- 18:19
Həm həqiqət, həm də ədalət konstitusion prinsiplərdir.
Hakim cinayət işi üzrə həqiqəti müəyyən etməli və icraatında olan konkret iş üzrə ədalətin bərqərar edilməsinə nail olmalıdır. Bu prinsiplərin tələblərinə əməl edilərək cıxarılmış məhkəmə hökmləri və qərarları həm qanuni, həm də əsaslı olur. Hər kəs hakimdən həqiqət və ədalət istəyir. Həqiqətin müəyyən edilməsi üçün hakim ilk öncə cinayət işinin materiallarını dərindən öyrənməli, məhkəmə istintaqı zamanı sübutları hərtərəfli, tam və obyektiv araşdırmalı və araşdırılmış sübutlara öz daxili inamı əsasında vicdanını rəhbər tutmaqla hüquqi qiymət verməlidir. Bu iki anlayışın təhlili belə bir nəticəyə gəlməyə əsas verir ki, hakim birinci olaraq həqiqətin müəyyən edilməsinə nail olmalı, həqiqətin müəyyən edilməsi ilə bağlı vəzifə yerinə yetirildikdən sonra ədalət prinsipinin tələblərinə əməl edilməlidir. Yəni hakim yalnız həqiqət müəyyən edildikdən sonra şəxsin cinayət törədilməsində təqsirli olmasını müəyyən etdiyi təqdirdə ədalət prinsipinin tələblərinə əməl edərək cəza təyin edilməsi məsələsini həll edir, ancaq araşdırma nəticəsində şəxsin təqsirsizliyi müəyyən edilirsə, bu zaman bəraət hökmü çıxarılır və bu zaman cinayət hüququ baxımından ədalət prinsipinin tələblərinə əməl edilməsinə zərurət qalmır, cünki ədalət prinsipi cinayət törətmiş şəxsə cəza təyin edilərkən nəzərə alınmalı olan prinsipdir.
İndi isə hər bir prinsipin anlayışına və mahiyyətinə ayrı-ayrılıqda nəzər salmağa çalışaq.
Həqiqət prinsipi
“Həqiqət” sözü ərəb sözü olub, doğrudan, həqiqətən olmuş və ya olan şey, hadisə mənasını verir və “düzgünlür”, “kercəklik”, “dürüstlük” kimi də başa düşülür. Həqiqət mövcud reallığın subyektiv dərk edilməsidir.
İnsan əldə etdiyi məlumatı təsdiqləmək, öyrəndiklərinin mahiyyətini, həqiqətini dərk etmək üçün müxtəlif vasitələrlə onun mənbəyinə can atır və ona yaxınlaşdıqca həqiqətin daha dərin qatları açılır. Mənbənin bütünlüklə kəşfi isə Mütləq Həqiqətin dərki deməkdir. Təbii ki, hərtərəfli araşdırma nəticəsində həqiqəti kölgələndirən, məğzindən uzaq salan, təhrif edən, onu görünməz hala gətirən informasiya bolluğu da yaranır.
Həqiqət əksəriyyət tərəfindən qəbul edilən bilik deyil. Dahi müsəlman filosofu İbn Rüşd demişdir: “Həyinsə həqiqilik şərti onun hamı tərəfindən etiraf edilməsi deyil. Axı, hamı tərəfindən etiraf edilmə, hamıya məlum olmaqdan başqa bir şey deyil. Nəyinsə hamı tərəfindən etiraf edilməsindən qətiyyən nəticə çıxmır ki, həmin nə isə öz-özlüyündə həqiqətdir.”
