Prokurorluq: "Nəzəriyyə və təcrübədə özünü öldürmə həddinə çatdırma cinayətində təqsirin formalarına dair fikir ayrılıqları var"


  • 12 May 2022 16:40

Baş Prokurorluq Konstitusiya Məhkəməsinə sorğu verib.

E-huquq.az-ın məlumatına görə, prokurorluq məhkəmədən özünü öldürmə həddinə çatdırma cinayətinin birbaşa qəsdlə və ya ehtiyyatsızlıqdan törədilməsinin mümkünlüyünü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddələsinin dispozisiyasında əks olunan “sair cəhətdən asılılıq” və “amansız rəftar etmə” anlayışının şərh edilməsini istəyib.

Həmin müraciəti təqdim edirik.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsində təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmaya görə məsuliyyət müəyyən edilmişdir. Özünü öldürmə və ya özünü öldürməyə cəhd hadisələrinin sayı çox olsa da, aparılan araşdırmalar ilə həmin hadisələrin əksəriyyətinin cinayət nəticəsində baş vermədiyi müəyyən edilir. Ona görə də məhkəmələrdə bu cinayətlər üzrə işlərin sayı azlıq təşkil etmişdir. Özünü öldürmə həddinə çatdırma cinayət işləri üzrə kifayət qədər məhkəmə təcrübəsinin və ya rəsmi şərhin olmaması baş vermiş intihar və ya intihara cəhd hadisələrinin bu əməllər üzrə cinayət təqibini həyata keçirən şəxslər tərəfindən hüquqi tövsifi zamanı bəzi çətinliklərə səbəb olur.

İlk növbədə Azərbaycan cinayət qanunvericiliyinin xronologiyasına nəzərə saldıqda qeyd olunmalıdır ki, özünü öldürmə həddinə çatdırma 1922-ci, 1927-ci va 1960-cı illərdə qəbul edilmiş Cinayət Məcəllələrində öz əksini tapmışdır. Lakin hər bir Cinayət Məcəlləsində bu cinayətin tərkib elementləri, əsasən də cinayətin obyektiv cəhətini xarakterizə edən əlamətlər və məsuliyyət məsələləri bir qədər fərqli təsbit edilirdi.

Məsələn, 1922-ci ildə qəbul edilmiş Cinayət Məcəlləsinin 148-ci maddəsinə əsasən, yalnız yetkinlik yaşına çatmayan və yaxud öz hərəkətlərini anlamağa, həyata keçinməyə qadir olmayan şəxsin özünü öldürməsinə kömək və ya təhrik etmək cinayət sayılırdı və 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası müəyyən edilirdi.

1927-ci il Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırma əməlinə görə cinayət məsuliyyəti 178-ci maddədə nəzərdə tutulmuşdu va cinayətinin əlamətləri əvvəlki məcəllədən bir qadər fərqli göstərilirdi. 178-ci maddənin 1-ci hissəsinə görə, "başqa bir şəxsdən maddi və ya başqa cəhətdən asılı olan bir şəxs ilə amansız rəftar etməklə və ya bu kimi yollarla onu öz özünü öldürmək və ya öldürməyə qəsd etmək dərəcəsinə çatdırmaq" cinayət sayılırdı və bu cinayət 5 ilə qədər azadlıqdan məhrum etmə cəzası ilə cəzalandırılırdı. 1936-cı ildə həmin Cinayət Məcəlləsinə edilmiş dəyişikliklər nəticəsində 178-ci maddəyǝ əlavə olunmuş 3-cü hissəsində isə "yaşa dolmamış şəxsi, ya elǝdiyi işin mahiyyəti və xassəsini anlamağa və ya öz əməllərinə rəhbərlik etməyə iqtidarı olmayan şəxsi öz-özünü öldürməyə təhrik va ya kömək etmək, bu hərəkətlər nəticəsində həmən şəxs öz-özünü öldürərsə və ya öldürməyə qəsd etmiş olarsa" əməlinə görə 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulurdu.

