TDT liderləri insana yönəlmiş və etik süni intellektin inkişafına çağırış ediblər


  • 21:09

Türk Dövlətləri Təşkilatının (TDT) liderləri davamlı rəqəmsal ekosistemlərin yaradılması üçün türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsi zərurətini vurğulayıblar.

E-huquq.az xəbər verir ki, bu barədə bu gün TDT-nin qeyri-rəsmi sammitinin yekunları üzrə qəbul edilmiş Türküstan Bəyannaməsində deyilir.

Sənəddə qeyd olunur ki, süni intellekt və rəqəmsal texnologiyalar iqtisadi inteqrasiyanın, dayanıqlı inkişafın, innovasiyaların, dövlət xidmətlərinin təkmilləşdirilməsinin və türk mədəni irsinin qorunmasının strateji hərəkətverici qüvvələridir.

Bununla yanaşı, etik idarəetmə, kibertəhlükəsizlik və məlumatların qorunması məsələlərində əlaqələndirilmiş tədbirlərin zəruriliyi vurğulanır.

"Liderlər davamlı rəqəmsal ekosistemlərin yaradılması, insanyönümlü və etik süni intellektin inkişaf etdirilməsi, birgə infrastrukturun qurulması və beynəlxalq təcrübəyə və türk həmrəyliyinə uyğun olaraq insan kapitalının gücləndirilməsi üçün türk dövlətləri arasında çoxtərəfli əməkdaşlığın genişləndirilməsi zərurətini qeyd etdilər", - sənəddə vurğulanır.

İmzaçılar, həmçinin türk xalqlarının dünya sivilizasiyasına əhəmiyyətli töhfəsini və türk dövlətlərinin dünya iqtisadiyyatının rəqəmsal gələcəyinin formalaşdırılmasında artan rolunu qeyd ediblər.

Bundan əlavə, sammit iştirakçıları yeni texnologiyalar, innovasiyalar və rəqəmsal transformasiya sahəsində əməkdaşlığın inkişafını nəzərdə tutan tarixi Naxçıvan Sazişinin, Türk dünyasının Vizyonu – 2040-ın, Türk dünyasının Xartiyasının, Astana Aktının və TDT-nin 2022–2026-cı illər üzrə Strategiyasının prinsip və məqsədlərinə sadiqliklərini bir daha təsdiqləyiblər.

Oxşar xəbərlər