Həqiqət əşya və hadisələrin insan şüurunda adekvat, xarici aləmə tam uyğun və praktikada təsdiq olunan inikasıdır (əks olunmasıdır). Həqiqətin məntiqi yolla üzə çaxarılması idrak deməkdir. İdrak – obyektiv gercəkliyin insan beynində əks etdirilməsi və onun haqqında dürüst bilik almaqdan ibarət fəal ictimai-praktik prosesdir. İnsanlar idrak prosesində əldə edilən həqiqətlər vasitəsilə aləmi dərk edir, onu öz tələbatına uyğun dəyişdirir. Həqiqətin aşkara çıxarılmasına cəhd etmək, bunun üçün araşdırmalar aparmaq, təhlilər etmək, artıq baş vermiş hadisənin içərisinə girmək, özünü hadisənin iştirakçılarının yerinə qoymaq həmin anı bilavasitə yaşamaq, həmin hadisənin iştirakçılarının keçirdiyi hissləri keçirməkdir. Cinayət işləri üzrə araşdırma aparan hakimin daxili inamı məhz bu cür araşdırmaların, təhlillərin nəticəsində formalaşır və yaranır. Xoş niyyətlə başqaları ilə söhbətdən və onların təcrübəsindən əldə edilməsi mümkün olan isə - inamdır.
Bir şey, hadisə, əməl və ya cinayət haqqında çox həqiqətlər ola bilməz. Bu mənada həqiqət birdir, yanlışlıq isə müxtəlifdir. Karl Popper (dahi avstriya və britaniya filosofu) deyirdi ki, elmi bilikdə həqiqəti seçmək mümkün deyil, lakin yalanı daim üzə çıxarmaq və kənarlaşdırmaq yolu ilə həqiqətə yaxınlaşmaq olar.
İtalyan filosofu və şairi Cordano Brunonun fikirinə görə isə : “Həqiqət yolu çətin yoldur, çox az adam bu yolla gedə bilir, amma bu yolun sonuna çatanların qarşısında qeyri-adi mənzərələr açılır. Mən həqiqətə oxşayanı deyil, həqiqətin özünü təsdiq edirəm”
Alman şairi və mütəfəkkiri İohann Volfqanq Höte isə deyirdi: “Səhfi tapmaq həqiqəti tapmaqdan qat-qat asandır. Çünki səhv lap üzdə olur və onu dərhal sezə bilirsən, həqiqət isə həmişə dərindədir və onu tapmaq hər adamın hünəri deyil.”
Fransız yazıçısı Jorj Sand: “ Həqiqət həmişə sadədir, di gəl ki ona doğru bir çox ağır maneələrdən keçib-getmək lazım gəlir.”
Fransız filosofu və yazıçısı Mari Fransua Arue Volter: “Həqiqəti üzə çıxarmaq üçün həm müsbət, həm də mənfi rəy və münasibətləri nəzərə almalıyıq.”
Filosov və mütəfəkirlərin qeyd etdiyi kimi həqiqətə çatmağın bir yolu da səhvləri tapmaq, ziddiyyətləri aşkara çıxarmaq, anlaşılmazlıqları müəyyən etmək və hadisənin, əməlin üzərindən bu yalan pərdəsini qaldırdıqdan sonra əsl həqiqətə çatmaq yoludur.
Həqiqətin ən böyük dostu zaman, ən böyük düşməni tərəfkeşlik, ən sadiq yoldaşı isə təvazökarlıqdır. Buradan da göründüyü kimi, hakimin özündə icraatında olan konkret iş üzrə həqiqətə çatmaq istəyi olmalıdır. Hər hansı səbəbdən araşdırmada birüzə verilən tərəfkeşlik əsl həqiqətin meydana çıxarılmasına böyük zərbə vurur.
Azərbaycan Respublkası Konstitusiyasının (bundan sonra Konstitusiya) 125-ci maddəsinin VII hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.
Göründüyü kimi, Konstitusiya həqiqətin müəyyən edilməsi vəzifəsini məhkəmə icraatının üzərinə qoymuşdur. Məhkəmə icraatı hakim tərəfindən təmin edildiyindən, bu vəzifə hakimlərin üzərinə qoyulmuş bir vəzifədir. Yəni məhkəmə icraatı zamanı hakim həqiqətin müəyyən edilməsinə nail olmalıdır. Həqiqətin müəyyən edilməsi, əsl həqiqətin nədən ibarət olması sübutlar vasitəsi ilə müəyyən olunur. Cinayət işinə baxan hakim icraatında olan cinayət işi üzrə baş vermiş hadisənin cinayət olub-olmamasını, törədilmiş əməldə cinayətin əlamətlərinin olub olmamasını, bu əməlin təqsirləndirilən şəxs tərəfindən törədilib-törədilməməsini, onun təqsirli olub-olmamasını müəyyən etməlidir.