1960-cı il Cinayət Məcəlləsinin 100-cü maddəsinə görə, "müqəssirdən maddi cəhətdən və ya sair cəhətdən asılı olan zərər çəkmiş şəxsi onunla amansız rəftar etmə və ya onun şəxsi ləyaqətini mütəmadi olaraq alçaltma yolu ilə özünü öldürmə dərəcəsinə və ya özünü öldüməyə sui-qəsd dərəcəsinə çatdırma" 7 ilədək műddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılırdı.. Bu maddənin 2-ci hissəsi isə eyni hərəkətlərin təqsirkardan heç bir asılılığı olmayan şəxs barəsində törədilməsi hallarında tətbiq edilirdi və 3 ilədək müddətə azadlıqdan məhrum etmə cəzasını nəzərdə tuturdu.

Azərbaycan Respublikasının 2000-ci ilin sentyabr ayının 1-dən qüvvəyə minmiş Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırma əməlinə görə cinayət məsuliyyəti nəzərdə tutan 125-ci maddəsinin dispozisiyasından görünür ki, şəxsin özünü öldürməsi və ya. özünü öldürməyə cəhd etməsi o halda özünü öldürmə həddinə çatdırma kimi tövsif olunur ki, zərərçəkmişin özünü öldürməsinə və ya özünü öldürməsinə cəhd etməsinə təqsirkar şəxsin amansız rəftarı (onu döyməsi, əzab verməsi, ac və ya susuz qoyması, gücü çatmayan fiziki işlərə məcbur etməsi və s.), onun ləyaqətini mütəmadi olaraq alçaltması (onu təhqir etməsi, söyməsi, məsxərəyə qoyması, böhtan atması, haqqında rüsvayedici məlumatlar yayması və s.) və ya hədə-qorxu gəlməsi (maddi və sair yardımdan məhrum etməklə, işdən çıxarmaqla, yaşayış sahəsindən qovmaqla, barəsində rüsvayedici məlumatlar yaymaqla hədələmə və s.) səbəb olsun.

Əməlin Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilməsinin ikinci şərti isə zərərçəkmiş şəxsin təqsirkardan maddi (tam və ya qismən himayəsində olması, ondan yardım alması), xidməti (işçinin müdiriyyətindən, tabeçilikda olan şəxsin rəisdən asılılığı) və sair cəhətdən asılı (maddi və xidməti asılılıq istisna olmaqla, bütün digər asılılıqlar) olmasıdır.

Qeyd edək ki, cinayət hüquq nəzəriyyəsində və təcrübədə özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhətinin dolayı qəsd ilə törədilməsi mübahisəsiz olsa da, birbaşa qəsd və ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünə, yəni təqsirin formalarına dair fikir ayrılıqları vardır.

Cinayət Məcəlləsinə, cinayət hüquq nəzəriyyəsinə və "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-ci maddəsinin tətbiqi baxımından şərh olunmasına dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 aprel 2021-ci il tarixli qərarında əks olunan cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsir anlayışına verilmiş təhlilə əsasən təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyasi və təqsirə görə məsuliyyət prinsipləri ilə təqsir cinayət tərkibinin mütlaq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyǝ) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi proseslərlə səciyyələnir: şəxs ictimai təhlükəli nəticələrin baş verməsini arzu edir və ya şüurlu surətdə onlara yol verir, yaxud yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir.

Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən, əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən va ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

Birbaşa və ya dolayı qəsdla törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş,lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqat və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur (Cinayət Məcəlləsinin 25 və 26-cı maddələri).

Cinayət hüquq nəzəriyyəsində təqsirin qarışıq (ikili) forması da mövcuddur. Qarışıq taqsir ilə törədilən cinayət zamanı şexsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə olunur.

İkili təqsir forması ilə törədilən cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki nəticəyə səbəb olan maddi tərkibli cinayətlər; ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər.

Cinayət Məcəlləsinin Ümumi hissəsində qarışıq (ikili) təqsir müstaqil təqsir forması kimi müəyyən olunmasa da, Məcəllənin Xüsusi hissəsi ilǝ nəzərdə tutulan bəzi cinayət tərkibləri onların qarışıq təqsir forması ilə töradilməsini söyləməyə əsas verir.

