Bakıda polislərə qarşı zor tətbiq etməkdə təqsirləndirilən şəxslərin məhkəməsi başlayır


  • 22 Oktyabr 12:30

Bakıda polis əməkdaşlarına qarşı zor tətbiq etməkdə təqsirləndiirlən şəxsin məhkəməsi başlayır.

Bu barədə e-huquq.az-a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.

Bildirilib ki, 30 mart 2021-ci il tarixdə Yasamal Rayon Polis İdarəsinin (RPİ) 26-cı Polis Bölməsinin əməkdaşlarına qarşı zor tətbiq olunması faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə başlanan cinayət işi üzrə istintaq yekunlaşdırılıb.

İstintaqla müəyyən edilib ki, şəhər sakini Vüsal Səmədov tanışları Abit İsmayılov və Əmrah Əhmədov ilə idarə etdikləri avtomobillə Yasamal rayonu ərazisində hərəkətdə olarkən RPİ-nin 26-cı polis bölməsinin əməkdaşları tərəfindən avtomobildə narkotik vasitələrin olması barədə əldə edilmiş əməliyyat məlumatı əsasında onlardan avtomobili saxlamaları tələb edilib, lakin sonuncular idarə etdikləri avtomobili polis əməkdaşlarının olduğu avtomobillərə çırparaq oradan qaçmağa cəhd göstərib, həmçinin öz xidməti vəzifəsini icra edən polis əməkdaşının üzərinə avtomobili sürərək ona qarşı müqavimət göstəriblər.

Avtomobilə baxış keçirilərkən oradan külli miqdrada müxtəlif növ narkotik vasitələr və psixotrop maddələr aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülüb.

Abit İsmayılov, Vüsal Səmədov və Əmrah Əhmədov Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 (satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələri əldə etmə, saxlama, daşıma və satma) və 315-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin müvafiq qərarları ilə həbs və ev dustaqlığı qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Oxşar xəbərlər