Məhkəmə araşdırması nəticəsində həqiqətə nail olunması şəxsin əməlinin düzgün tövsif edilməsinə zəmin yaradır. Şəxsin əməlinin düzgün tövsif edilməməsi təqsiri olmayan şəxsin əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına, təqsirli şəxsin isə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına səbəb olur. Hər iki halda həqiqətin müəyyən edilməsi və ədalətli cəza prinsiplərinin tələbləri kobud şəkildə pozulur.
Məhkəmə icraatı və məhkəmə araşdırmasının həqiqətin müəyyən edilməsinə yönəldilməsinin yolu sübutların toplanmasından, toplanmış sübutların mümkünlüyündən, yoxlanılmasından və qiymətləndirilməsindən keçir. Zənnimizcə, həqiqətin müəyyən edilməsində ən çətin mərhələ sübutların qiymətləndirilməsi mərhələsindir. Cinayət işi üzrə sübutların yoxlanılması və qiymətləndirilməsi mərhələləri bir-birinə çox yaxın mərhələlərdir və əksər hallarda bir-birinə qovuşur. Yəni hər iki mərhələdə toplanmış sübutların keyfiyyətinə, sübutlar və onların mənbəyinin mötəbərliyinə qiymət verilir.
CPM-in 145.2-ci maddəsi sübutların qiymətləndirilməsinə çox gözəl tərif verərək göstərmişdir ki, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir.
Buradan da göründüyü kimi, CPM-in 145.2-ci maddəsində hakimin 2 fərdi keyfiyyəti xüsusilə vurğulanmışdır: 1. Vicdanın rəhbər tutulması; 2. Hakimin öz daxili inamını rəhbər tutması. Bu iki keyfiyyət hər bir şəxsdə fərdi və fərqlidir.
Əxlaqı tərbiyə edən ən nadir kitab – vicdandır. Onunla tez-tez məsləhətləşmək lazımdır. (Böyük Fransız filosofu Paskal). Hakim də sübutları qiymətləndirərkən vicdanı ilə məsləhətləşməli və bütün kənar təsir və təzyiqlərdən azad şəkildə vicdanının səsini eşidərək və tərəddüdsüz daxili inamı ilə həqiqətin aşkara çıxarılmasına nail olmalıdır.
Fransız yazıçısı Emil Zolyanın sözlərinə görə “Ədalət ancaq həqiqətdən, səadət isə ancaq ədalətdən doğur.”
Ədalət prinsipi
“Ədalət” sözü ərəb sözü olub, haqq, düzgünlük, insaf, mürüvvət, qərəzsizlik, bərabərlik, vicdan prinsiplərinə riayət edilməsi mənasını verir. Nizamlı və tərtibli davranma, hər şeyə və hər kəsə layiq olduğunu vermək, haqsızlıqdan uzaqlaşaraq orta yolu tutma, hər şeyi yerli-yerində istifadə etmə mənasında işlədilən “ədalət” məfhumu tarixən demək olar ki, hər millətin böyük dəyər verdiyi mühüm bir prinsip olmuşdur. Ədalət hər kəslə eyni davranmaq deyil, hər kəsə və hər şeyə layiq olduğunu verməkdir.
Ədalət şəxsiyyətdə vüqar və həmsöhbətində hörmət yaradır. Ədalət xalqın qidasıdır, insan ona daim möhtacdır. Sözünə və qərarlarına hörmət edilən şəxslərin ortaq xüsusiyyətlərindən biri də şübhəsiz ki, ədalətli olmalarıdır. Ədalətin yox olması qətiyyət və nüfuzun zəifləməsi deməkdir. Ədalət şəxsiyyətimizə elə bir müsbət dəyər qazandırar ki, bu dəyər sayəsində ətrafımıza güvən və fərəh verən bir xarakterə qovuşuruq. Söz və davranışların təsirli olmasında, hakimiyyətin təməlində, güvən verən bir şəxsiyyətin nümayiş etdirilməsində ədalət ən mühüm amildir. Ədalət elə bir şeydir ki, bütün kamal sifətlərini özündə ehtiva edir.