Qarışiq təqsir forması vasitəsilə qanunverici qəsdən cinayət törətmiş şəxsin bir hərəkətinin (hərəkətsizliyinin) ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmasına görə onun cinayət məsuliyyətini ağırlaşdırır. Qarışıq təqsir forması ilə törədilən cinayətlər özünəməxsus quruluşa malikdir. Qanunverici bir tərkibdə biri qəsdən, o biri isə ehtiyatsızlıqdan törədilən iki tarkibi birləşdirir. Belə qarışıq təqsir formalı tərkibə malik cinayətlər bütövlükdə qəsdən törədilən cinayət hesab olunur. Belə ki, ehtiyatsızlıqdan baş verən ictimai təhlükəli nəticələr məhz qəsdən törədilən ictimai təhlükəli əməlin nəticəsində baş verir. Bununla belə, təqsirin qarışıq forması ilə törədilən cinayəti yaradan iki əməldən hər biri ayrılıqda da cinayət xarakterini itirmir. Qarışıq təqsir forması ilə törədilən cinayətin tərkib hissəsi olan əməllərdən hər biri öz obyektina malikdir. Odur ki, qarışıq təqsir forması ilə törədilən cinayətlər çoxobyektli cinayətlərdir.

Beləliklə, bir hərəkətlə bir ictimai təhlükəli nəticəyə səbəb olan maddi tərkibli cinayət qarışıq taqsir forması ilə törədilə bilməz. Bu zaman cinayət ya qəsdən, ya da ehtiyatsızlıqdan törədilmiş olur. Özünü öldürmə həddinə çatdırma cinayəti maddi tərkibli cinayət olmaqla zərərçəkmiş şəxsin özünü öldürmə və ya özünü öldürməyə cəhd etməsi ilə başa çatmış sayılır.

Özünü öldürmə həddinə çatdırma cinayəti obyektiv cəhətdən təqsirkardan maddi, xidməti və ya sair cəhətdən asılı olmuş zərərçəkmiş şəxsi onunla amansız rəftar etmə, onun ləyaqətini mütəmadi olaraq alçaltma, ona hədə-qorxu gəlmə yolu ilə özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırmada ifadə olunur.

Özünü öldürmə həddinə çatdırma cinayətinin subyektiv cəhətdən dolayı qəsdlə törədilə bilməsi mübahisə doğurmur. Yəni, özünü öldürmə həddinə çatdıran təqsirkar öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdir.

Bəzi elmi şərhlərə görə, özünü öldürmə həddinə çatdırma cinayəti birbaşa qəsdlə törədilə bilməz. Məsələn, F.Səməndərovun redaktəsi ilə dərc olunan "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Kommentariyası"nda bu cinayətin yalnız dolayı qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsi, birbaşa qəsdlə törədildiyi halda qəsdən adam öldürməyə (Cinayət Məcəlləsinin 120-ci maddəsi) görə cinayət məsuliyyətinə səbəb olduğu şərh olunmuşdur.

Respublikamızın məhkəmə təcrübəsindən (məsələn, Şəki rayon məhkəməsinin Mustafayev İsmayıl Mahir oğlu Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinə dair 28.12.2021-ci il tarixli 1(075)-78/2021 nömrəli hökmü) görünür ki, özünü öldürmə həddinə çatdırma cinayət işləri üzrə cinayət əməlləri qəsdən törədilən cinayət kimi qiymətləndirilmiş və birbaşa qəsdlə törədildikdə də (məsələn, təqsirkarın zərərçəkmiş şəxsi müəyyən qısa vaxt ərzində özünü öldürməsə onda olan şəxsi həyatına dair video materialı yaxın qohumuna göndərəcəyi ilə hədələməsi (həmin videonu gördükdən sonra onsuzda yaxın qohumunun onu öldürəcəyini bildirməklə) və zərərçəkmiş şəxsin özünü öldürməsi) Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə tövsif edilmişdir.

Kazus olaraq zərərçəkmiş şəxsin özünü dərhal hündürlükdən ataraq öldürməyəcəyi halda əlindəki silahla atəş açaraq öldürəcəyi ilə hədələyən təqsirkarın əməlinin özünü öldürmə həddinə çatdırma və ya qəsdən adam öldürmə (və ya cəhd) cinayəti olaraq tövsif edilmasində fikir ayrılıqları vardır.

