Eldəniz Səlimovun məhkəməsinin vaxtı məlum oldu - EKSKLÜZİV


  • 27 Oktyabr 2021 10:25

Vəzifə səlahiyyətlərini aşmaqda təqsirləndirilən Milli Məclisin deputatı Eldəniz Səlimovun cinayət işi üzrə məhkəmənin vaxtı məlum olub.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçiriləcək prosesin hazırlıq iclası noyabrın 5-i saat 12:00-a təyin edilib.

İttihama görə, bu il iyulun 29-da Xaçmaz şəhərində yerləşən “Starıy Dvor” restoranında Eldəniz Səlimovun qohumuna məxsus olan restoranda Xaçmaz Rayon Polis Şöbəsinin Qeydiyyat və şəxsiyyət vəsiqəsi Qrupunun inspektoru, polis leytenantı Zaur Mirzəyevin bir neçə gün öncə öz xidməti vəzifəsini icra edərək həmin restoranda xüsusi karantin rejimi qaydalarının pozulması ilə əlaqədar etdiyi qanunamüvafiq hərəkətləri özünə hörmətsizlik kimi qiymətləndirərək Zaur Mirzəyevin ünvanına nalayiq ifadələr işlətməklə sonuncunun sifət və baş nahiyəsinə yumruq və başı ilə zərbələr vurmaqla sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Eldəniz Səlimov Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Sevgül Qasımzadə

Oxşar xəbərlər