Fəzilətin ən üstünü, kamalın ən son həddi məhz ədalətdir. Ədalət varsa, deməli, bütün fəzilətlər də vardır. Ədalətin əksi zülmdür, zülm də bütün qəbahətləri özündə toplayır. Ədalət elə bir xüsusiyyət, elə bir keyfiyyətdir ki, onun sayəsində bütün işlər normal həddə tənzimlənir, insanın nəfsindəki müxtəlif qüvvələr arasında uyğunluq yaranır, qüvvələrdən biri digərinə qarşı çıxmır. Platon demişdir ki, insan üçün ədalət xüsusiyyəti hasil olduqda o, nuraniləşir, bədənin bütün üzvləri bir-birindən sanki nur kəsb edir. Qəlbinin gözü açılır və ondan yaradılışda tələb olunan şeyi ən gözəl şəkildə həyata keçirməyə başlayır.
Ədalətin əsas fəziləti və özəlliyi ondadır ki, o, müxtəlif işlər arasında heç bir fərq qoymur, müxtəlifliyi, mübahisəni, ayrıseçkiliyi yatırır. Ədalətin işi odur ki, hər şeyi ifrat və onun əks tərəfindən qaytarıb orta həddə saxlasın. Ədalətli şəxs odur ki, iki tərəfdən birinə meyl göstərməyib tam obyektiv və qərəzsiz olsun. Hamıya eyni gözlə baxıb normadan ifrata varmasın, yaxud normadan geri də qalmasın. Bunun üçün də hər şeyin normal həddini, eləcə də onun ifrat və qarşı tərəflərini tanımaq lazımdır.
Ölçünü dəqiq ölçmək üçün tərəzidən istifadə edildiyi kimi, ədalətin də bir tərəzisi olmalıdır.
Ədalət haqqında qeyd etdiklərimizdən belə məlum olur ki, hər insanın kamal və səadətin son həddinə çatması onun ədalətli olmasına bağlıdır. Ədalət də bütün işlərdə, əməllərdə, hərəkətlədə orta yolu tutmaqdan ibarətdir. Elə bir yol seçilmədir ki, nə ifrata varasan, nə də geriyə qalasan. İnsan ilk növbədə elmlə əməli birləşdirib onların arasında yol getməklə ədalətə çata bilər.
Ədalət prinsipinin tələbinə uyğun olaraq ağıl qüvvəsi digər qüvvələrə hakim kəsilməli, bütün qüvvələri öz hakimiyyəti altında birləşdirməlidir. Özünü islah etməyib ədalət sifətinə yiyələnməyən insan başqalarını da islah edə bilməz. Başqalarını islah etməzdən öncə ilk növbədə insan özünü islah etməlidir. Ədalətli, adil insan o şəxsdir ki, özü ilə neçə rəftar edilməsini istəyirsə, insanlarla da o cür rəftar etsin. Ədalətin son zirvəsi insanın özü ilə ədalətli rəftar etməsidir. Əks təqdirdə onun kimisə islah etməyə mənəvi haqqı çatmır. Axı özü ilə bacarmayan şəxs başqaları ilə necə bacara bilər?! Belə bir insanın başqalarını mühakimə etmək səlahiyyəti yoxdur. Təsadüfi deyil ki, ədalətin növləri arasında ən şərafətlisi, ən üstünü hakimin ədalətli olmasıdır. Hətta digər ədalətlər də onun ədalətindən asılıdır. Yox əgər hakim ədalətli yox, zalım olarsa (ədalətli hakimin əksi zalım hakimdir, ədalətin əksi zalımlıqdır, zülmdür), bu zaman başqaları da ədaləti icra edə bilməzlər. Çünki hakim özü ədalətə qarşı çıxdığı təqirdə hər işi ədalətlə icra etmək istəyənlərin də qarşısı alınacaqdır, hər kəs ədalətsizliyə tuş gələcəkdir. Fransız filosofu və ictimai-siyasi xadimi Şarl Lui Monteskyo qeyd edirdi ki, bir insan barəsində yol verilən ədalətsizlik hamı üçün hədədir. Bir sözlə, kamala, səadətə çatmağın, elm, mərifət əldə etməyin, qanunların düzgün və ədalətlə icra edilməsinin açarı hakimin ədalətli olmasındadır.
