqda konkret hal üzrə müraciət etməlidirlər. Bu zaman şikayətin əsaslı olub-olmaması ilə bağlı araşdırma aparıla bilər.

Sevgül Qasımzadə

Oxşar xəbərlər