Qeyd olunan məsələ ilə əlaqədar xarici ölkələrin qanunvericilik təcrübəsi təhlil edilmiş və müəyyən edilmişdir ki, Rusiya, Qazaxıstan, Ukrayna, Belarus, Latviya, Moldova, Türkmənistan, Özbəkistan, Tacikistan və Qırğızıstan kimi MDB dövlətlərinin cinayət qanunvericiliklərində özünü öldürmə həddinə çatdırma əməlinin müxtəlif tərkibləri müəyyən edilmişdir. Rusiya Federasiyasının 07.07.2017-ci il tarixli 120-FZ No-li Federal Qanunu ilə Cinayət Məcəlləsinə intihara təhrik və ya kömək etmə aməllərinə görə cinayət məsuliyyətini müəyyən edən 110-1-ci, intihara təhrik etməyə yönəlmiş fəaliyyətin təşkil edilməsinə görə cinayət məsuliyyətini müəyyən edən 110-2-ci maddələr əlavə edilmişdir. Belarus Respublikasının Cinayət Məcəlləsinə həm özünü öldürmə həddinə çatdırma (maddə 145), həm də intihara təhrik etmə (maddə 146) əməlinə görə məsuliyyət müəyyən edən iki maddə daxil edilmişdir.

Qırğızıstan Respublikasının Cinayət Məcəlləsi də həm özünü öldürmə həddinə çatdırma (maddə 136), həm də intihara təhrik etmə (maddə 137) əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutmuşdur. Burada əməlin ehtiyatsızlıqdan və ya qəsdən törədilməsi fərqləndirilməklə, əməl ehtiyyatsızlıqdan törədildikda Cinayət Məcəlləsinin 136-cı maddəsinin 1-ci, qəsdən törədildikdə isə 3-cü hissəsi ilə tövsif edilir. Cinayət Məcəlləsinin 137-ci maddəsində "intihara təhrik etmə, yəni digər şəxsdə özünü öldürmək qətiyyətini oyatmaq, əgər bu zərərçəkmiş şəxs tərəfindən özünü öldürmə və ya özünü öldürməyə cəhdlə nəticələnmişdirsə" əməlinə görə cinayətməsuliyyəti nəzərdə tutulmuşdur. Həmin maddənin dispozisiyasında bu əməlin törədilmə üsulları da öz əksini tapmışdır: "ələ alma, aldatma və ya digər üsulla".

"Özünü öldürmə həddinə çatdırma cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında" Özbəkistan Respublikası Ali Məhkəməsinin Plenumunun 11 sentyabr 1998-ci il tarixli qərarının 6-cı bəndinə əsasən özünü öldürmə həddinə çatdırma cinayəti subyektiv tərəfi nəticələrə münasibətdə dolayı qəsd və ehtiyatsızlıqla, intihara sövq etmədə isə qəsdlə ifadə olunur.

İntihar etməyə kömək və ya intihara təhrik etməyə görə cinayat məsuliyyəti, əgər bu əməllər özünü öldürmə və ya özünü öldürməyə cəhdlə nəticələnmişlərsə, digər ölkələrin də cinayət qanunvericiliyində öz əksini tapmışdır. Misal üçün, Avstriyanın CM-də intihara meyilləndirməyə və zərərçəkənə bunda köməklik göstərilməsinə görə, Litva Respublikasının Cinayət Məcəlləsinin 113-cü maddəsində "özünü öldürmə həddinə çatdırma və ya buna təhrik etməyə görə, Bolqarıstan Respublikası Cinayət Məcəlləsinin 127-ci maddəsində intihar etməyə kömək və ya intihara təhrik etməyə görə, Polşa Respublikasının Cinayət Məcəlləsinin 151-ci maddəsində razılığa gətirmə və ya kömək etmə yolu ilə zərərçəkmiş şəxsi özünü öldürmə həddinə çatdırma əməlinə görə, Niderland Cinayət Məcəlləsinin 294-cü maddəsində özünü öldürməyə təhrik etməyə, kömək etməyə və ya zərərçəkmiş şəxsi intihar etmək üçün lazımi vasitələrlə təmin etməyə görə, əgər bu əməllər intihara səbəb olduqda, Norveç Cinayat Məcəlləsinin 236-ci maddəsində özünü öldürməyə təhrik etməyə görə, Yaponiya Cinayət Məcəlləsinin 202-ci maddəsində zərərçəkmiş şəxsi özünü öldürməyə hazırlamağa, özünü öldürməyə kömək etməyə və ya zərərçəkmiş şəxsin razılığı və ya təkidi ilə adam öldürməyə görə, Türkiyənin Cəza Qanunun 84-cü maddəsində özünü öldürməyə təhrik etməyə və ya kömək etməyə görə cinayət mǝsuliyyəti nəzərdə tutulmuşdur. Avstriya Respublikasının Cinayət Məcəlləsinin 78-ci (özünü öldürməyə təhrik etmə) və İsveçrə Cinayət Məcəlləsinin 115-ci (tamah məqsədi ilə özünü öldürməyə təhrik etmə və ya kömək etmə) maddələrində isə özünü öldürməyə təhrik etmə özünü öldürmə həddinə çatdırmanın bir üsulu kimi müəyyən edilmişdir.