Konstitusiyanın 60-cı maddəsinin II hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın.
Göründüyü kimi, Konstitusiyanın qeyd edilən maddəsində işlərə qərəzsiz yanaşılmasından söhbət açılır ki, məhz bu müddəa da işlərə ədalətlə baxılmalı olmasına dəlalət edir. Bu hüquq (işlərə qərəzsiz yanaşma və ya başqa mənada işlərə ədalətlə baxılması) Konstitusiyada əsas insan və vətəndaş hüququ kimi nəzərdə tutulmuşdur ki, bu da ali qanunun işlərə qərəzsiz və ədalətlə baxılmasına hansı səviyyədə önəm verməsinin bariz göstəricisidir.
Konstitusiyanın 125-ci maddəsinin I hissəsinə əsasən Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirir.
Konstitusiyanın 127-ci maddəsinin II hissəsində isə göstərilmişdir ki, hakimlər işlərə qərəzsiz, ədalətlə, tələflərin huquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar.
Konstitusiyanın 129-cu maddəsinin III hissisinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.
İşlərə qərəzsiz, ədalətlə, tələflərin huquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması ədalət mühakiməsinin əsas kriteriyalarıdır və məhz bütün bu şərtlərə əməl edildiyi təqdirdə ədalət mühakiməsindən danışmaq, məhkəmə hakimiyyətinin ədalət mühakiməsi yolu həyata keçirilməsi qənaətini formalaşdırmaq və nəticədə ədalətli məhkəmə qərarının mövcudluğu inamına gəlmək mümkündür.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 8-ci maddəsinə (Ədalət prinsipi) əsasən 8.1.Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 8.2.Heç kəs eyni bir cinayətə görə iki dəfə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
CM-in 58.3-cü maddəsində isə göstərilmişdir ki, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.
Göründüyü kimi, CM-in 8.1-ci maddəsi ilə CM-in 58.3-cü maddəsi məzmun etibarı ilə çox yaxındır və sanki CM-in 58.3-cü maddəsi CM-in 8.1-ci maddəsinin, ədalət prinsipinin davamı və həmin maddənin bir qədər genişləndirilmiş variantıdır.
Cinayət hüququnda ədalət prinsipinin tətbiqi əsasları təhlil edilərkən belə qənaətə gəlmək mümkündür ki, cinayət işləri üzrə ədalət prinsipi cinayət törətmiş şəxslərə münasibətdə və cəza təyin edilərkən nəzərə alınır və tətbiq edilir. Ümumilikdə götürdükdə, coxmənalı anlayış olan “ədalət” prinsipi cəmiyyətin bütün həyatında əməl edilməsi zəruri olan bir prinsip olmasına baxmayaraq, hüququn bütün sahələrində, eləcə də hüquq yaratma prosesində (Normativ hüquqi aktlar hüquqa və haqq və ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır.) (Konstitusiyanın 149-cu maddəsinin I hissəsi) nəzərə alınır və əməl edilir.
Ədalət prinsipinin tələblərinə əməl edən hakimin cinayət törətmiş şəxsə təyin etdiyi cəza 1) cinayətin xarakterinə; 2) cinayətin ictimai təhlükəlilik dərəcəsinə; 3)cinayətin törədilməsi hallarına; 4) cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olduqda ədalətli hesab edilir. Yəni hakim qeyd edilən 4 şərtə əmək etdiyi təqdirdə onun qəbul etdiyi hökm (qərar) ədalətli olacaqdır. Ədalət hər bir təqsirləndirilən şəxsə və hər bir cinayət əməlinə münasibətdə cəzanın (cinayət hüquqi xarakterli tədbirlərin) fərdiləşdirilməsini tələb edir.
CM-in 58.3-cü maddəsinə əsasən isə cinayət törətmiş şəxsə cəza təyin edilərkən əlavə olaraq şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar, eləcə də təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəhaitinə təsiri də nəzərə alınmalıdır.
