İlkin Abdullayev: "İXM-nin 333.2-ci maddəsinin tətbiqi ilə bağlı hakimlər arasında fikir ayrılığı mövcuddur"


  • 15 Mart 2022 10:31

Şirvan Apellyasiya Məhkəməsinin hakimi İlkin Abdullayev Konstitusiya Məhkəməsinə sorğu verib.

E-huquq.az-ın məlumatına görə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsinin şərh edilməsini xahiş edib.

Müraciəti olduğu kimi təqdim edirik:

“Saylan Rayon Məhkəməsinin 2021-ci il tarixli qərarı ilə Əliyev Vüqar Nəsir oğlu (ad-soyad şərtidir) Azarbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsi ilə təqsirli bilinərək nəqliyyat vasitasini idarə etmək hüququ 2 il müddətə məhdudlaşdırmaqla, 400 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Həmin qərardan Əliyev Vüqar Nəsir oğlu apellyasiya şikayəti vermişdir. Onun əməlinin Məcəllənin 333.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olan, işin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halı ondan ibarətdir ki, o, 01 dekabr 2021-ci ildə avtomobili alkoqol sərxoşluğu vəziyyətində idarə etdiyi üçün Abşeron Rayon Polis idarəsinin Dövlət yol polis şöbəsinin Yol patrul xidməti inspektorunun inzibati tənbeh vermə haqqında 01 dekabr 2021-ci il tarixli qərarı ilə Məcəllənin 333.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə olunmasına baxmayaraq, həmin qərarın qüvvəyə mindiyi gündən bir il ərzində, yəni 10 dekabr 2021-ci ildə saat 00:59-da avtomobili Ələt-Astara avtomobil yolunun Salyan rayonu ərazisindən keçən hissəsində təkrarən alkoqol sərxoşluğu vəziyyətində idarə etmişdir.

Apellyasiya şikayəti əsasında iş tərəfimdən araşdırılarkən müəyyən edilmişdir ki, Əliyev Vüqar 01 dekabr 2021-ci ildə saat 01:55-da törətdiyi inzibati xətaya görə cərimə olunması barədə Abşeron Rayon Polis İdarəsinin yol patrul xidmətinin əməkdaşı tərəfindən qəbul edilmiş 01 dekabr 2021-ci il tarixli qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) va ya məhkəməyə şikayət verilməsi nəzərdə tutulmuşdur. Vüqar Əliyev 10 dekabr 2021-ci ildə saat 00:59-da eynil inzibati xətanı törədən zaman 01 dekabr 2021-ci il tarixli qərarı qanuni qüvvəyə minməmişdir. Buna baxmayaraq onun əməli Azarbaycan Respublikası İXM-in 333.2-ci maddəsi ilə tövsif edilmişdir. Azərbaycan Respublikası İXM-in 333.2-ci maddəsində nəzardə tutulmuş inzibati xətanın tərkibi obyektiv cəhətdən bu Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qarar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə yaranır. Həmin Məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta isə obyektiv cəhətdən nəqliyyat vasitəsini idarə etmək hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitəlardən, psixotrop maddəlardən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdǝ idarə edilməsi ilə törədilir. Qanunun qeyd olunan normalarının mənasına görə, Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində həmin xətanın təkrar törədilməsi əməlin həmin Məcəllənin 333.2-ci maddəsi ilə tövsif edilməsinə səbəb olur. Qeyd olunan normaların hərfi təfsirinə əsasən, qanunvericilik şəxsin əməlinin İXM-in 333.2-ci maddəsi ilə tövsifini, onun barəsində İXM-in 333.1-ci maddəsi ilə qərarın çıxarıldığı vaxtdan deyil, məhz həmin qərarın qanuni qüvvəyə mindiyi gündən sonra eyni xətanın təkrar törədilməsi ilə şərtləndirmişdir.

Lakin bununla bağlı məhkəmə praktikasında hakimlər arasında fikir ayrılığı mövcuddur. Belə ki, qeyd olunan hüquqi yanaşma zamanı Azərbaycan Respublikası İXM-in 333.1-ci maddəsində nəzərdə tululmuş inzibati xətanı törədən şəxsin barəsində olan qərar qanuni qüvvəyə mindiyi vaxtadək, bir və ya bir neçə dəfə həmin xətanı təkrar törətməsi halında, onun əməlinin İXM-in 333.1 və ya 333.2-ci maddəsi ilə tövsif edilməsi qeyri-müəyyəndir. Cinayət məcəlləsindən fərqli olaraq inzibati xətalar məcəlləsində təkrarçılıq əlaməti həm məsuliyyəti ağırlaşdıran, həm də, tövsifedici əlamət kimi yalnız inzibati xətaya görə inzibati tənbeh almış şəxsin eyni xətanı inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində yenidən törətməsi ilə yaranır. Hər iki halda qanunverici təkrarçılığın yaranmasını birinci iş üzrə qararın qüvvəyə mindiyi gündən bir il ərzində yenidən törətməsi ilə əlaqələndirmişdir.