İspaniya Krallığının Cinayət Məcəlləsində özünü öldürmə həddinə çatdırmağa görə məsuliyyət müəyyən edən ayrıca maddə nəzərdə tutulmamış, özünü öldürmə həddinə çatdırma va ya özünü öldürməyə kömək etmə əməlləri adam öldürmə cinayətinin növləri qismində "Adam öldürmə və onun növləri" adlı 143-cü maddənin 1-ci hissəsində öz əksini tapmışdır.

Göründüyü kimi, bir çox xarici dövlətlərin cinayət məcəllələrində, həm özünü öldürmə və ya özünü öldürməyə cəhd həddinə çatdırma, həm də özünü öldürməyə təhrik və ya köməketmə əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutan maddələr mövcud olsa da, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində yalnız özünü öldürmə həddinə çatdırmağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir. Bu baxımdan özünü öldürmə həddina çatdırma cinayətinin birbaşa qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünün dəqiqləşdirilməsi həmin əmələ görə cinayətin residivinin və azadlıqdan məhrum etmə cəzasının təyini ilə əlaqədar cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsində də əhəmiyyət kəsb edir. Belə ki. Cinayət Məcəlləsinin 18-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilən cinayətlər cinayətin residivi zamanı nəzərə alınmır. Cinayət Məcəlləsinin 56.1-ci maddəsinə əsasən isə cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsindən asılı olaraq azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisələrinin növləri fərqlidir.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 7 aprel 2021-ci il tarixli qərarında vurğulanmışdır ki, təqsirin forması bilavasitə Cinayət Məcəlləsinin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər.

Qeyd olunanlardan əlavə, Cinayət Məcəlləsinin 125-ci maddəsi üzrə təcrübədə həmin maddənin dispozisiyasında əks olunan maddi və ya xidməti cəhətdən asılılıq, ləyaqətini mütəmadi olaraq alçaltma, hədə-qorxu gəlmə anlayışları aydın, anlaşılan olsa da, həmin maddənin dispozisiyasında əks olunan "sair cəhətdən asılılıq" və "amansız rəftar etmə" anlayışlarının rəsmi şərhi olmadığından bəzi hallarda təcrübədə qiymətləndirilməsində çətinliklərə səbəb olur.

Odur ki, özünü öldürmə həddinə çatdırma cinayətinin birbaşa qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünə və Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan, qiymətləndirilməli anlayışlar olan "sair cəhətdən asılılıq" və "amansız rəftar etmə" anlayışlarına dair rəsmi şərh verilməsi zəruridir.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda Idəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır. Əks təqdirdə, vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatını zəiflədən ziddiyyətli hüquqtətbiqetmə təcrübəsi yaranar.

"Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair" 21 oktyabr 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi vurğulamışdır ki, cinayət hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir və bu meyarlar Cinayət Məcəlləsinin qanunçuluq prinsipinin təmin edilməsinə xidmət edir. Belə ki, hamının qanun və məhkəmə qarşısında bərabərlik və qanunçuluq prinsiplərinin təmin edilməsi yalnız cinayət hüquq normalarının bütün hüquq tətbiqedən orqanlar tərəfindən vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, qanunçuluq prinsipi baxımından hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tatbiqetma prosesində hadsiz mülahizələrə və özbaşınalığa gətirib çıxarmaqla bərabərlik, qanunun aliliyi prinsiplərini pozmuş olar.