Burada təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları şəxsin şəxsiyyətini müəyyən edən hallar kimi qiymətləndirmək mümkündür. Məhkəmə təcrübəsində də əksər hallarda məhz şəxsin cəzasını yüngülləşdirən və ağırlaşdıran halları təhlil edərək şəxsin şəxsiyyəti haqqında müəyyən fikrə gəlmək, həmin şəxsin müsbət və ya mənfi keyfiyyətlərinin ustünlük təşkil etməsi, həmin şəxsin asan və ya çətin islah olunan olub-olmaması, cəmiyyətin həmin şəxsdən, onun ictimai-təhlükəli əməllərindən qorunmasına zərurətin olub-olmaması, əgər cəmiyyətin bu təhlükəli şəxsdən qorunmasına zərurət mütləqdirsə, bu qorunmanın müddətinin müəyyən edilməsi üçün şəxsin şəxsiyyəti haqqında obyektiv məlumatların toplanması nəticəsində müəyyən qənaətə gəlmək mümkün olur.
Hakim cəzanın istər növünü, istərsə də həddini seçərkən cox ehtiyatlı olmalı, bu zaman cəzanın fərdiləşdirilməsi prinsipinin tələblərinə əməl etməli, mövcud məhkəmə təcrübəsinin nəticələrini nəzərə almalı, ədalətli balans və tarazlığa nail olmalıdır. Nəzərə almaq lazımdır ki, heç bir zaman təyin olunmuş cəza şəxsin təqsirindən (günahından) artıq olmamalıdır. Cəza təyin edilərkən təqsirli şəxsin şəxsiyyəti, şəxsi keyfiyyətləri də nəzərə alınmalıdır. Ola bilər ki, azacıq danlaq kiməsə ağır cəza olsun. Həmçinin ola bilər ki, ən ağır cəza, uzun müddətli həbs də, cinayət törətmiş şəxsin islah olunmasına, onun törətmiş olduğu cinayətin ağırlığını dərk edərək peşman olmasına, düzgün yola qayıtmasına kifayət etməsin. Belə olan halda hər kəsin cəzasının düzgün müəyyən edilməsi hakimin vəzifəsidir.
CM-in 8.2-ci maddəsində ədalət prinsipinin bir şərti də nəzərdə tutulmuşdur ki, bu prinsip də Konstitusiyanın 64-cü maddəsinin tələbindən irəli gəlir. Həmin maddədə heç kəsin eyni bir cinayətə görə təkrarən (iki dəfə) cinayət məsuliyyətinə cəlb oluna və məhkum edilə bilməməsinin imperativliyi ifadə edilmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin Presedent hüququna əsasən isə şəxs eyni əmələ görə həm inzibati, həm də cinayət məsuliyyətinə cəlb edilə bilməz.
İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 7 saylı Protokolunun 4-cü maddəsində göstərilir:
1. Heç kəs hər hansı dövlətin qanunlarına və ya cinayət-prosessual normalarına müvafiq olaraq, artıq bəraət aldığı və ya məhkum edildiyi cinayətlərə görə, həmin dövlətin yurisdiksiyası çərçivəsində cinayət qaydasında təkrar məhkum edilə və ya cəzalandırıla bilməz.
2. Bundan əvvəlki bəndin müddəaları, əgər yeni və ya təzədən ortaya çıxmış hallar barəsində məlumatlar varsa və ya əgər əvvəlki araşdırma zamanı işin nəticəsinə təsir göstərən əsaslı pozuntulara yol verilibsə, müvafiq dövlətin qanunlarına və cinayət-prosessual normalarına uyğun olaraq, işə təkrar baxılmasına mane olmur.