Məhz bu səbəbdən bir qrup hakimlər Azərbaycan Respublikası İXM-in 333.1 və 333.2-ci maddələrini inzibati xətalar qanunvericiliyinin ümumi hissəsinin işığında genişləndirici təfsir etməklə hesab edirlər ki, İXM-in 333.1-ci maddəsi ilə nəzərdə tutulmuş xətanı törədən şəxsin, həmin xətaya görə qəbul olunmuş qərar qanuni qüvvəyə minmədən təkrar eyni xətanı törətməsi, onun şəxsiyyətinin daha təhlükəli olmasını səciyyələndirir və təyin olunmuş inzibati tənbehin onu qanunlara əməl edilməsi ruhunda tərbiyələnmədiyinə dəlalət edir.

Bununla yanaşı, nəinki inzibati xətaya görə qəbul olunmuş qərarın qanuni qüvvəyə minməsindən, heç xətanın törədilməsi günündən bir il müddət keçmədiyi halda, birinci iş üzrə qərar qanuni qüvvəyə minmədən təkrar eyni inzibati xəta törədilməsi ilə bağlı inzibati xətalar qanunvericiliyində məsuliyyəti ağırlaşdıran norma və tövsifedici əlamət nəzərdə tutulmasa da, belə bir vəziyyətdə şəxsiyyəti daha təhlükəli olan və təyin olunmuş inzibati tənbehdən qısa zaman ərzində nəticə çıxarmayan şəxsin əməlinin yenidən yüngül maddə ilə tövsif edilməsi qanunçuluq prinsipinin və inzibati tənbehin məqsədlərinin pozulması ilə nəticələnə bilər. “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 37-ci maddəsinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi baxımından şərh edilməsinə dair” 18 dekabr 2014-cü il tarixli Qərarında Konstitusiya Məhkəməsinin Plenumu bildirmişdir ki, cinayət qanunvericiliyində inzibati preyudisiya, bir tərəfdən əməlin lazımsız kriminallaşdırılmasını istisna edir, digər tərəfdən isə analoji hüquq pozuntusuna görə şəxsi inzibati məsuliyyətə cəlb etmək vasitəsi ilə cinayətlərin qarşısının alınmasına imkan yaradır.

Bu halda inzibati tənbeh təkcə inzibati hüquq pozuntusu ilə deyil, həm də cinayətlə mübarizədə huquqi vasitə hesab edilir. Belə ki, inzibati pozuntu törətmiş və buna görə inzibati məsuliyyətə cəlb olunmuş şəxs təkraran eyni pozuntunu törətməsi halında cinayət məsuliyyətinə cəlb ediləcəyi barədə xəbərdar edilir. İnzibati məsuliyyətə cəlb edilmənin nəticəsiz qalması, bu inzibati tənbehin tərbiyəedici, xəbərdaredici təsir göstərmədiyini sübut edir. Belə olan halda, təqsirlǝndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilir. İnzibati tənbehin icrası zamanı və qanunla nəzərdə tutulmuş icradan sonrakı müddət şəxsin inzibati məsuliyyətə cəlb olunmuş hesab edildiyi müddətdir. Bu müddət ərzində şəxsin yeni inzibati xəta törətməsi faktı onun üçün hüquqi xarakterli mənfi nəticələr (inzibati məsuliyyəti ağırlaşdıran hal və daha ciddi inzibati tənbehin tətbiqi üçün tövsifedici əlamət) yarada bilər. İnzibati tənbehin ödənilməsi müddəti sınaq müddəti hesab edilir və bu müddətdə məsuliyyətə cəlb olunmuş şəxs özünün islah olunmasını sübut etməlidir.

Göstərilənlərə əsasən, vahid məhkəmə təcrübəsinin formalaşdırılması və qüvvədə olan Qanunvericiliyin hüquq tətbiqedənlər tərəfindən eyni qaydada tətbiq edilməsinə nail olmaq, eləcə də hüquqi müəyyənlik prinsipinin tələblərinə əməl edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə əsasən «Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş qaydada məhkəmələr insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının şərh edilməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə müraciət edə bilərlər».

Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsini rəhbər tutaraq xahiş edirəm ki, Azərbaycan Respubliksaı İnzibati Xətalar Məcəlləsinin 333.2-ci maddəsini şərh edəsiniz", - deyə müraciətdə qeyd edilib.

Gülyetər Mahmudova

Oxşar xəbərlər