"Centro Europa 7 S.R.L. və Di Stefano Italiyaya qarşı" iş üzrə 7 iyun 2012-ci il tarixli qərarının 141-ci bəndində Insan hüquqları üzrə Avropa Məhkəməsinin Böyük Palatası qeyd etmişdir ki, istənilən hüquq sistemində norma nə qədər dəqiq tərtib olunsa da, məhkəmə şərhi qaçılmazdır. Anlaşılmayan məqamlarin izah olunmasına hər zaman ehtiyac olacaq. Müəyyənlik arzuedilən olsa da, bəzən lüzumsuz sərtliklə müşayiət oluna bilər, halbuki hüquq dəyişən şəraitlə addımlamaq xüsusiyyətinə malik olmalıdır. Müvafiq olaraq bir çox qanunlar qaçılmaz terminlərin istifadəsi ilə tərtib olunmuşlar ki, onlar az və ya çox dərəcədə qeyri müəyyəndir, onların şərhi və tətbiqi təcrübədən asılıdır. İşlərə baxılarkən məhkəmələrin üzərinə qoyulmuş rol ondan ibarətdir ki, onlar bu cür şübhələri təfsirlə aradan götürsünlər.

İnsan hüquqları üzrə Avropa Məhkəməsi "Yesius Litvaya qarşı" iş üzrə 31 iyul 2000-ci il tarixli qərarının 56-cı bəndində göstərmişdir ki, söhbət azadlıqdan məhrum etmə cəzası nəzərdə tutan əməllərdən getdiyi hallarda xüsusilə vacibdir ki, hüquqi müəyyənlik prinsipinə riayət edilsin. Bu hal ona görə mühüm əhəmiyyət daşıyır ki, azadlıqdan məhrum etmənin Konvensiyada nəzərdə tutulmuş "qanunilik" standartına cavab verməsi üçün azadlıqdan məhrum etmənin daxili qanunvericilikdə nəzərdə tutulmuş şərtləri kifayət qədər aydın ifadə edilməli və qanunun tətbiqinin nəticələrini öncədən görmək mümkün olmalıdır. Həmin standart tələb edir ki, bütün qanunlar konkret hərəkətin doğura biləcəyi nəticələri şəxsin mövcud şəraitdə ağlabatan dərəcədə öncədən görə bilməsinə (zərurət olduqda, müvafiq hüquqi məsləhət almaqla) imkan verəcək qədər aydın olsun ki, hərəkətin qanunsuz olması riskindən yaxa qurtarmaq mümkün olsun.

Beləliklə, hüquq tətbiq etmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə özünü öldürmə həddinə çatdıirma cinayətinin birbaşa qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünün və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan "sair cəhətdən asılılıq" və "amansız rəftar etmə" anlayışlarının şərh olunması zərurəti yaranmışdır.

"Normativ hüquqi aktlar haqqında" 21 dekabr 2010-cu il tarixli Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci maddəsinə görə normativ hüquqi aktin məzmununda qeyri-müəyyənliklər və ərqlər, habelə tətbiqi təcrübəsində ziddiyyətlər aşkar edildikdə həmin aktı qəbul etmiş normayaratma orqanı və ya Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi müvafiq normaları rəsmi şərh edir.

Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 10.3-cü maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının və digər qanunlarının təfsiri cinayət prosesi iştirakçılarına o halda məcburidir ki, bu təfsir Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun.

Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, "Normativ hüquqi aktlar haqqında" Azərbaycan Respublikası Konstitusiya Qanununun 90.1-ci, "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 32.1-ci, "Prokurorluq haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini rəhbər tutaraq, xahiş edirik ki, özünü öldürmə həddinə çatdırma cinayətinin birbaşa qəsdlə və ya ehtiyatsızlıqdan törədilməsinin mümkünlüyünü və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 125-ci maddəsinin dispozisiyasında əks olunan "sair cəhətdən asılılıq" və "amansız rəftar etmə" anlayışlarını şərh edəsiniz", - deyə müraciətdə qeyd edilib.

Oxşar xəbərlər