3. Konvensiyanın 15-ci maddəsinin müddəalarına müvafiq olaraq, bu maddənin müddəalarından kənara çıxmağa yol verilmir.
Avropa Məhkəməsi xatırladır ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsinin müddəaları yalnız iki dəfə cəzalandırmanı qadağan etmir, onlar həm də iki dəfə məhkəmə məsuliyyətinə cəlb olunmanın, təkrar mühakimənin yolverilməzliyini nəzərdə tutur Əgər bu belə olmasaydı “cəzalandırıla” sözünün “məhkum edilə” ifadəsinə əlavə olunmasına zərurət qalmazdı, çünki bu adi təkrarçılıq kimi görsənərdi. Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi hətta şəxs cinayət məsuliyyətinə cəlb olunduğu, lakin iş üzrə ittiham hökmü çıxarılmadığı hallarda da tətbiq olunur. Avropa Məhkəməsi vurğulayıb ki, Konvensiyaya dair 7 saylı Protokolun 4-cü maddəsi üç biri digərindən fərqlənən (non bis in idem (heç kəs eyni bir cinayətə görə təkrar məhkum edilə bilməz) prinsipi) təminatları nəzərdə tutub ki, onlardan birinə əsasən - heç kəs eyni bir cinayətə görə təkrarən mühakiməyə cəlb edilə bilməz, ikncisinə görə-təkrarən məhkum edilə bilməz və nəhayət üçüncüsünə görə-təkrərən cəzalandırıla bilməz (bax: “Frans Fişer Avstriyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, paraqraf 29; “Ziqarella İtaliyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin 3 dekabr 2002-ci il ratixli qərarı, “Nikitin Rusiyaya qarşı” iş üzrə Avropa Məhkəməsinin qərarı, 50178/99 nömrəli ərizə, paraqraf 36).
Konstitusiyanın 64-cü maddəsinə əsasən də heç kəs bir cinayətə görə təkrarən məhkum edilə bilməz. Konstitusiyamızda bu hüquq əsas insan hüququ kimi nəzərdə tutulmuşdur.
CM-in 8.2-ci maddəsi şəxsin təkrar və ya eyni əmələ görə ikinci dəfə məhkum edilə bilməməsi tələbini, bu konstitusion prinsipi də ədalət prinsipinin çərçivəsinə salmışdır.
Burada da böyük bir məntiq var. Belə ki, şəxs bir əmələ görə yalnız bir dəfə cəzalandırıla bilər. Şəxsin bir (eyni) əmələ görə iki dəfə və ya daha çox dəfə cəzalandırılmasından daha böyük bir ədalətsizlik ola bilməz.
Mövcud məhkəmə təcrübəsində istər Konstitusiyanın 64-cü maddəsi, istərsə də CM-in 8.2-ci maddəsi tətbiq edilərkən Avropa Məhkəməsinin Presedent hüququndan geniş istifadə edilməsi səmərəli nəticələr verə bilər.
Yekunda bir məsələyə də xüsusi diqqət yetirilməsi zəruridir ki, bizlər hakim olaraq gündəlik fəaliyyətimizdə coxsaylı işlərə baxır, coxsaylı hökm və qərarlar qəbul edirik. Lakin hər bir hakim hər bir iş üzrə özünə hesabat verməli, işlərə baxarkən və müxtəlif qərarlar qəbul edərkən hər bir iş üzrə insan talelərini həll etdiyini, bu zaman kiçik bir səhvin böyük faciələrə, qanunsuzluqlara və ədalətsizliklərə səbəb ola biləcəyini düşünməli, heç bir işi kiçik, əhəmiyyətsiz hesab etməməli, hər bir iş üzrə həqiqətə nail olmaq üçün bütün qüvvəsini ortaya qoymalı və heç vaxt ədalət tərəzisinin bir qolunun əyilməsinə yol verməməli, bu işi vicdan və şərəf işi hesab etməlidir. Qanunun tələblərindən çıxış edərək həqiqət və ədalət prinsiplərinin tələblərinə riayət edərək, qanunu və vicdanımızı rəhbər tutaraq, daxili inamımıza görə mövcud sübutları qiymətləndirdiyimiz halda və qəbul etdiyimiz qərarlar qanuna və sübutlara əsaslandığı təqdirdə məhkəmə hakimiyyətinin və ədalət mühakiməsinin nüfuzunun yüksəldilməsinə öz töhfəmizi vermiş olacağıq.
Teyyub Muxtarov
Gəncə Apelyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri