- 14 May 12:25
Məlum olduğu kimi, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 18 mart 2022-ci ildə Mülki Məcəllənin 340.2-ci maddəsinin şərh edilməsinə dair qərar qəbul edib.
Həmin qərarda əsas məqamlar aşağıdakılardır:
1. Əqdin etibarlı olması üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər mülki hüquq doktrinasında dörd kateqoriyada qruplaşdırılmışdır: - əqdin subyekt tərkibinə dair şərtlər; - əqdin məzmununa dair şərtlər; - əqddə iradə sərbəstliyi və iradə ifadəsinin bildirilməsi vəhdətinə dair şərtlər; - əqdin formasına dair şərtlər.
2. Hər hansı əqdin, o cümlədən alğı-satqı müqaviləsinin etibarlılığı, yəni arzu olunan hüquqi nəticəyə səbəb olması üçün hər bir kateqoriyadan olan şərtlərə əməl edilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarı).
3. Müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.İbrahimovun şikayəti üzrə 2004-cü il 12 aprel və T.Qasımovanın şikayəti üzrə 2020-ci il 1 dekabr tarixli Qərarları).
4. Mülki qanunvericiliyə müvafiq olaraq, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir.
5. Məhkəmələr əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr və N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarlar).
6. O da nəzərə alınmalıdır ki, məhkəmələr tərəfindən müqavilə üzrə mübahisələrə baxılarkən, ilk növbədə, iddia tələbinin əsaslandığı əqdin etibarlılığı araşdırılmalıdır. Belə ki, məhkəmənin gələcəyi nəticə məhz əqdin etibarlılığından asılıdır.
7. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci il 2 aprel tarixli Qərarında vurğulamışdır ki, müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi NƏTİCƏNİN əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir.
8. Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə GÖRÜNÜŞ üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən MƏQSƏDLİ şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar).
9. Beləliklə, yalan əqd tərəflərin həqiqi iradələri ilə bu iradənin ifadəsi arasında bilərəkdən yaratdıqları uyğunsuzluqdur. Tərəflər əslində bir hüquqi prosedur həyata keçirmək iradəsinə sahib olduqları halda, üçüncü şəxslərdə YANLIŞ təsəvvür yaratmaq niyyəti ilə qəsdən sanki başqa bir hüquqi prosedur həyata keçirmək iradəsində olduqlarını göstərirlər.
9. Xüsusilə qeyd olunmalıdır ki, tərəflərdən YALNIZ birində yalan əqdi bağlamaq niyyətinin mövcudluğu Mülki Məcəllənin 340.2-ci maddəsinin tətbiqi üçün kifayət deyil.
10. Yalan əqd aşağıda sadalanan əsas tərkib əlamətlərinə malikdir: 1) - görüntüdə bağlanan əqd və ya pərdələyən əqd - tərəflərin üçüncü şəxslərdə hüquqa uyğun və etibarlı bir müqavilə bağladıqları təəssüratını yaradır. Bu müqavilədə tərəflərin əks etdirdikləri iradə ifadələri arzuladıqları hüquqi nəticəyə uyğun olmur. Tərəflərin görünüş üçün bağladıqları bu müqavilə üzrə hüquqi nəticə, hüquq və öhdəliklər əmələ gətirmək niyyətləri olmur; 2) - gizli bağlanan əqd və ya pərdələnən əqd - tərəflərin görüntüdə bağladıqları əqdin arxasında gizlətdikləri və həqiqi iradələrini ifadə edən bir müqavilədir. Bu, yalan əqdi uydurma əqddən FƏRQLƏNDİRƏN əsas əlamətdir; 3)- yanlış təsəvvür yaratmaq niyyəti - tərəflərin həqiqi iradələrini GİZLİ tutaraq hər hansı bir mənfəət əldə etmək üçün üçüncü şəxslərdə buna dair fikir formalaşdırmaqda və görüntü yaratmaqda ifadə olunur.
11. Subyekt tərkibinin fərqli olması tərəflərin başqa əqdi pərdələməsi niyyətini istisna etmir. Belə ki, tərəflər öz aralarında görünüşdə bağlanacaq əqdə dair razılığa gəldikdə, həmin müqavilənin digər şərtləri ilə yanaşı subyekt tərkibinə dair də razılığa gələ bilərlər. Nəzərə alınmalıdır ki, yalan əqdin etibarsızlığının əsas səbəbi tərəflərin həqiqi iradələri ilə bu iradənin bəyanı arasında QƏSDƏN yaradılan uyğunsuzluqda, üçüncü şəxslərdə müqavilənin etibarlılığına dair yanlış təsəvvür yaratmaqda ifadə olunur. Odur ki, subyekt tərkibindən asılı olmayaraq müqavilə tərəflərinin üçüncü şəxslərdə yanlış təsəvvür yaratmaq niyyətilə bağladığı İSTƏNİLƏN əqd yalan əqd olmaqla əhəmiyyətsizdir.
12. Pərdələnən müqavilə tərəflərin həqiqi iradəsi ifadə olunduğundan, bu əqd mülki qanunvericiliklə nəzərdə tutulmuş forma şərti də daxil olmaqla etibarlılıq tələblərinə cavab verdikdə, etibarlı əqd kimi arzu olunan hüquqi nəticələrə səbəb ola bilər. Belə ki, Mülki Məcəllənin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə, müqavilə bağlanmış sayılır.
13. Başqa şəxslər arasında bağlanmış həqiqi razılaşmanın pərdələnməsi niyyəti ilə görünüş üçün bağlanmış əqd əhəmiyyətsizdir və bu halda hüquqi nəticələr əslində bağlanmış müqavilə tərəfləri arasında yaranmış hesab olunmalıdır.
14. Almaniya Federativ Respublikasının Mülki Qanunnaməsinin saxta əqdlər adlanan 117-ci paraqrafına əsasən, əgər şəxsə yönəlmiş iradə ifadəsi onun özünün razılığı ilə görüntü üçün edilmişdirsə bu müqavilə əhəmiyyətsizdir. Əgər saxta müqavilə digər həqiqi müqaviləni pərdələmək üçün bağlanmışdırsa, pərdələnən əqdə aid qaydalar tətbiq edilir.
15. Bağışlama, üçüncü şəxslərin xeyrinə müqavilə və sair müqavilələrin bağlanması qaydalarını tənzimləyən normalara da diqqət yetirilməlidir. Həmin normalar çərçivəsində bağlanılmış əqdin subyekt tərkibinə görə yalan əqd hesab edilməsi yolverilməzdir və Mülki Məcəllənin 340.2-ci maddəsinin məqsədinə uyğun gəlmir. Ona görə də məhkəmələr tərəfindən belə mübahisələr üzrə işlərə baxılarkən bağlanan müqavilələrdə əsl niyyətin nədən ibarət olması, gizli sövdələşmənin olub-olmaması müəyyən edilməlidir.
16. Yalnız müqavilənin söz və ifadələrinin hərfi mənası deyil, tərəflərin bağlanmış müqavilə üzrə hüquqi nəticə əldə etmək niyyətlərinin olub-olmaması, habelə əsl iradələrinin aşkar edilməsi üçün işin faktiki halları da hərtərəfli araşdırılmalıdır. Bu zaman məhkəmələr əqd tərəflərinin davranışını, tərəflər arasında formalaşan münasibətləri, onların yazışmalarını, fərqli subyekt tərkibi olan oxşar münasibətlərdə tərəflərin davranışını, əqdin bağlandığı fəaliyyət sahəsində formalaşmış davranış təcrübəsini, hərəkətlərin baş vermə vaxtını və s. nəzərə almalıdır. Bir neçə əlaqəli əqdin qısa fasilə ilə bağlanması (məsələn, bir ilədək), eyni gündə bir neçə əlaqəli əqdin bağlanması, tərəflərin və ya üçüncü şəxslərin müxtəlif hərəkətlərinin qarşılıqlı əlaqəsi və digər hallar da əqdlərin pərdələmək niyyətilə görünüş üçün bağlanılmasına DƏLALƏT edə bilər.
17. Yalan əqd iradə ilə onun ifadəsi arasında qəsdən uyğunsuzluğa yol verilməsi nəticəsində əmələ gəlməklə hüquq normalarının düzgün tətbiqinə də maneələr yaradır. Tərəflərin belə hüquqa zidd davranışı isə publik və ya fərdi maraqlara zərər vurulması ilə nəticələnə bilər. Qanunverici məhz bu səbəbdən yalan əqdin əhəmiyyətsizliyini təsbit etmişdir.
18. Beləliklə, yalan əqdin əhəmiyyətsizliyi iradə ifadəsinin SİMULYASİYASI (əqdin simulyasiyası), müvafiq hüququn mövcudluğu görünüşünün yaradılması, əsl iradənin gizlədilməsi (pərdələnməsi) ilə şərtləndirilir.
19. Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlmişdir ki, Mülki Məcəllənin 340.2-ci maddəsinin mənasına görə, tərəflərin həqiqi iradə ifadələri nəticəsində yaranan faktiki münasibətləri pərdələmək məqsədi ilə görüntü üçün bağlanan əqdlər, o cümlədən fərqli subyektlər arasında formal olaraq bağlanan əqdlər yalan əqd olaraq əhəmiyyətsizdir.
Turan Abdullazadə
Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü